"Azərbaycan mediası bu gün ciddi hadisə yaratmaq gücündə deyil"

img

20-07-2013 [15:25]


Cəmi ikicə gündən sonra bayramımızdı. Çap və elektron mediada çalışan jurnalistlər Milli Mətbuat Gününü qeyd edəcək. Bayram sevincindən, təbrikdən istedadlı həmkarımız Zaur Əhmədə də pay düşür.
Onun imzası "Şərq", "Neytral", "Azadlıq", "Reytinq", "Gündəlik teleqraf" qəzetlərinin oxucularına yaxşı tanışdı. Zaur Əhməd 2010-cu ildən Müstəqil İnformasiya Agentliyinin - "Mia.az"ın redaktorudu.

- Zaur, 15 ilə yaxındı jurnalistikadasan. Siyasi mətbuatda çəkisi olan qəzetlərdə çalışmısan. Son illərdəki sayt bumu səni də cəlb elədi. Və günlərin birində sən də dəblə ayaqlaşıb "Mia.az"ı yaratdın...
- Dəb deyəndə ki... Son illər insanların internetə, elektron mediaya marağı, tələbi artıb. "Mia.az"da bu tələbatdan yarandı. Özümüzü elektron mediada sınamaq istəyi də var idi. "Mia.az"ı 2009-cu ildə qeydiyyatdan keçirdik, amma fəaliyyətə 2010-cu ilin martından başladıq. İlk gündən məqsədimiz adımıza layiq fəaliyyət göstərmək - müstəqil mövqeyimizi qorumaq olub. Gördüyün kimi, bu da dəblə ayaqlaşmağa, elliklə görülən işə oxşamır.
- Ümumiyyətlə, palaza bürünüb, elnən sürünməyə necə baxırsan?
- Palaza bürünməyin özünə heç də pis baxmıram. Palaz adamı soyuqdan, küləkdən qoruyur. Bəlkə elə ona görə də, palaza bürünmək istəyənlər bu qədər çoxdu. Atalar nə dediklərini biliblər. Şəxsən mən onların bu sözünə əməl etməyi sevmirəm.
- Bəzən xəbərdəki dəqiqlik operativliyə qurban verilir. Sən hansının tərəfindəsən- dəqiqliyin, yoxsa operativliyin?
- İnformasiya agentliyinin əsas işi xəbəri oxucuya, istifadəçiyə operativ çatdırmaqdı. Dəqiq xəbər vermək də jurnalistikanın əsas prinsiplərindəndi. Bəzən bunların arasındakı sərhədlər itir. Mən həm dəqiqliyin, həm də operativliyin tərəfindəyəm. Gündəlik işdə də buna əməl etməyə çalışıram. Lakin bu prinsipə hər dəfə əməl etmək mümkün olmur. Bunun da çeşidli və bəlli səbəbləri var.
- "Mia.az"ın ən səs-küylü xəbəri hansı olub?
- Bir zamanların çox populyar siyasətçisi, prezidentliyə namizəd, "Qeyrət" Partiyasının sədri Əşrəf Mehdiyevin vəfatı xəbərini birinci biz yaydıq. Xəbəri sırf təsadüf nəticəsində əldə etdim. Qohumuma zəng etmişdim, harda olduğunu soruşdum. Dəfn mərasimində olduğunu dedi. Fikirləşdim yəqin qohumlardan kimsə rəhmətə gedib. Soruşanda dedi ki, yerlimiz Əşrəf Mehdiyevi dəfn edirik. Təbii ki, mən dərhal xəbəri sayta yerləşdirdim. Həmin gün bütün mətbuat məhz bizim xəbərə istinad etdi.
Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti Mahmud Həmzəyevin işdən çıxarılması ilə bağlı yaydığımız xəbər də böyük səs-küy yaratdı və qəzetlərdə, saytlarda tirajlandı. Amma bu xəbəri hansı mənbədən aldığımı deyə bilməyəcəyəm.
Yəqin sən də razılaşarsan ki, bu gün Azərbaycanda səs-küy yarada bilən ciddi hadisə nadir hallarda baş verir. Qeyr-ciddi hadisə isə nə qədər istəsən var. Biz isə onlara önəm vermirik.
- Hadisə baş vermirsə, deməli onu yaratmaq lazımdı...
- Bunun bir ucu yenə gedib çıxır dezinformasiya yaymaqla məşğul olmağa. Azərbaycan mediası bu gün ciddi hadisə yaratmaq gücündə deyil.
- Neçə illərdi siyasət adamları ilə təmasdasan. Onların arasında ən asan müsahib kimdi?
- Jurnalist kimi ünsiyyət qurmaq problemim yoxdu, hamı ilə dil tapa bilirəm. Mətbuata açıq olmaq baxımından Pənah Hüseyn bəlkə də ən asan müsahibdi. Amma Pənah bəyin də bir özəl xüsusiyyəti var. O, jurnalist üçün lazım olan informasiyanı belə deyək, qızışandan sonra deyir. Bu proses də ən azından 20-25 dəqiqə vaxt aparır.
- Sənə görə ən çətin müsahib kimdi?
- Müsavat başqanı İsa Qəmbər. Düzdü, İsa bəy redaktəli danışır. Onun müsahibəsi üzərində əlavə çalışmağa ehtiyac qalmır. Amma İsa Qəmər jurnalistin mövzu ilə bağlı hazırlıqsız olduğunu görəndə bütün cavabları bir-iki sözdən ibarət olur- "Sizinlə razı deyiləm", "Deyə bilmərəm" və sairə...
- Məşhur bir bayatıda deyilir ki, "tar çalan simi gözlər". Bəs jurnalist nəyi gözlər?
- Təbii ki, hadisəni. Əgər hansısa bir həmkarımız hadisə baş verməzdən öncə nəsə yazırsa, o, jurnalistika ilə deyil, bədii yaradıcılıqla məşğul olur. Onun işi yazıçılıq, şairlikdi.
İnsan hər hansı bir sənəti seçəndə fikirləşir ki, görəsən onun işinin adı nədi?
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunandan sonra elə ilk görüşümüzdə müəllimimizZeynal Məmmədli dedi ki, jurnalist cəmiyyətin qoruyucu köpəyidi. Bu söz məni yaman tutdu. Öz-özümə dedim ki, müəllim nə danışır, necə yəni qoruyucu köpək?
Tələbəlik illərindən başlayaraq qəzetlərdə çalışdıqca başa düşdüm ki, ustadımız nə demək istəyirmiş. Düzdü, jurnalistika cəmiyyəti qorumalıdı. Təəssüf ki, bu gün həmin köpəyin dişləri çıxarılıb. Bu duruma görə də jurnalistika, həmkarlarımız yox, daha çox mühit günahkardı.
- Əslən Cəbrayıl rayonundansan, atan Qarabağ uğrunda gedən savaşda şəhid olub. Qələbə xəbərini ilk dəfə məhz "Mia.az"da necə verəcəyin barədə düşüncələrini təxmin edirəm...
- Qələbə xəbərini çatdırmaq həyatımda görə biləcəyim ən böyük işim olardı. Təəssüf ki, xəbərin başlığını hələ tapmamışam. Çünki hadisənin özü hələ baş verməyib.

Etibar CƏBRAYILOĞLU

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA