Məcburi köçkün sağ ola-ola özünə qəbir qazdı - Məmura qarşı borc iddiası + FOTO/VİDEO

15-09-2019 [17:40]
Cəbrayıl rayonundan məcburi köçkün, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında müvəqqəti məskunlaşmış Əliheydər Əliyev diriykən özünə və ailə üzvünə qəbir qazdırıb.

Mia.az-ın məlumatına görə, Əliheydər Əliyev Reyting.az-a yazdığı müraciətdə bildirib ki, qəbir qazdırmasının səbəbkarı "Azəravtoyol” ASC-nin 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Əliheybət Şirinovun təzyiqləridir.

Ə. Əliyevin sözlərinə görə, 2013-2015-ci illər ərzində ona məxsus avtomaşınlarla 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin (MMC) şifahi sifarişi ilə müxtəlif tikinti obyektlərinə yük daşıyıb. İdarə rəisi onlara müxtəlif tikinti materiallarının daşınması işlərini gördürsə də, bunun müqabilində ödənilməli olan 353.660 (üç yüz əlli üç min altı yüz altmış) manatı ödəməkdən boyun qaçırır. Ə. Əliyev iddia edir ki, pulu ödəmək bir yana, hətta Ə. Şirinov onu və ailəsini ölümlə hədələyir: "Hətta deyir ki, muzdlu qatil tutub səni öldürtdürməyə və bu cinayəti ört-basdır etməyə yetərincə pulumuz var. Elə buna görədir ki, mən də daxil olmaqla, ailə üzvlərimin qəbirlərini diriykən qazdırmışam”. 

Əlinin hər yerdən üzüldüyünü bildirən Ə. Əliyev yazır ki, ölkəni tərk edib, Avropanın ucsuz-bucaqsız küçələrində ac-suzsuz dolanmaqdansa, ölüm yaxşıdır: "Amma ölüm qabağı Prezidentdən bir xahişim var: biz sağikən qisasımızı bu məmurdan alın!

Cənab Prezident! Siz hər çıxışınızda bildirirsiniz ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Mən də, bütün ailə üzvülərim də daxil olmaqla, Sizə inanır və bu problemin həllində bizə köməklik göstərməyinizi xahiş edirəm”.

İddialarla bağlı qarşı tərəfin fikirlərinə yer ayırmağa hazırıq.




SON XƏBƏRLƏR