"Bu işə məsul məmur ya kreslo ilə vidalaşmalı, ya da..."

img

27-10-2019 [18:19]


Saleh Məmmədov,
İqtisad elmləri doktoru, professor

Xüsusi olaraq Mia.az üçün

***

Dünya Bankı dünən Doing business-2020  hesabatını dərc edib. 

Son illərdə bu sahədəki reytinq Azərbaycanın imicini nisbi qaldıran və ən çox uğur əldə olunan sahədir. 2015-cı ildən etibarən yaxşılaşma meyli görsənir.  

Əvvəlki illərdən fərqli olaraq  reyting cədvəlində Azərbaycan hesabat ilində   nisbətən xeyli  yüksək yerdə qərarlaşmış və keçən il ərzində xeyli proqressə nail olmuşdur. Əgər 2018-ci  il ərzində Azərbaycan Respublikası biznesin asanlaşdırılması indeksi üzrə 190 ölkə içərisində 58-ci yeri tuturdusa, 2019-cu  iləvəziyyəti xeyli yaxşılaşdıraraq 25-ci yerə çıxıb, yəni 33 pillə irəlidə qərarlaşıb. 

Bununla hətta inkişaf etmiş ölkələr səviyyəsində yer alıb. 2015-ci illə müqayisədə isə 65 pillə irəliləmişdir.  Lakin növbəti ilə hazırlıq üzrə - Doing business -2020 hesabatında Azərbaycanın 190 ölkə arasında tutduğu yer yenidən 34-cü yerə geriləmişdir. 

Cədvəl -1-in məlumatlarına  diqqət yetirək:


Əslində bu indeksə görə yer üzrə geriləməsinə baxmayaraq , ümumi indeksləşdirmədəbu ildə də  mütləq geriləmə olmamışdır. Əksəriyyət mövqelər üzrə yaxşılaşma meyli müşahidə olunub. Hətta Dünya Bankı  bu ildə Azərbaycanı bu sahədə ən 20  islahatçı ölkələr sırasına daxil edib (https://www.doingbusiness.org/en/reforms/top-20-reformers-in-db2020).

İndeks üzrə reytinqdə geriləmə iki səbəbdən meydana gəlib (Bax: Cədvəl 2).


1. Məsələ burasındadır ki, dünya ölkələrində islahatlar fasiləsiz və davamlı olaraq həyata keçirilir. Başqa cür ciddi və amansız rəqabətdə ölkələr öz yerini saxlaya bilməz. Ümumi indeks artımında  Azərbaycan 3,1% artıma nail olmuşdursa, digər ölkələr 5-10% irəliləməyə nail olmuşdular. 

Yaxşılaşmada sürət hesabına həmin ölkələr daha irəli mövqeyə çıxmış və Azərbaycanın yeri 9 pillə  geriləmişdir. Biz islahatların və ümumiyyətlə, beynəlxalq yarışmaların fəlsəfəsini dərk etməliyik: Cəmiyyətdə öz mövqelərimizi qoruyub saxlamaq üçün daimi qaçmalıyıq, başqalarını ötüb keçmək istəyiriksə, daha sürətlə qaçmalıyıq. 2014-2015-ci ildə regional böhrandan çıxma proqramını hazırlayarkən mən bu prinsipləri əsas götürmüşdüm,  proqramı  ifadə edən Prezident fərmanının layihəsində qısa zaman ərzində ölkənin bu reytinqinin dünya miqyasında birinci yerə çıxarılmasını nəzərdə tutmuşdum. Buna nail olmaq çətin iş  deyil, bunun üçün yalnız siyasi iradə (bu da var) və ciddi tapşırıq lazımdır. 

O vaxt yazdığımı yenə də təkrar demək istəyirəm:

 Bu işə məsul məmur ya öz sahəsi üzrə ölkəni birinci yerə çıxartmalıdı, ya sadəcə kreslosu ilə vidalaşmalıdı. İnvestorların hüquqlarının qorunması, xarici ticarətin təşkili, elektrikə qoşulma, tikintiyə icazə alınması kimi maddələr üzrə vəziyyət dözülməz dərəcədə ağır olaraq qalır.  Bütün bu tapşırıqlar və icra mexanizmi prezident fərmanı ilə rəsmiləşdirilsə,  mütləq bu tapşırığa əməl edəcəklər. Məmur kreslosu bizdə çox "dəyərlidi”, Tapşırığa əməl olunması isə böyük səmərə verəcək: Data sayəntistlərin hesablamalarına görə reytinq cədvəlində hər pillə irəliləmək 0,1% iqtisadi artım verə bilir.  

2. İkinci bir səbəb kiçik investorların hüquqlarının qorunması sahəsində ölkənin 190 ölkə içərisində tutduğu yeri keçən ilki 2-ci yerdən 105-ci yerə atmasıdı. Keçən il 2-ci yeri müəyyən edəndə də qeyd etmişdim ki, bu səviyyə mümkün deyil, çünki, Prezident də dəfələrlə bu məsələyə toxunmuşdu, investorların hüququnun qorunması məsələsi çox aşağı səviyyədədi. Məsələ burasındadır ki, səhm sahibi olmaq, səhmdarlıq etmək, dividend almaq qeyri-adi söhbətdi, əhalinin 90%-i heç bilmir ki, bunlar nədir, səhmə görə divident almaq olar və s. 

DB sadəcə Big datanı toplayır və Data sayəns vasitəsilə maşın işləyir və nəticəni çıxarır. O səhv bu il aradan qaldırılmış və real yerinin müəyyən edilməsi ölkənin reytinq cədvəlində geri getməsinə səbəb olmuşdur. Eyni şişirtmə kredit alınmasına görə bu il Azərbaycanı birinci yerə çıxarmasıdı. Əlbəttə, kredit alınmasına görə ölkədə xeyli yaxşılaşma əldə olunmuşdu, amma bu birinci yerə çıxmağa tam əsas vermir. Çünki, bir sıra digər ölkələrdə bu iş bizdən xeyli yaxşı qurulmuşdur, biz də çalışmalıyıq ki, onlar kimi bu sistemi quraq.
 
Mənə elə gəlir ki, islahatların bu istiqamətlərinin dərhal həyata keçirilməsi daha vacibdir, çünki, bu tədbirlər heç bir əlavə məsrəf və investisiya tələb etmir, amma səmərəsi çox böyükdür. 

Mia.az




Digər xəbərlər
SON XƏBƏRLƏR