Bakıda son illərin ən səs-küylü kitabının təqdimatı oldu

img

30-09-2019 [17:23]


Bakıda təşkil olunan VI Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış filosof, mərhum Həsən Quliyevin "Arxetipik azərilər: mentalitetin simaları" (rus dilində) kitabının yeni nəşrinin təqdimatı keçirilib. 

Mia.az xəbər verir ki, kitabı "Altun kitab" nəşriyyatı dərc edib. 

Təqdimat mərasimini giriş sözü ilə açan nəşriyyatın direktoru Rafiq İsmayılov deyib ki, bu kitabı ilk dəfə uzun illər əvvəl məhz "Altun kitab" tərəfindən nəşr olunub və maraqla qarşılanıb, geniş əks-səda doğurub: "Rus dilində yazılan və Qorxmaz Quliyevin yüksək səviyyəli tərcüməsində Azərbaycan dilində işıq üzü görən bu əsərə son vaxtlar  marağın yenidən artdığını və oxucuların onu əldə etməyə çətinlik çəkdiyini gördükdən sonra yenidən nəşrini məqsədəuyğun saydıq. Təəssüf ki, Həsən müəllimin kitabda qaldırdığı problemlər öz aktuallığını qoruyur, ancaq eyni zamanda cəmiyyətimizin zəif yerlərini bizə göstərməklə toplumun sağlamlaşdırılması üçün yol göstərir".  

Filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev kitabın bir çox məziyyətlərindən danışıb. 40 ilə yaxın dostluq etdiyi H.Quliyevin sözügedən əsərdə cəmiyyətdəki çatışmazlıqları olduqca aydın, səlis dildə ifadə etdiyini və arqumentləşdirdiyini deyən alim, bu səbəbdən də onun dəyərini yüksək qiymətləndirib: "Kitabda kifayət qədər kəskin problemlər qoyulsa da, onun qıcıqla, daş-qalaqla qarşılanmamasının əsas səbəbi də mənə elə gəlir ki, Həsən müəllimin toplumdakı hər bir çatışmazlığa elə bu aydın, səlis elmi yanaşmasından irəli gəlirdi. Mən də məmnunam ki, bu əsərə ehtiyac hiss edənlərin sayı artır, deməli, cəmiyyətimizdə onun inkişafına mane olan əngəlləri görənlərin, bu əngəlləri aradan qaldırmağın zəruriliyini anlayanların da sayı artır". 

"Arxetipik azərilər: mentalitetin simaları" kitabının yeni nəşrinə ön söz yazmış "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, təhsil eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev çıxışlarında H.Quliyevin bir alim kimi səmərəli fəlaiyyətindən danışıb, təqdim olunan kitabın cəmiyyətin mənəvi cəhətdən inkişafında əhəmiyyətindən danışıblar. Bildirilib ki, müəllifin azərbaycanlıların mental xüsusiyyətlərinə dərindən bələdçiliyi, bununla bağlı müşahidələri və qənaətləri öz dəqiqliyi ilə heyrət doğurur. 
Xatırladaq ki, fəlsəfə elmləri doktoru, professor H.Quliyev 1941-ci ilin avqustun 1-də Tovuz rayonunda anadan olub. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetin fizika fakültəsində təhsil alıb, 1967-1970-ci illərdə Moskva Fəlsəfə İnstitutunun aspiranturasında oxuyub. 1971-ci ildə Moskvada "Atomizm ideyalarının idrakı funksiyası" adlı namizədlik, 1987-ci ildə isə "Yeni biliyin verballaşmasının fəlsəfi problemləri" mövzusunda doktorluq dissertasiyasiyasını müdafiə edib. 1971-ci ildən Fəlsəfə və Hüquq İnstitutunda işləməyə başlayıb. 1973-cü ildən şöbə müdiri olub.

1979-1982-ci illərdə Ukraynanın Rovno şəhərindəki Su Təsərufatı İnstitutunda dosent vəzifəsində çalışdıqdans onra yenidən Fəlsəfə və Hüquq İnstitutunda işləyib. 1987-ci ildə çap etdirdiyi "Metafora və elmi idrak" əsərində yeni elmi biliyin mahiyyəti haqqında xüsusilə müasir elmşünaslıqda mərkəzi yer tutan məsələlər nəzərdən keçirilib. 1992-1993-cü illərdə Prezident Aparatında analitik xidmətin rəhbəri olub. Ömrünün son 15 ilində "Turan" İnformasiya Agentliyinin analitik xidmətinə rəhbərlik edib.

1999-cu ildə işıq üzü görən "Qorqud nəslinin arxetipləri" əsərində ilk dəfə olaraq Azərbaycan xalqının mentalitetinin arxetepik komponentləri tədqiq olunub. Əsərin maraqla qarşılandığını nəzərə alan müəllif, onun üzərində yenidən işləyib, genişləndirib və "Arxetipik azərilər: mentalitetin simaları"nı ərsəyə gətirib. 
Ümumiyyətlə isə görkəmli alimin 70-dən artıq məqaləsi fəlsəfə tarixinə, elmin, mədəniyyətin metodologiyasına, o cümlədən Azərbaycan xalqının mentalitetinə həsr olunub. 
Həsən müəllim 2008-ci il fevralın 24-də dünyasını dəyişib. 

İlk dəfə işıq üzü görəndən bəri səs-küylə qarşılanan, böyük marağa, müzakirələrə səbəb olan "Arxetipik azərilər: mentalitetin simaları" kitabını "Login" mağazalar şəbəkəsindən (login.az) əldə etmək olar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR