Ərdoğan Əsədə əl uzadacaqmı? - Politoloq buna ciddi ehtiyac yarandığını deyir

img

17-09-2019 [22:14]


"Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi çərçivəsindəki Ankaradakı 5-ci görüşündə fikir ayrılıqları hələ görüşdən əvvəl özünü büruzə verdi”.

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Astana prosesində 3 ölkənin Suriyadakı maraqları tam üst-üstə düşməsə də, Suriyanın ərazi bütövlüyünə baxış eynidir:

"Bu zaman Ankaranın Dəməşqlə birbaşa təmaslara başlamasının aktuallığı artır. Suriyada müharibə başlayanda Bəşər Əsədin mövqeləri zəif idi, Ankara düşünürdü ki, Əsəd rejimi tab gətirməyəcək və ona qarşı tənqidini artırdı. Ancaq üstündən 8 il keçdikdən sonra Bəşər Əsəd İran və Rusiyanın dəstəyi ilə hakimiyyətini qorumağa müvəffəq oldu. Odur ki, hazırda Əsəd yenidən ölkəsində əsas gücdür. Buna görə də Ankara ilə Dəməşq arasında müzakirələrin başlaması mümkündür. Bunu Tehran və Moskva da istəyir. Əbədi dost və əbədi düşmən məhfumu yoxdur.

Türkiyə ötən əsrin başlanğıcında işğalçılara qarşı mübarizə apararkən Böyük Britaniya ilə müharibə aparırdı. Türkiyədə cümhuriyyət qurulduqdan sonra Böyük Britaniya ilə dostluq münasibətləri quruldu. Və ya Türkiyə sərhədini pozan Rusiyanın hərbi təyyarəsini vurduqda Moskva ilə Ankara arasındakı münasibətlər gərginləşdi. Ancaq Ərdoğan özündə güc taparaq Putinə üzrxahlıq məktubu yazdı. Hazırda iki ölkə arasındakı münasibətlər inkişafın ən pik dövrünü yaşayır. Çünki bunu Türkiyənin təhlükəsizlik maraqları diktə edir”.

Elxan Şahinoğlu bildirib ki, hazırda Türkiyənin təhlükəsizlik maraqları Suriyadakı real hakimiyyətlə təmaslara başlamağı diktə edir:

"Başqa alternativ yoxdur. Əslində Bəşər Əsəd rejimi də xoş addım atmaqla Ankara ilə arasındakı körpüləri bərpa edə bilər. Məsələn, Suriya ordusu Fərat çayının şərh sahilindəki PKK uzantılarına qarşı hərbi əməliyyata başlayarsa və ya ən azı bu niyyətini ortaya qoyarsa, bu, Türkiyənin Əsəd baxışını dəyişdirə bilər. Türkiyənin özü üçün də çətindir.

Türkiyə Suriyada bir-birini qəbul etməyən Rusiya və ABŞ-la taktiki birlik içindədir. Məsələn, Türkiyə İdliblə bağlı Moskva, Fərat çayının şərq hissəsinə nəzarət etmək üçün isə Amerika ilə danışıqlar aparır. Halbuki, Ankaranın Suriyadakı problemlərin həlli üçün elə birbaşa Dəməşqlə təmas qurması vacibdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR