Ateizmin təhsilə verdiyi fayda haqqında Finlandiya əfsanəsi

img

04-05-2019 [16:37]


Aqşin YENİSEY

***

Təsəvvür edin, bir gün xəbər saytlarında oxuyuruq ki, Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə fizika, riyaziyyat, ədəbiyyat, tarix, coğrafiya fənlərinin keçirilməsini qadağan edib.

Sosial şəbəkələrdə qopan mərəkəni, qarğabazarını xəyal etmək belə adamın qulağında turş bir uğultu yaradır. Amma finlər bu fənləri məktəblərdən yığışdırıblar. Onlar hesab edirlər ki, 1900-cü ildəki həyat şərtləri ilə indiki həyat şərtləri eyni olmadığı üçün 1900-cü ildəki təhsil sistemi ilə indiki təhsil sistemi də eyni olmamalıdır.

Finlər təhsili bir əsrlik tədris vərdişlərindən qurtarmaq üçün bilgini ənənəvi dərslərdən almaq yerinə, hadisə və faktlar üzərindən əldə etməyə üstünlük verirlər. Məsələn, Birinci Dünya müharibəsini həm tarix, həm coğrafiya, həm də riyaziyyat faktı kimi incələyərək şagirdin təsəvvüründə bütöv bir məlumat sistemi yaradırlar.

Üstəgəl, bu dərsləri monoton sinif otağında deyil, kafe, lap elə çayxana mühitini andıran bir məkanda keçirən fin pedaqoqlar bu cür tədrisin uşaqların xarici dil bilgilərini bir-biriləri ilə paylaşmalarına, ən əsası, sosial davranışlarının inkişafına, fərdi deyil, qrup halında daha çox məlumat əldə edəcəklərinə şərait yaradacağını düşünürlər.

Həmçinin fin məktəblərində şagirdlər araşdırmaq, üzərində çalışmaq istədikləri mövzuları da özləri seçirlər. İmtahan sualları da şagirdin seçdiyi mövzuları əhatə edir. İnsan haqlarının bu səviyyəsi yəni! Finlandiyanın Təhsil Naziri olmuş Pasi Salberq türk dilinə də tərcümə olunan "Təhsildə Finlandiya Modeli” kitabında şagirdlərə verilən bu imtiyazı təxminən belə izah edir: "Fin düşüncəsində "hesab vermə” mənasına gələn bir kəlmə yoxdur, məsuliyyət olan yerdə "hesab verməyə” gərək qalmır”.

Aha! Pasi hoca bu sözlərlə bizə milli psixologiyamızı bir daha saf-çürük etmək üçün pas verir. Deməli, bizim sistemin istər ailədə, istər iş yerində, istərsə də təhsildə hesab vermə prinsipinə əsaslanmasının səbəbi məsuliyyət hissimizin zəifliyi, yaxud yerli-dibli olmamasıdır. Yəni bizi öz vicdanımızın ixtiyarına buraxsan, istənilən sahədə it də əldən gedər, ip də. Bu da o deməkdir ki, bu gün dünyada təhsil inqilabı adlandırılan Finlandiya modeli bizim təhsil sistemində fayda verməz. Bir anlıq təsəvvür edin ki, bizim XI sinifin oğlanları çayxanada dərs keçirlər; adam şoşkalayarlar orda, Pasican, pasını bizdən uzaq elə.

2015-ci ildə aparılan araşdırmalar onu göstərdi ki, yaşadığımız dünyada riyaziyyat, mütaliə və ümumi elm sahələri üzrə ilk yerləri ardıcıl olaraq Sinqapur və Yaponiya, o cümlədən, digər Cənub-Şərqi Asiya ölkələri bölüşür. Səbəb olaraq da bu ölkələrin "daha çox çalış, daha az yaşa” fəlsəfəsinə üstünlük vermələri göstərildi. Buradakı "daha az yaşa” ömrün qısalığı mənasında deyil, bizim şairin dilində desək, "vaxtını pivəxanaların noxud, pendir davalarında keçirmə, oğlum” mənasındadır.

Finlandiyanın təhsil modeli isə bu qaradinməz asiyalı inadkarlığının tam əksidir. Fin sistemində, ümumiyyətlə, rəqabət deyə bir şey yoxdur, "ən yaxşı məktəb”, "ən yaxşı müəllim, şagird” siyahıları hazırlanmaz. Finlandiyada müəllimlər biliyinə görə deyil, pedaqoji peşəkarlığına görə seçilir. Məsələn, Fransada məktəb yaşı 3 olduğu halda, Finlandiyada bu yaş 7-dir. 1980-ci illərdən bəri Fin pedaqoqlar təhsildə bu prinsiplərə üstünlük verirlər: təhsil ictimai bərabərliyi tarazlaşdırmaq üçün vasitəyə çevrilməli, bütün uşaqlara pulsuz məktəb yeməkləri, tibbi xidmətlər, psixoloji məsləhətlər verilməli, hər bir uşağa fərdi diqqət göstərilməlidir. Kollektiv bərabərlik mühiti - Finlandiyanın təhsildə özünə cızdığı yol budur.

İndi keçək özümüzə. Bizim məktəblərdə "Finlandiya modeli”ni tətbiq etmək olarmı?

Son illər cəmiyyətimizdə baş verən neqativ hadisələrin günahkarı olaraq iki ünvan göstərilir: ailə və təhsil. Valideynlər özlərini səviyyəli göstərmək üçün təhsilin səviyyəsindən şikayətlənirlər. Təhsil işçiləri də uşaqların ailədən zay çıxdığını deyib günahı valideynlərin üzərinə atırlar. Ailə və məktəb arasındakı bu qarşılıqlı inamsızlıq onların bir-birilərinə rəqib, bəzən hətta düşmən münasibət bəsləməsinə gətirib çıxarır. Şəxsi müşahidələrimə gəlincə, məncə, Azərbaycan insanı ailədə pozulur, həm də elə pozulur ki, onu sonradan nə təhsil, nə qanun düzəldə bilir, əksinə, bizim ailədə böyüyüb vətəndaş olanlar özləri sonradan təhsildən və qanundan nəsə düzəldirlər, məsələn, çörək ağacı.

Sualımız belə idi ki, Finlandiyanın təhsil modelini Azərbaycanda tətbiq etmək olarmı? Birmənalı olaraq xeyr! Niyə? Çünki Finlandiya ateist əhalinin sayına görə dünyanın 10 ölkəsindən biridir, finlərin 22 faizi ateist olduğunu etiraf edir. Deyəcəksiniz ki, nə olsun? O olsun ki, azərbaycanlı uşaq gözünü açandan ailədə bu sözləri eşidir: "Allah qoysa”, "Allah xoşbəxt eləsin”, "Allah bərəkət versin”, "Allah bilən məsləhətdir” və s. Bu sözlər uşağın altşüurunu formalaşdırır, o gözünü açandan evdə təhsilə, elmə inanmayan, hər şeyə görə naməlum uçan obyektə üz tutan doğma bir mühit görür. Bu doğma mühit hətta onu universitetə imtahana gətirəndə belə Allaha bir qoyun qurban boyun alır.

Şəxsən mən BDU-ya imtahana gələndə evimizdə hamıdan çox qurban boyun alınmış qoyun narahat idi ki, görən, bu zırrama nə qədər bal toplayacaq. Belə bir dindar, DOĞMA mühitdə böyüyən uşağın elmə, təhsilə səhlənkar yanaşmasından, həyatını ona etibar etməməsindən təbii heç nə ola bilməz. Uşağın ailə və məktəb arasında seçim edərkən ailəyə üstünlük verməsinin səbəbi ailənin daha DOĞMA mühit olmasıdır. Bizim uşağa DOĞMA olan mühitdə, hətta elm adamları belə öz savadına güvənmir. Şəxsən mən Bakıda bir neçə dəfə Həcc ziyarətinə gedən Fizika, Kimya, Astronomiya Elmləri üzrə doktorlarla qabaq-qənşər oturub altdan-altdan "xajalat çəhmişəm”. Finlandiyada ailə ilə məktəb arasında bu cür fundamental ziddiyyətlər yoxdur. Fin şagird bizim şagirddən fərqli olaraq, məktəbdə öyrəndiyi 7 yunan müdrikini evdə inandığı 12 imama satmaq məcburiyyətində deyil.

Yaponiya, Böyük Britaniya, Kanada, Cənubi Koreya, Hollandiya, Çexiya, Estoniya, Almaniya, Fransa və Uruqvay (vətəndaşlarının çoxu Avropa mənşəlidir) yüz il əvvəl dinin əhəmiyyət daşıdığı ölkələr ikən, bu gün dini inancların ən zəif olduğu ölkələr arasında yer alır. Nisbətən zəngin olan bu ölkələrdə təhsil və sosial müdafiə sistemi güclü, sosial bərabərsizlik səviyyəsi aşağı olduğu üçün Oklend Universitetinin psixoloqu Kventin Atkinsonun BBC-yə dediyi sözlərlə desək, "insanlar başlarına gələn hadisələrdən qorxmurlar”. Çünki güvən hissini göylərdən deyil, hökumətdən və sığortalanmış həyatlarından alırlar.

Tam əksinə, sosial rifah səviyyəsi, səhiyyə və təhsil sistemi bərbad olan, sosial bərabərsizliyi üsyan həddində yaşayan ölkələrdə insanlar özlərinə və ölkələrinə yox, mistik güclərə güvənməyə məcburdurlar, çünki xəstələndikdə səhiyyə, evləri yandıqda sığorta sistemi tapa bilmirlər. Sözün həqiqi mənasında bu cür kasıb ölkələrin insanları Allah umuduna yaşayırlar. Düzdür, sosial rifahı yüksək olub əhalisinin doxsan faizinin dindar olduğu ABŞ və atom hücumuna məruz qaldıqdan sonra tarixinin ən yoxsul, səfalət dövründə Tanrıya olan inamını itirib kütləvi şəkildə ateistləşən Yaponiya kimi istisnalar da var. Bu barədə növbəti yazılarımızın birində yazarıq.

Məncə, biz də cəhalət təhlükəsi ilə üz-üzə qalmaq istəmiriksə, ilk növbədə, Norveçdə, Finlandiyada olduğu kimi, dinin insanlara verdiyi psixoloji güvəni sosial rifahı yaxşılaşdırmaqla aradan qaldıra bilərik, nəinki Quran kursları açmaq, yaxud orta məktəblərdə din dərsləri verməklə.

Son illərdə Türkiyə qədər təhsil islahatları aparan ikinci ölkə yoxdur, amma nəticəsizdir, çünki ailələrin və bu ailələrin təşkil etdiyi cəmiyyətin sosial rifah səviyyəsi günü-gündən pisləşir, üstəgəl, hökumət özü də öz bacarığına deyil, "Allahın köməkliyi”nə bel bağlayır. Sayı artan mədrəsələrdə 2-3 yaşlı uşaqlara latın qrafikası ilə yanaşı, yediyi simitə görə Allaha şükür etməyi öyrədirlər. Belə uşaq heç vaxt özünün və elmin gücünə inanmaz, bekara söhbətdir. Belə bir vəziyyətdə təhsilə hansısa modelin tətbiq olunmasının da heç bir əhəmiyyəti yoxdur.

Bütün bu yazdıqlarım mövzu haqqında apardığım araşdırmaların cüzi bir hissədir və gəldiyim qənaət budur ki, o cəmiyyətdə ki ateizm sosial bir kult kimi formalaşmayıb, həmin cəmiyyətdə təhsil "Əlifba” kitabından uzağa gedə bilməz.

Digər xəbərlər
SON XƏBƏRLƏR