Ərəb Liqası Suriya müxalifətini dəstəkləyən qərar verdi

img

02-09-2013 [15:10]


Avropa ölkələri bir-birinin ardınca Suriyaya hücum planından imtina etdiyi ərəfədə, bir vaxtlar Suriyanın da daxil olduğu Ərəb Liqası hücumu dəstəkləyir. Liqanın xarici işlər nazirləri Suriya məsələsini müzakirə etmək üçün Misirin paytaxtı Qahirədə bir araya gəlib.

Görüşün yekunu olaraq quruma üzv dövlətlər beynəlxalq ictimaiyyəti Suriya hökumətinə qarşı ölçü götürməyə çağırıb. Səudiyyə Ərəbistanının xarici işlər naziri Saud əl-Feysal ərəb ölkələrini Suriya müxalifətini dəstəkləməyə səsləyib. İordaniya isə Suriyaya müdaxilədə öz ərazisindən və hava məkanından istifadəyə qəti şəkildə razı olmayıb.

Ərəb Liqasının Suriya məsələsi ilə bağlı toplantısında qəbul olunmuş qətnamənin yekun variantında Bəşər Əsəd hökuməti kimyəvi hücumlara görə məsuliyyət daşıyan tərəf kimi göstərilib, eləcə də, bu cinayətləri törədənlərə qarşı vacib və preventiv addımların atılması kimi çağırışlar yer alıb.

Ərəb Liqasının baş katibi Nabil əl-Ərəbi: "Bir daha qeyd etmək istəyirəm ki, Ərəb Liqası Suriya xalqının azadlıq, demokratiya, milli ləyaqət, sosial ədalətlə bağlı meyllərini dəstəkləyir. Həmçinin Ərəb Liqası Cenevrə bəyannaməsinə uyğun olaraq Suriyada hakimiyyətin dinc yolla keçidi yolu ilə böhrana son qoymaq məqsədi daşıyan səylərini əvvəlki kimi davam etdirir”.

İclasda iştirak edən Suriya müxalifət lideri Əhməd əl Carba isə Suriya hakimiyyətini "Qətl maşını” kimi təsvir edərək, liqa dövlətlərini Qərbin Suriyaya hərbi hücum planına dəstək olmağa səsləyib.

BMT isə kimyəvi ekspert qrupuna Suriyadan götürülmüş nümunələrin araşdırılmasını surətləndirməyi tapşırıb. Bu barədə BMT baş katibi Ban Ki Munun sözçüsü Martin Nesirski bəyanat verib: "Kimyəvi silahlardan istifadə heç bir halda qəbul olunmayacaq, bu məsələdə cəzasızlıqdan söz belə gedə bilməz və insanlığa qarşı belə dəhşətli cinayəti törədənlər mütləq məsuliyyətə cəlb olunmalıdır”. Onun sözlərinə görə, baş katib dəqiq araşdırma nəticələri üçün lazım olan vaxtdan tez sınaqları yekunlaşdırmamağı tövsiyyə edib.

 Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ötən həftədən Suriya ərazisinə yollanaraq burada zaren qazından istifadəyə dair yoxlamalara başlayıblar. Nümayəndələr paytaxt Dəməşqin bir neçə bölgəsində olaraq burada kimyəvi silahdan istifadə edilib-edilməməyini araşdırır.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA