Mehman Əliyev: "Qərb budəfəki prezident seçkilərində Azərbaycan xalqının tərəfində olacaq"

img

28-07-2013 [21:21]


Qarşıdan gələn prezident seçkiləri həm ölkə daxilindəki qüvvələri, həm də beynəlxalq aləmin diqqətini Azərbaycana yönəldib. Son bir ay ərzində həm ABŞ-da, həm də Avropanın müxtəlif ölkələrində Azər-baycandakı seçkilər müzakirə olunub. Üstəlik, Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfərə hazır-laşması yaxın perspektivdə Azərbaycanda ciddi proseslərin başlayacağından xəbər verir."Turan" İnformasiya Agentliyinin baş direktoru, tanınmış politoloq Mehman Əliyev də seçki ərəfəsində ölkəmizdə ciddi aktivliyin olacağını proqnozlaşdırır:

- Hazırda ictimai-siyasi arenada seçkilərə hazırlıq gedir. Belə demək mümkündürsə, idmançılar meydana çıxmamışdan öncə necə yüngül atletik hərəkətlər edirsə, siyasi qüvvələr də o cür seçkilərə hazırlaşır.
Hələki daxili proseslər gedir. Bəzi qlobal müstəvilərdə də məsələlər üzə çıxır. Ancaq bütövlükdə hər bir qüvvə öz meydanında seçkiyə hazırlaşır, strukturlaşma prosesi gedir, daxili qüvvələr səfərbər edilib. Yə-ni, hazırda ictimai-siyasi arenada seçkiqabağı hazırlıq mərhələsidir.


- Siyasi qüvvələr seçkiyə hazırlaşsa da, cəmiyyətdə seçki əhval-ruhiyyəsi yoxdur. Sizcə, bu nə ilə bağlıdır?
- Əslində, həmişə belə olub. Çünki hələlik seçki kampaniyası başlamayıb. Seçki kampaniyası başlayandan sonra cəmiyyətin marağı da, aktivliyi də hiss olunacaq. İndi insanların aktivlik göstərəcəyi bir mühit yoxdur, ancaq seçki kampaniyası dövründə istər-istəməz insanlar prosesdə iştirak edərək, aktivliyini nümayiş etdirəcək.
- Ən pisi isə odur ki, hazırda insanlarda seçkiyə inam yoxdur və əksəriyyətin fikrincə, bu dəfə də hər hansı bir dəyişiklik olmayacaq...
- Mən, belə deməzdim. Bütün seçki prosesləri göstərib ki, seçki kampaniyası dövrü başlayanda insan-larda seçkilərə və seçkinin nəticələrinə inam yaranıb. Məhz, buna görə hakimiyyət daha bir mürtəce addım ataraq, seçki kampaniyası dövrünü 60 gündən 22 günə endirib. Burada da məqsəd seçki kampa-niyasının uzun çəkməsinin qarşısını almaqdır. Çünki seçki kampaniyası cəmiyyəti çox çalxalayır və daha da aktivləşdirir. Hakimiyyət isə bu aktivlikdən narahat olur.
- Ümumilikdə, bütün cəbhələrdə seçki hazırlığının getdiyini deyirsiz. Bəs, konkret olaraq, hakimiyyət seçkiyə necə hazırlaşır?
- Hakimiyyət də seçkiyə ciddi hazırlaşır. Diqqət edirsizsə, seçkiqabağı bir sıra obyektlərin açılışı olur. Körpü, yeraltı keçid, xəstəxana, məktəblər - hamısının açılışını seçki ərəfəsinə saxlayıblar. İlham Əliyev də prezident kimi görüşlər keçirir, açılışlar edir. Bununla da hökumətin uğurlu iqtisadi, quruculuq siyasəti nümayiş olunur. Bax, bunun özü seçki kampaniyasına hazırlıqdır.
- Hakimiyyət nümayəndələri bildirirlər ki, iqtidar namizədinin heç bir problemi yoxdur, cəmiyyətdən dəstək o qədərdir ki, seçki kampaniyası aparmadan da qalib gələ bilər. Bu fikirlərin nə qədər əsası var?
- Mən bu fikirlərlə razılaşmıram. Əgər hakimiyyətin heç bir problemi, çəkinəcəyi bir şey yoxdursa, qoy, sərbəst toplaşmaq haqqını tanısınlar. Nəinki küçələrdə, indi insanları heç evlərdə yığışmağa da qoymur-lar. Əgər qorxmurlarsa, gəncləri, siyasi fəalları həbs eləməsinlər, söz azadlığı versinlər, müxalifəti televi-ziya kanallarına buraxsınlar. Axı, bunların heç biri yoxdur. Deməli, hakimiyyət qorxur və kifayət qədər narahatdır. Sadaladığım bütün məhdudiyyətlər göstərir ki, hakimiyyət aktiv prosesdən narahat olur.
- Bəs, seçkiyə gedən müxalifətin durumunu necə dəyərləndirmək olar?
- Hesab edirəm ki, müxalifətin durumunda yeni bir müstəvi var. Bu günə kimi keçirilən seçkilərə nəzər salsaq görərik ki, müxalifət heç vaxt vahid platformada bir araya gələ bilməyib. Son seçkilərə kimi qrup-lar, bloklar şəklində iştirak ediblər. İndi isə Milli Şurada demək olar ki, müxalifətin hamısı bir araya gəlib.
Bundan başqa, indiyə kimi proseslərdən kənarda qalan qeyri-siyasi adamlarımız, ziyalılarımız, vətəndaş cəmiyyətinin nümayəndələri də prosesə qoşulublar. Eyni zamanda, birinci dəfədir ki, qeyri-siyasi bir adam bütün müxalifət qüvvələrinin vahid namizədi elan olunub. Yəni, bunların hamısı yeni situasiyadır. Hesab edirəm ki, bu da müxalifətin, ümumiyyətlə, vətəndaş cəmiyyətinin güclənməsinə gətirib çıxarır.
- Ancaq bu gün dediyiniz vahid güc mərkəzi olan Milli Şuranın daxilində kifayət qədər narazılıqlar var...
- Mən deməzdim ki, narazılıq kifayət qədərdir. Məsələn, bu gün narazılıq Rəsul Qliyevlə Arif Hacılı arasındadır. Ancaq hesab etmirəm ki, bu narazılıq Milli Şuranın fəaliyyətinə ciddi təsir edəcək.
İkincisi, bu məsələlər müzakirə olunub və müvafiq qərarlar verilib. Yəqin ki, növbəti sessiyada məsələ müzakirəyə çıxarılacaq. Yəni, şəxsi maraqlar, şəxsi müstəvidə olan gərginliklər Milli Şuranın ümumi qə-rarlarına heç bir təsir göstərməyəcək. Qısa müddətdə də bu məsələlərə son qoyulacaq.
- Milli Şurda başqa bir müstəvidə də narazılıq var. Müsavat başqanı İsa Qəmbərin namizədliyinin gün-dəmdə qalması AXCP tərəfindən süngü ilə qarşılanır. Bəs, bu barədə nə deyə bilərsiniz?
- Bu da narahatlıq yardan məsələ deyil. Çünki bu, hələlik ilkin mövqedir. Çünki Müsavat Partiyası hələ yanvar ayında namizədini elan edib. Vahid namizəd məsələsi ilə bağlı baxışı da başadşüləndir.
İsa Qəmbər deyir ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınandan sonra o, öz namizədliyini geri götürməyə hazırdır. Sadəcə olaraq, Müsavat Partiyası hesab edir ki, Rüstəm İbrahimbəyovun nami-zədliyi qeydə alınmasa, yer boş qalmamalıdır və mübarizə davam etdirilməlidir.
Bəziləri isə hesab edir ki, belə olan təqdirdə boykot yolu tutulmalıdır. Yəni, fikirlər müxtəlifdir və bu da normaldır.
Təbii ki, Milli Şurada bu məsələlər müzakirə olunacaq. Məsələ öz həllini tapacaq və bu söhbətlərə son qoyulacaq.
- Belə olduqda, cəmiyyətdə o fikir də yaranır ki, Milli Şura hələ hakimiyyətə gəlməmiş qarşılıqlı ittiham-lara bu qədər yer ayrılır, hakimiyyətə gələrsə, vəziyyət daha pis ola bilər. Yəni, belə münasibətlə haki-miyyətə gəlsələr, ölkədə xaos yaranmazmı?
- Mən deməzdim ki, bu gün Milli Şurada xaotik vəziyyət var. Fikir arılıqlarının olması norma kimi qəbul edilməlidir. Biz o qədər öyrəşmişik ki, bir nəfər durub bir söz desin, hamı da onu qəbul eləsin. Ona görə də fikir ayrılıqları olanda bizə qəribə gəlir.
Bir misal gətirmək istəyirəm. 2001-ci ildə Qarabağ məsələsi ilə bağlı ağır bir durum yaranmışdı. Bir sıra qurumlar Heydər Əliyevə çox böyük təzyiqlər edirdi ki, Madrid prinsiplərini qəbul eləsin. Heydər Əliyev isə buna getmək istəmirdi. O zaman məsələni Milli Məclisə çıxardı və prosesə geniş ictimaiyyəti cəlb elədi. Çıxışda vəziyyətin nə yerdə olduğunu bildirdi və soruşdu ki, siz nə deyirsiz?
O zaman bütün məmurlar çıxışlarında bildirdi ki, prezident nə deyir, biz də onu deyirik. Yəni, biri durub demədi ki, mənim fikrim budur. Sonda şair Qabil dedi ki, ay Azərbaycan əsgəri, dur ayağa! Ondan sonra hamı başladı deməyə ki, torpaqları vermərik.
Partiyalarda da rəhbər nə deyirsə, digərləri də fikirlərini ona uyğunlaşdırır. Amma əslində, bu, düzgün deyil. Hər kəs öz fikrini bildirməlidir. YAP-ın qurultayı keçirilir, yeni sədr müavinləri seçilir, bir nəfər durub demir ki, mən bunun əleyhinəyəm, bitərəfəm. Necə olur ki, hamı eyni cür düşünür?
Prezident nazirləri toplayır, hamı deyir ki, hər şey normaldır. Baş nazir parlamentdə hesabat verir, hamı hər şeyin yaxşı olduğunu deyir. İndi biz bunu normal saymalıyıq? Bu mənada Milli Şura daxilindəki fikir ayrılıqları normal qarşılanmalıdır.
- Mehman bəy, ABŞ-da keçirilən Azərbaycanla bağlı dinləmələr hələ də müzakirə mövzusudur. Ümumiyyətlə, ABŞ-ın, Qərbin Azərbaycanda demokratik dəyişikliklərlə bağlı mövqeyini necə qiymətləndirirsiniz?
- Qərbin istəyi odur ki, Azərbaycanda demokratik seçkilər keçirilsin, hərtərəli islahatlar aparılsın, ölkədə normal sistem formalaşsın. Özü də bu mövqe yeni deyil, dəfələrlə bəyan olunub. Bütün bu məsələlər Azərbaycanın Avropa Birliyi, ATƏT, Avropa Şurası ilə imzaladığı bütün sənədlərdə öz əksini tapıb və Azərbaycan hakimiyyəti də bu müddəaları yerinə yetirməklə bağlı öhdəlik götürüb. Sadəcə olaraq, yeri-nə yetirmir. Medianın, QHT-lərin, siyasi partiyaların durumuna baxsaq, görərik ki, Azərbaycanda vəziy-yət çox acınacaqlıdır. Təbii ki, belə vəziyyət Qərbi narahat edir və onlar israrlıdırlar ki, vəziyyət mütləq dəyişməlidir. Qarşıdan gələn prezident seçkiləri də bunun üçün yaxşı bir imkandır.
İkincisi, bu gün Azərbaycan hakimiyyətinin İranla, Rusiya ilə, digər regional oyunçularla da kifayət qədər problemləri var. O cümlədən, Gürcüstan və Türkiyə ilə münasibətləri də soyuqlaşıb. Bu da regional müstəvidə yaranan yeni vəziyyətdir.
Azərbaycan hakimiyyəti heç vaxt indiki kimi beynəlxalq basqılara məruz qalmayıb. İndi niyə belə bir vəziyyət yaranıb, nəyə görə birdən-birə bütün qütblərlə münasibətlər pisləşib? Artıq bu suallara hakimiyyətin özü cavab verməlidir.
- Necə düşünürsüz, seçkidə həmin beynəlxalq güclər demokratik qüvvələrin yanında olacaqlar, yoxsa yenə də son anda hakimiyyətə dəstək verəcəklər?
- ABŞ səfiri, o cümlədən digər diplomatlar, elə Avropa Komissiyasının sədri Baroza da dəfələrlə bəyan edib ki, Azərbaycan xalqının seçim hüququ təmin olunmalıdır. Yəni, Azərbaycan xalqı öz istədiyi şəxsi seçməli, seçki azad, ədalətli, şəffaf keçirilməli və nəticələr saxtalaşdırılmamalıdır. Bax, məsələ belə qo-yulur. Mən hesab edirəm ki, Qərb budəfəki prezident seçkilərində Azərbaycan xalqının tərəfində ola-caq.
- Bu tərəfdən də Rusiya prezidenti Putinin Azərbaycana səfəri gözlənilir. Putinin ölkəmizə səfəri ilə bağlı müxtəlif fikirlər səslənir. Bu səfər barədə Siz nə deyə bilərsiz?
- İş ondadır ki, Azərbaycan tərəfi, yəni, hakimiyyət Rusiyadan çox qorxur. Rusiyanın Azərbaycana təsirləri kifayət qədər güclüdür. Orda iki milyona yaxın Azərbaycan vətəndaşı yaşayır və işləyir. Onların da burda ailələri, qohum-əqrəbası var. Burdan gedənlərin də əksəriyyəti başını götürüb qaçıb. Yəni, haki-miyyətin apardığı siyasət, yoxsulluq, işsizlik onların vətənlərini tərk etməsinə səbəb olub. Bir sözlə, bu böyük kəsim də hakimiyyətdən narazıdır və onların Azərbaycandakı vəziyyətə təsiri böyükdür. Əgər o mənada Rusiyadan dəstək gəlsə və şimal qonşumuz da Azərbaycanda demokratik seçkilərin keçirilmə-sində maraqlı olsa, onda hakimiyyət daha da narahat olar. Ona görə də hakimiyyət son dövrlər yüksək səviyyədə çalışır ki, Rusiya ilə münasibətlərini yaxşılaşdırsın. Yeni neft yatağının ruslarla birgə istismar olunması, Bakı-Novorosiysk kəmərinin işlənməsi və digər başqa layihələr təklif edirlər. Yəni, Azərbaycan tərəfi Rusiya ilə münasibətlərin qurulması üçün aktiv çalışır. Ancaq burada Putinlə İlham Əliyevin şəxsi münasibətlərinin yaxşı olmamasını nəzərə almalıyıq. Müşahidə edirsiz ki, bunlar son beş ildə görüşmə-yiblər. Azərbaycan tərəfi Putin yenidən prezident seçiləndən sonra belə bir görüşün təşkil olunmasına çalışsa da, bu günə kimi mümkün olmayıb. İndi sabah görüşdə nə olacaq, nə olmayacaq, o başqa məsələdir. Ancaq mən hesab etmirəm ki, münasibətlər yaxın zamanlarda yaxşılığa doğru gedəcək.
Zaur ƏHMƏD


Digər xəbərlər
SON XƏBƏRLƏR