Röyanın hörümçək yuvaları basmış villası 500 min dollara satışa çıxarıldı - FOTOLAR

img

14-07-2019 [13:09]


Xaçmazın Nabran kəndində o villanı hər kəs "Röyanın villası” kimi tanıyır. 

Yan-yörədəki istirahət mərkəzində çalışanlardan tutmuş, qatıqsatanlara, təndirdə çörək yapan qadınlara qədər. Bu və ya digər məkanı təsvir etmək üçün də belə nişan verirlər: "Röyanın villasından sola dönürsən, üzü yuxarı....”.

Röyanın satlığa çıxarılmış villasının yanından keçən hansı jurnalist onun içinə girib, foto, video çəkiliş etmək istəməz ki? İstəmirsə, demək jurnalist deyil. Amma öncə təcili bir ssenari uydurmaq lazım. Üst-başımız, altımızdakı maşın o villaya real müştəri olmaqla bağlı inandırıcılığı sıfırlayır. O zaman burda işimiz nə? 

"Yağlı ssenari”nin ştrixləri – bir iş adamı Nabranda turizmlə məşğul olmaq istəyir. Bu evi satın alıb, oranı yay oteli kimi – ayrı-ayrı otaqlarını kirayə verməklə - fəaliyyətə keçirəcək. Biz də həmin iş adamının təmsilçiləriyik. Villaya baxıb, foto-videolarını çəkib, ona göstərəcək və yekun qərar verəcəyik.

Makler telefon danışığı zamanı bu izahatla qane olur və öncədən villanın qiymətini bildirir: 500 min ABŞ dolları... 

Amma qiymətdə razılaşmaq da mümkünmüş. Öncə villaya baxmaq üçün vaxt müəyyən edirik. Sən demə, maklerin ofisi Bakıdadır və evi göstərmək üçün bağbanı bizə təhkim edir. "Açar ondadır və sizi evdə o, gəzdirəcək”, deyir. Az keçmədən köhnə bir velosipedlə makler gəlir və şəkillərdə, videoda gördüyünüz bu villanın qapılarını bəndənizin üzünə açır.

Villa deyib keçməyin, burda söhbət 1 hektarlıq meşə sahəsindən gedir həm də. Yəni, bildiyiniz, təxmin etdiyiniz, 20-25 sotluq torpağın içində tikilən dəbdəbəli, üçmərtəbəli villa deyil sadəcə. Gəz, gəz bitmir. Əsas villa, yay mətbəxi, əlavə otaqlar, "bessetka"lar, qış mətbəxi, çayxana. Filmlərdə, xüsusən də Çar Rusiyası dövrünə aid rus filmlərində görməyə alışdığımız qocaman bir malikanə. Adam bu meşənin içində dəbdəbəli bal paltarları ilə gəzişən "barışnyaları” gözünün qabağına gətirir az qala. Amma sonradan xatırlayırsan ki, burda uzaqbaşı Röya gəzib...

Əsas villanın qapısı açılır, içəri keçirəm. Hər tərəf tör-töküntülü, tozlu, göydən asılan qurumlar, hörümçək yuvaları... Həyat təbii ki, buralarda sönüb. Həm də illər öncə. Üç mərtəbə, hər mərtəbə 3-4-ə yaxın otaq və ilginc bir vanna otağı. Vannanın yerindən görünür: üzü meşəyə sarı. Vanna zövqü yaşaya-yaşaya meşə səsi dinləmək. Bəhh...

Gəzintiyə davam edib, həyətdəki digər tikililəri də gözdən keçirirəm. Hər birinin inşasına böyük pulların xərcləndiyi ilk baxışdan bəllidir. Nə zaman tikilməsi ilə bağlı bizi müşayiət edən bağbanın məlumatı yoxdur. Binəvanın ümumiyyətlə, heç nədən xəbəri yoxdur. Ya da var, danışmaması ilə bağlı tənbehləyiblər.

2014-cü ildə xəbər yayıldı ki, Röyaya Nabrandakı bu dəbdəbəli villanı qaynatası, iş adamı Çingiz Cəlilov hədiyyə edib. Həmin vaxt bu  villanın qiymətinin 500 min manat olduğu bildirilmişdi.

Medianın o illərdə yazdığı məlumatları yada salanda isə məlum olur ki, Röya Nabranda turizmlə məşğul olub. Röya yaratdığı istirahət mərkəzində evləri gündəlik 50-150 manat arasında kirayə verib. Müğənni şəxsi villasının yanında, istirahət üçün nəzərdə tutulmuş bir neçə kiçik evlər tikdirib.

Adıçəkilən mənzillər isə Nabrana istirahətə gələn turistlərə və ən əsası ailəvi insanlara kirayə verilir.

2017-ci ildə isə Cəlilovun sahibi olduğu "Çudo peçka" dükanlar şəbəkəsinə daxil olan bütün iaşə obyektlə vergi borclarına görə möhürlənərək bağlanıb. Bundan sonra Cəlilovun adına olan milyonlarla dəyəri olan bağ evləri və Bakıda yerləşən yaşayış evləri müsadirə olaraq əlindən alınıb.

Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının Röyaya bağışladığı bildirilən və Nabranda tikdirdiyi bir neçə milyon dəyəri olan bağ evi də əlindən alınıb.

Hazırda isə villanın kim və ya kimlər, ya da bank tərəfindən satışa çıxarılıb-çıxarılmadığı bilinmir. Neçə dəfə əl dəyişdirib, müsadirə olunandan sonra burada yaşayan olubmu? Bunların hamısı ağzı qıfıllı qapı kimi saxlanır. Amma sirr olmayan bir məqam var – Azərbaycanda bu sayaq acı sonluqlu milyoner hekayələri hər zaman olub və olacaq. Bir hovuza yüzlərlə qaçqını evlə təmin edəcək pulların xərcləndiyi zehniyyətlər heç zaman əksik olmayacaq bu torpaqlardan. Amma ibrətamiz sonluqları unutmayaq deyirəm mən...

"Yeni Müsavat”



Digər xəbərlər
SON XƏBƏRLƏR