Rəşad Məcidin "Xam xəyala düşməyin" xitabına cavab gəldi: "Namizəd varsa..." - AYB-də nə baş verir?

img

12-08-2019 [12:42]


Azərbaycan Yazıçılar Birliyində yenidən "söz atışması" var.

Mia.az xəbər verir ki, bu dəfə birliyin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gənc yazarlar - Tural Turan, Fuad Cəfərli və Emil Rasimoğluna etdiyi müraciət ətrafında qalmaqal başlayıb.

Xatırladaq ki, Rəşad Məcid gənc yazarlarin AYB-nin Gənclər Şurasında seçilmələrinin səhv qərar olduğunu deyərək, onlara belə xitab edib: 

"Sizin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar haqqında belə yekəxana tonda və kobud leksikonla danışmağınız məni təəssüfləndirdi. Siz bununla öz mənəvi, ədəbi və mədəni keyfiyyətlərinizin hansı səviyyədə olduğunu ictiamiyyətə göstərmiş oldunuz. Əmin olun, cəmiyyət təkcə çayxanada dedi-qodu yapan, sosial şəbəkələrdə hər sərsəm fikrə züy tutan 5-3 adamdan-profildən-troldan ibarət deyil. Dəyərlər tam sarsılmayıb, savadlı, soyuqqanlı, ağıllı və abırlı adamlar hələ də çoxdur. Və siz bu hərəkətinizlə onların gözündə öz mahiyyətinizi ortaya qoydunuz".

R.Məcid qeyd edib ki, Anar müəllimin onları tanımaması təbiidir: "Siz bu son yekəxana bəyənatlarınızdan başqa diqqəti cəlb edəsi nə iş görmüsünüz ki?! Əgər 5-3 ortabab şeirlə ədəbiyyatı "zənginləşdirdiyinizi” düşünürsüzsə, bu, xam xəyaldır, yanılırsınız. Anar müəllimin diqqətini çəkməyə layiq olmaq istedadın, çoxillik əzmkar yaradıcı fəaliyyətin, ədəbiyyata xidmətin nəticəsində mümkündür. Bunu çoxları arzulayıb, gücü çatmayanda təhqirə keçib, bəziləri də Anar müəllimin satirik əsərlərinin qəhrəmanlarına çevrilib, hətta bundan sevinib xoşbəxt də olublar.

Öz uğursuzluğunu kənarda axtarmaq, bütün problemlərin səbəbkarı kimi Anar müəllimi görmək şakəri yeni deyil. Son 20-25 ildə bunu çox görmüşük. 

Görünür, sizin AYB üzvü olmağınız, təqaüdə layiq görülməyiniz, ikinizin Gənclər Şurasında təmsil olunmağınız subyektiv və səhv qərar olub. Bunu zaman və təəssüf ki, həm də siz özünüz davranışınızla təsdiq etdiniz. Gərək AYB vəsiqələrini sizə təqdim edəndə Anarın tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız haqqında əsərlərini, ən azından "Yaşamaq haqqı” traktatını da verəydik.

 İnanmıram ki, onları oxuyan hansısa Azərbaycan gənci ədəb-ərkan əndazəsini, nəzakət qaydalarını bu dərəcədə aşardı. Təəssüf! Amma gec deyil. O əsərləri tapıb oxuyun! İşləyin, zəhmət çəkin, özünüzü təsdiq etməyə çalışın! "Şeirdən çox da ucalıq ummayın!” Həyat sərtdir, amansızdır, hərdən rəhmdildir və həm də bütün bunlarla maraqlıdır. İndidən - gənc yaşınızda içinizi kin-küdurətlə doldurmayın. Qoruyun şeir yazan ürəyinizi..."

Diqqətçəkən budur ki, R.Məcidə cavab yazan Emil Rasimoğlu isə onunla razılaşmayıb. 

Əksinə etiraz edib:

"Hörmətli Rəşad müəllim, sizin bizim haqqımızda yazınızı oxudum. Oxudum və çox təəssüfləndim! Təəssüfləndim ona görə ki, cavab verəndə də ədalətlə cavab vermək lazımdı!

Öncə onu deyim ki, ictimaiyyət içində bizim mənəvi, ədəbi və mədəni keyfiyyətlərimizə adımızı tutan, ünsiyyətdə olan hər kəs gözəl bələddir! Hər kəs! Gözü, əli, yolu, düşüncəsi vicdan olan adamın içi kinli olmaz.

Namizəd olmaq, etik normalar çərçivəsində fikirlərini açıqlamaq, ədalət naminə vicdanla cavab vermək və bütün bunların vəhdətində sağlam mübarizə aparmaq ədəbsizlik deyil! Heç ola da bilməz! Biz Anar müəllimin ədəbiyyatdakı yerindən, sənətindən, əsərlərindən danışmamışıq (danışdığımız halda da yetərincə qiymətləndirmişik.) Bu, öz yerində. 

Biz Anar müəllimin mövcud məsələ ilə bağlı münasibətinə sadəcə fikir bildirərək cavab vermişik. Həm də o münasibətə cavab vermişik ki, orada şəxsiyyətə ironiya, kinayə olub. Şəxsiyyət toxunulmazdır, toxunulmaz! Amma bizim cavabımız ironiyasız, kinayəsiz, gülüşsüz olub. Düşünülmüş və məntiqli şəkildə!”

Yazar eyni zamanda qeyd edib ki, nəsildaşları sırasında ədəbiyyata bağlılıqları, ədəbi fəaliyyətləri göz önündədir: "Bu, bir prosesdir! Seçki anlayışı varsa, namizəd də var. Namizəd varsa, rəqib də var. Rəqib varsa, mübarizə də var. Fərq etməz o mübarizə hansı yaş təbəqəsindən olan şəxslərdən ibarətdi. Gəncliyi sevmək lazımdı, sevmək!".

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR