10-07-2013 [15:16]
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin Akademiyasının
NİZAMNAMƏSİnin təsdiq olunması haqda Fərman imzalayıb. Mia.az
Nizamnaməni olduğu kimi təqdim edir:
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli
1972 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin Akademiyası (bundan sonra - Akademiya) ali və
əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi
tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
1.2. Akademiya hüquqi şəxsdir, onun müstəqil balansı, istifadəsində
olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü,
ştampları və blankları vardır.
1.3. Akademiya Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi üçün ali təhsilli kadrlar
hazırlayır, gömrük orqanlarının işçilərinin əlavə təhsilini və
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyətinin aktual
problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasını təşkil edir.
1.4. Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin kollegiyasının qərarlarını, Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Nizamnaməni
rəhbər tutur.
1.5. Akademiyanın fəaliyyətinə xüsusi razılıq
(lisenziya) verilməsi və Akademiyanın akkreditasiyası "Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.6. Akademiya dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
1.7. Akademiya "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq statistik və "Mühasibat uçotu haqqında”
Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim
edir, fəaliyyətinin nəticələri barədə Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin sədrinə hesabat verir.
1.8. Akademiya Bakı şəhərində yerləşir.
2. Akademiyanın fəaliyyətinin əsas istiqamətləri
2.0. Akademiyanın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
2.0.1. gömrük işi üzrə yüksəkixtisaslı kadrların hazırlanması;
2.0.2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyət
istiqamətləri üzrə kadrların əlavə təhsilinin həyata keçirilməsi;
2.0.3. gömrük işi sahəsində elmi tədqiqatların aparılması;
2.0.4. metodik işin təşkili və təkmilləşdirilməsi.
3. Akademiyanın vəzifələri və hüquqları
3.1. Akademiyanın vəzifələri aşağıdakılardır:
3.1.1. yüksəkixtisaslı mütəxəssislər hazırlamaq, kadrların əlavə
təhsilini həyata keçirmək, elmi və elmi-pedaqoji kadrlar hazırlamaq;
3.1.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;
3.1.3. dəyişən heyətin attestasiyasını keçirmək;
3.1.4. təhsil haqqında diplomlar, habelə "Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq təhsilə dair digər sənədlər
vermək;
3.1.5. tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək, bina və otaqları mövcud norma və tələblərə uyğun qurmaq;
3.1.6. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, dəyişən
heyətin intellektual, mədəni və mənəvi inkişafını təmin etmək,
peşəkarlıq xüsusiyyətlərini formalaşdırmaq;
3.1.7. gömrük işi sahəsində elmi tədqiqat işlərini, o cümlədən gömrük
tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqat işlərini
təşkil etmək;
3.1.8. fundamental və tətbiqi elmi araşdırmalar aparmaq, dövlət
qurumları üçün məlumat-analitik, elmi-metodik materiallar və tövsiyələr
hazırlamaq;
3.1.9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində ehtiyat kadrların formalaşdırılması işində iştirak etmək;
3.1.10. Akademiyaya ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
3.1.11. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodik,
elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək,
maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;
3.1.12. dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;
3.1.13. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
3.2. Akademiyanın aşağıdakı hüquqları vardır:
3.2.1. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu
Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;
3.2.2. Akademiyanın tədris, metodik, elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;
3.2.3. tədris prosesinin metodik təminatını təşkil etmək və
təkmilləşdirmək, təlimin forma və metodlarını müəyyən etmək, dövlət
təhsil
standartlarına və ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə
təhsil proqramlarına uyğun olaraq, tədris sənədlərini və tədris
prosesinin təşkilinə aid digər sənədləri müstəqil hazırlamaq;
3.2.4. təhsilin nəticələrinə görə təhsilalanların peşəkar biliklərini və
işgüzar keyfiyyətlərini qiymətləndirmək və həmin bilik və
keyfiyyətlərdən müvafiq xidmət sahələrində istifadə olunması barədə
onlara tövsiyələr vermək;
3.2.5. profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirmək və elmi-metodik sənədlər hazırlamaq;
3.2.6. elmi əlaqələr yaratmaq, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak etmək;
3.2.7. iclaslar, seminarlar, konfranslar, simpoziumlar, olimpiadalar,
müsabiqələr, sərgilər keçirmək və onların işində iştirak etmək;
3.2.8. Akademiyanın fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini
həyata keçirmək, elmi əsərləri, tədris və tədris-metodik ədəbiyyatları
hazırlamaq və nəşr etmək;
3.2.9. "Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq müqavilə əsasında ödənişli təhsil
xidmətləri göstərmək;
3.2.10. Akademiyanın strukturunun
təkmilləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi və
maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinə təkliflər vermək;
3.2.11. Akademiyanın işçilərinə fəxri adlar, dövlət təltifləri və
mükafatlar verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin sədri qarşısında vəsatət qaldırmaq;
3.2.12.
Akademiyanın fəaliyyət istiqamətlərinə aid edilmiş məsələlər üzrə icra
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki
şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan
belə məlumatları (sənədləri) almaq;
3.2.13. "Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq beynəlxalq
təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək
və təcrübə mübadiləsi aparmaq, tələbə, magistr, doktorant, müəllim və
elmi işçilər mübadiləsi üçün beynəlxalq əlaqələr yaratmaq;
3.2.14. Akademiyanın fəaliyyətinin təşkili məqsədi ilə öz səlahiyyətləri daxilində qanuna zidd olmayan aktlar qəbul etmək;
3.2.15. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
4. Akademiyanın strukturu və idarə edilməsi
4.1. Akademiyanın strukturunu və ştat cədvəlini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təsdiq edir.
4.2. Akademiyanın strukturuna rəhbərlik, fakültə, kafedra, şöbə, katiblik, kitabxana və digər struktur bölmələri daxildir.
4.3. Akademiyanın rəhbərliyi Akademiyanın rəisindən və Akademiya rəisinin üç müavinindən ibarətdir.
4.4. Akademiyanın rəisi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
sədrinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti
tərəfindən, Akademiya rəisinin müavinləri isə Akademiya rəisinin
təqdimatına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
4.5. Akademiyanın fəaliyyətinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.
4.6. Akademiyanın fəaliyyətinə cari rəhbərliyi Akademiyanın rəisi həyata keçirir.
4.7. Akademiyanın rəisi:
4.7.1. Akademiyanın vəzifələrinin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;
4.7.2. Akademiyanın təhsil, təlim-tərbiyə, tədris-metodik, elmi
tədqiqat, redaksiya-nəşriyyat və maliyyə-təsərrüfat fəaliyyətinə
rəhbərlik
edir;
4.7.3. dövlət orqanlarında, idarələrində və
təşkilatlarında, beynəlxalq təşkilatlarla münasibətlərdə Akademiyanı
təmsil edir, Akademiyanın
adından əqdlər bağlayır, etibarnamələr verir, banklarda və digər kredit təşkilatlarında hesablar açır;
4.7.4. Akademiyanın daxili intizam qaydalarını təsdiq edir;
4.7.5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə Akademiyanın
ştat sayı, struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğvi
barədə təkliflər verir, ştat cədvəlini təsdiq olunmaq üçün təqdim edir;
4.7.6. Akademiyada maddi vəsaitlərin uçotunu təşkil edir, onlardan
istifadəyə nəzarət edir, öz səlahiyyətləri çərçivəsində Akademiyanın
əmlakına və vəsaitlərinə dair sərəncam verir;
4.7.7.
Akademiyanın fəaliyyəti ilə bağlı məsələlərin Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin kollegiyasının müzakirəsinə çıxarılması üçün
təşəbbüs göstərir, həmin məsələlərin kollegiyanın müzakirəsinə
hazırlanmasını təmin edir;
4.7.8. Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin iş planında və kollegiyasının qərarlarında,
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin əmr və
sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə
yetirilməsini təmin edir;
4.7.9. öz səlahiyyətləri daxilində
Akademiyanın daimi və dəyişən heyəti üçün icrası məcburi olan əmr,
sərəncam və yazılı göstərişlər verir;
4.7.10. Akademiyanın
işçilərinə xüsusi rütbələrin verilməsi barədə Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsinə təqdimat verir;
4.7.11. Akademiya rəisinin müavinlərinin və digər işçilərin səlahiyyətlərini müəyyən edir, vəzifə təlimatlarını təsdiq edir;
4.7.12. Akademiyanın işçilərinin əməyinin ödənilməsini və onların həvəsləndirilməsini təşkil edir;
4.7.13. Akademiyada kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata
keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;
4.7.14. Akademiyada vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;
4.7.15. Akademiyanın fəaliyyəti ilə bağlı Akademiyanın Elmi Şurasının
səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.
4.8.
Akademiyanın rəisi özünün ayrı-ayrı səlahiyyətlərinin icrasını müvafiq
əmrlə Akademiya rəisinin müavinlərinə və Akademiyanın digər
vəzifəli şəxslərinə həvalə edə bilər.
4.9. Akademiyanın fəaliyyətinin mühüm məsələlərini müzakirə etmək üçün
ali idarəetmə orqanı - Akademiyanın Elmi Şurası (bundan sonra - Elmi
Şura) yaradılır.
4.10. Akademiyanın struktur bölmələrinin
fəaliyyəti Elmi Şuranın qəbul etdiyi və Akademiya rəisinin təsdiq etdiyi
əsasnamələrlə müəyyən olunur.
4.11. Elmi Şuranın tərkibini
Akademiya rəisinin təqdimatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin sədri təsdiq edir. Elmi Şuranın tərkibinə Akademiyanın rəisi
(Elmi Şuranın sədri), Akademiya rəisinin müavinləri, fakültə dekanları,
aparıcı kafedraların müdirləri və digər mütəxəssislər daxil edilirlər.
Elmi Şuranın tərkibinə həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin struktur bölmələrinin rəhbərləri də daxil edilə bilərlər.
4.12. Elmi Şura sədrinin müavinləri və katibi Elmi Şuranın tərkibindən
seçilir. Elmi Şuranın səlahiyyət müddəti 5 ildir. Elmi Şura üzvlərinin
səlahiyyətlərinə Elmi Şuranın qərarı ilə vaxtından əvvəl xitam verilə
bilər. Elmi Şuranın vaxtından əvvəl yenidən yaradılması onun üzvlərinin
azı üçdə iki hissəsinin tələbi ilə həyata keçirilir.
4.13. Elmi
Şuranın fəaliyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
normativ hüquqi aktlarının və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təsdiq etdiyi "Elmi Şura haqqında Əsasnamə”nin tələblərinə
uyğun təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.
4.14. Elmi Şuranın qərarları Akademiya rəisinin əmrləri ilə təsdiq olunur.
4.15. Elmi Şura:
4.15.1. tədris, təlim-tərbiyə, metodik və elmi tədqiqat işlərinin mühüm məsələlərini həll edir;
4.15.2. kadrların hazırlanması və əlavə təhsili istiqamətində təkliflər verir;
4.15.3. tədris planlarının və proqramlarının layihələrini, metodik,
təlim-tərbiyə, elmi tədqiqat, redaksiya-nəşriyyat işlərinin və əlavə
təhsil planlarının layihələrini müzakirə edir;
4.15.4. Akademiyanın və onun struktur bölmələrinin hesabatlarını dinləyir;
4.15.5. dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi və
elmi-metodik ədəbiyyatın digər növlərinin layihələrini müzakirə edir;
4.15.6. yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlar hazırlanması istiqamətində iş aparır;
4.15.7. Akademiyanın elmi-pedaqoji işçilərinə elmi adlar verilməsi üçün vəsatət qaldırır;
4.15.8. dissertasiyaların mövzularını təsdiq edir;
4.15.9. Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı tədbirləri müzakirə edir;
4.15.10. adlı təqaüdlər verilməsi üçün namizədləri təsdiq edir;
4.15.11. Akademiyanın strukturu barədə Akademiyanın rəisinə təkliflər verir;
4.15.12. elmi tədqiqatların prioritet istiqamətlərini müəyyən edir,
elmi tədqiqat planlarını və onların yerinə yetirilməsinə dair
hesabatları, pedaqoji kadrların hazırlanması və əlavə təhsili planlarını təsdiq edir;
4.15.13. doktoranturaya qəbul edilməsi, dissertant təhkim olunması,
habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün müraciət etmiş
şəxslər sırasından namizədləri tövsiyə edir;
4.15.14. Akademiyanın fəxri adlarını təsis edir və verir;
4.15.15. Akademiyanın təhsil birliklərinə, assosiasiyalarına və
ittifaqlarına daxil olması və onlardan çıxması məsələlərinə dair
Akademiyanın rəisinə təkliflər verir.
4.16. Akademiyanın
fakültələri onun tədris-elm və inzibati bölməsi olub, eyni sahə və
istiqamət daxilindəki bir və ya bir-birinə yaxın olan bir neçə ixtisas
üzrə bakalavr və magistrlərin hazırlanması, müvafiq sahə üzrə
mütəxəssislərin (kadrların) ixtisasının artırılması və yenidən
hazırlanması işini həyata keçirir, eləcə də elmi tədqiqat və tərbiyə
işlərinə rəhbərlik edir.
4.17. Akademiyanın fakültələrinə ümumi
rəhbərliyi fakültə elmi şurası həyata keçirir. Fakültə elmi şurası
Akademiya rəisinin əmrinə əsasən 3 il müddətinə seçilir. Fakültə elmi
şurasının sədri - dekandır. Fakültə elmi şurasının vaxtından əvvəl
yenidən seçilməsi onun üzvlərinin azı üçdə ikisinin tələbi ilə həyata
keçirilir. Fakültə elmi şurasının tərkibini Akademiyanın rəisi təsdiq
edir. Fakültə elmi şurasının tərkibi və səlahiyyətləri Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi "Elmi Şura haqqında
Əsasnamə” ilə tənzimlənir.
4.18. Kafedra Akademiyanın əsas
tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə
tədris, metodik, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili həyata
keçirir.
4.19. Akademiyada elmi-pedaqoji (professor-müəllim
heyəti, elmi işçilər), mühəndis-texnik, inzibati, inzibati-təsərrüfat,
tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur.
5. Akademiyaya qəbul
5.1. Akademiyaya tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə
keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə
əsasən, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
tərəfindən həyata keçirilir.
5.2. Akademiyanın bakalavriat
səviyyəsinə tam orta təhsili və ya orta ixtisas təhsili olan şəxslər,
magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər qəbul
oluna bilərlər.
5.3. Akademiyanın bakalavriat, magistratura,
doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulan hallarda həyata keçirilir.
5.4.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Akademiyaya qəbul
planı barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə qəbul
planı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında
Təhsil üzrə Komissiyaya təqdim edir. Akademiyaya qəbul planını
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya
müəyyən edir.
6. Akademiyanın tədris fəaliyyəti
6.1.
Akademiyada mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı ali təhsilin
bakalavriat, magistratura və doktorantura səviyyələrindən ibarətdir.
6.2. Akademiyada bakalavriat təhsili yalnız əyani formada,
magistraturada təhsil isə əyani və qiyabi formalarda təşkil olunur.
Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti dörd
ildir. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ
müddəti iki il, qiyabi forma üzrə isə iki il altı aydır.
6.3.
Akademiyada bakalavriat və magistratura təhsili "Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilir.
6.4. Akademiyada doktoranturanın yaradılması və doktoranturaya qəbul
qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən
olunur.
6.5. Akademiyada çalışan elmi-pedaqoji kadrlara elmi
dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır.
Akademiyanın müvafiq kafedralarına dissertantların təhkim olunması
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş
qaydada həyata keçirilir.
6.6. Akademiyanın əməkdaşlarına elmi
dərəcələr və elmi adlar Azərbaycan Respublikası Prezidentinin 2003-cü il
21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi
dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə
uyğun olaraq verilir.
6.7. Akademiyada əlavə təhsil "Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun
olaraq təşkil edilir.
6.8. Akademiyada əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
6.8.1. ixtisasartırma;
6.8.2. kadrların yenidən hazırlanması;
6.8.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi;
6.8.4. təkrar ali təhsil;
6.8.5. dərəcələrin yüksəldilməsi.
6.9. Akademiyada əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir.
Azərbaycan Respublikası gömrük orqanlarının əməkdaşlarının əlavə
təhsili
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş
"Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf
fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na
əsasən gömrük sisteminin büdcədənkənar inkişaf fondu hesabına ödənilir.
6.10. Akademiyada ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil
pilləsinin dövlət təhsil standartına və proqramına, habelə müvafiq
ixtisaslar üzrə təhsil proqramına uyğun hazırlanmış və Akademiyanın
rəisi tərəfindən təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir.
6.11. Akademiya tədris prosesinin forma, metod və vasitələrini müəyyən
edərkən, peşə təhsili proqramlarının və tədris planlarının tam həcmdə
mənimsənilməsinə şərait yaradır. Akademiyada tədris prosesi Avropa
Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil
edilir.
6.12. Akademiyada eyni zamanda beynəlxalq təhsil
proqramları həyata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə
mütəxəssis hazırlığı beynəlxalq müqavilələr, "Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanunu və bu Nizamnamə ilə tənzimlənir.
6.13. Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya
Komissiyası tərəfindən keçirilir. Dövlət Attestasiya Komissiyasının
yaradılması və işinin təşkili Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
6.14.
Təhsilalanların bir təhsil proqramından digərinə və ya Akademiyadan
başqa bir ali təhsil müəssisəsinə köçürülməsi, xaric edilməsi,
Akademiyaya bərpa olunması və onlara akademik məzuniyyət verilməsi
məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.
6.15. Ali təhsilin
bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət
attestasiyasından keçmiş təhsilalanlara təhsil haqqında dövlət sənədi -
diplom verilir.
6.16. Doktoranturada təhsilini başa vurmuş və
müvafiq elmi dərəcə almış şəxslərə həmin elmi dərəcəni təsdiq edən vahid
formada dövlət nümunəli sənəd - diplom verilir.
6.17. Ali
təhsilin müvafiq səviyyələrini başa vurmayan təhsilalanlara Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada arayış verilir.
7. Akademiyanın elmi tədqiqat fəaliyyəti
7.1. Akademiyada mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir.
7.2. Akademiyanın elm sahəsində fəaliyyəti Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin fəaliyyətinin aktual problemləri üzrə elmi
tədqiqat
işlərinin aparılmasına, Akademiyanın profilinə uyğun olaraq elmin
müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin
tədris prosesində və gömrük işində tətbiqinə yönəldilir.
7.3. Akademiyada aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.
7.4. Akademiya apardığı elmi tədqiqat işlərinin nəticələrinin gömrük
işi sahəsində və tədris prosesində (mühazirə, məşğələ, seminar və
laboratoriya dərslərində, kurs layihələrində, kurs və buraxılış
işlərində, magistr dissertasiyalarında) tətbiq olunmasını və onların
monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc
olunmaqla, elmi forumlarda məruzə edilərək yayılmasını təşkil edir.
7.5. Akademiyada həyata keçirilən elmi tədqiqat fəaliyyətinin məqsədi aşağıdakılardan ibarətdir:
7.5.1. fundamental və tətbiqi-nəzəri araşdırmaların aparılmasını, elmi
tədqiqat və elmi-texniki işlərin həyata keçirilməsini təmin etmək;
7.5.2. elmi xarakterli tapşırıqları icra etmək;
7.5.3. kadrların elmi potensialından səmərəli istifadə etməklə təlimin keyfiyyətini yüksəltmək;
7.5.4. professor-müəllim heyətinin ixtisas səviyyəsini artırmaq;
7.5.5. elmi tədqiqatların nəticələrinin və nailiyyətlərinin tətbiqini təşkil etmək;
7.5.6. tədris və elmi proseslərin vəhdətini təmin etmək;
7.5.7. elmi tədqiqat işlərinin nəticələrini tədris prosesində və
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təcrübi fəaliyyətində
tətbiq etmək;
7.5.8. elmi tədqiqat işlərinin əsas istiqamətləri üzrə milli və beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;
7.5.9. müraciət əsasında dövlət və qeyri-dövlət qurumları üçün
analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətini həyata keçirmək;
7.5.10. normativ hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının keçirilməsində iştirak etmək;
7.5.11. milli və xarici ekspertlərin iştirakı ilə elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslər keçirmək.
7.6. Akademiyada elmi tədqiqat işlərinin istiqamətlərini Elmi Şura müəyyən edir.
7.7. Akademiyanın elmi tədqiqat fəaliyyəti Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmaqla Elmi Şuranın təsdiq etdiyi
perspektiv və cari planlara uyğun olaraq həyata keçirilir.
8. Akademiyanın daimi və dəyişən heyəti
8.1.
Akademiyanın daimi heyəti rəhbərlikdən, professor-müəllim heyətindən,
elmi işçilərdən və ştat cədvəli ilə müəyyən edilmiş digər işçilərdən
ibarətdir.
8.2. Akademiyanın daimi heyətinə aid vəzifələrə
kadrların təyin və azad edilməsi Akademiya rəisinin təqdimatı əsasında
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən
həyata keçirilir.
8.3. Professor-müəllim heyəti və elmi işçi
vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə
görə müasir tələblərə uyğun dərs keçmək və elmi tədqiqatlar aparmaq
bacarığına malik şəxslər təyin edilirlər. Elmi dərəcəsi və elmi adı,
vəzifənin profilinə uyğun ali təhsili, pedaqoji təcrübəsi olan şəxslər
professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı üstünlüyə
malikdirlər.
8.4. Akademiyanın daimi heyətinə daxil olan
şəxslərin, o cümlədən Akademiyanın inzibati, inzibati-idarəetmə,
inzibati-təsərrüfat, mühəndis-texnik, tədris-köməkçi heyətinə aid
şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası,
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanunu və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, bu Nizamnamə, Akademiyanın daxili intizam
qaydaları, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ
hüquqi aktları və işəgötürənlə təhsilverənlər arasında bağlanılan əmək
müqavilələri ilə tənzimlənir.
8.5. Akademiyanın professor-müəllim heyətinin və elmi işçilərinin vəzifələri aşağıdakılardır:
8.5.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
8.5.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
8.5.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları
vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil
həyata və əmək fəaliyyətinə hazırlamaq;
8.5.4. təhsilalanları elmi fəaliyyətə cəlb etmək;
8.5.5. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının
tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və
ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri
aşılamaq;
8.5.6. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
8.5.7. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
8.5.8. təhsilalanların fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
8.5.9. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər keçmək;
8.5.10. attestasiyadan keçmək;
8.5.11. Akademiyanın daxili intizam qaydalarına riayət etmək.
8.6. Akademiyanın professor-müəllim heyəti və elmi işçilərinin aşağıdakı hüquqları vardır:
8.6.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
8.6.2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;
8.6.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
8.6.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
8.6.5. Akademiyada vəzifə tutmaq və uyğun gəldikdə seçkili vəzifələrə seçmək və seçilmək;
8.6.6. əlavə təhsil almaq, elmi dərəcəsini yüksəltmək;
8.6.7. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq.
8.7. Akademiyanın dəyişən heyəti (təhsilalanlar) Akademiyada təhsil
alan müdavimlərdən, dinləyicilərdən və doktorantlardan
(dissertantlardan) ibarətdir.
8.8. Müdavimlər - Akademiyada əyani formada təhsil alan şəxslərdir.
8.9. Dinləyicilər - Akademiyada əlavə təhsil alan şəxslər və Akademiyada qiyabi formada təhsil alan şəxslərdir.
8.10. Doktorantlar (dissertantlar) - Akademiyanın müvafiq struktur bölməsində elmi və elmi-pedaqoji hazırlıq keçən şəxslərdir.
8.11. Akademiyaya qəbul edilənədək xüsusi rütbəsi olan şəxslərin həmin rütbələri saxlanılır.
8.12. Akademiyanın dəyişən heyətinin (təhsilalanların) vəzifələri aşağıdakılardır:
8.12.1. dövlət təhsil standartına uyğun biliyə, bacarığa və vərdişlərə yiyələnmək;
8.12.2. daimi heyətin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
8.12.3. bu Nizamnamənin tələblərinə riayət etmək;
8.12.4. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara
əməl etmək.
8.13. Akademiyanın dəyişən heyəti (təhsilalanlar) aşağıdakı hüquqlara malikdir:
8.13.1. dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;
8.13.2. Akademiyanın tədris planlarına uyğun olaraq, tədris fənlərini,
semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və akademik
məsləhətçiləri (tyutorları) sərbəst seçmək;
8.13.3.
Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi
tədqiqat, informasiya, mədəni-məişət, idman və sağlamlıq mərkəzlərindən,
yataqxanalardan, kitabxanalardan və s.) istifadə etmək;
8.13.4. ali təhsil müəssisəsini və ixtisasını dəyişmək;
8.13.5. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
8.13.6. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
8.13.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
8.13.8. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
8.13.9. Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında iştirak etmək;
8.13.10. elmi-praktik konfransların, seminarların, yığıncaqların,
görüşlərin və Akademiyanın fəaliyyət istiqamətləri ilə bağlı digər
tədbirlərin keçirilməsində iştirak etmək.
9. Akademiyanın maliyyə-təsərrüfat fəaliyyəti
9.1. Akademiyanın əmlakı dövlət, Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi tərəfindən onun istifadəsinə, hüquqi və fiziki şəxslər
tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən və bu
Nizamnamədə öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan,
o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
9.2. Akademiya öz mülkiyyətində və istifadəsində olan əmlakın
saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün
məsuliyyət daşıyır.
9.3. Akademiyanın maddi-texniki bazasının
möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və
gömrük sisteminin büdcədənkənar vəsaiti hesabına həyata keçirilir.
9.4. Akademiya bu Nizamnaməyə əsasən göstərdiyi xidmətlər (tədris, elmi
tədqiqat, məsləhət-konsaltinq və digər xidmətlər) nəticəsində daşınar
və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya,
nəqliyyat vasitələri və s. əldə edə bilər.
9.5. Akademiyanın özəlləşdirilməsi qadağandır.
9.6. Akademiya mövcud qanunvericilik çərçivəsində, "Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənişli təhsil
xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, ianələr
və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan
vəsait və digər əmlak Akademiyaya dövlət büdcəsindən ayrılan vəsaitin
məbləğinə təsir göstərmir və ondan Nizamnaməyə uyğun olaraq sərbəst
istifadə edilir.
9.7. Akademiyanın əldə etdiyi mənfəət yalnız
təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial
müdafiəsinə yönəldilir. Akademiya ödənişli təhsildən əldə olunan və
digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin
maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən
edir, daimi və dəyişən heyətə maddi yardımlar göstərir.
9.8.
Akademiyanın maliyyələşdirilməsi təhsilin hər səviyyəsi üzrə müəyyən
edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər
hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
9.9. Akademiya aşağıdakı mənbələrdən maliyyələşdirilir:
9.9.1. dövlət büdcəsinin vəsaitləri hesabına;
9.9.2. ödənişli təhsildən əldə olunan vəsaitlər hesabına;
9.9.3. "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq Akademiyaya verilən qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr
və yardımlar hesabına;
9.9.4. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları hesabına;
9.9.5. Akademiyanın təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və bu
Nizamnaməyə uyğun olaraq digər xidmətlərdən əldə etdiyi vəsaitlər
hesabına;
9.9.6. hüquqi və fiziki şəxslərin, müqavilə əsasında, əlavə təhsil məqsədi ilə ayırdıqları vəsaitlər hesabına;
9.9.7. dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər hesabına;
9.9.8. Akademiyanın mülkiyyətində olan fiziki və mənəvi cəhətdən
köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün
yararsız olan digər əmlakın satışından əldə edilən vəsaitlər hesabına;
9.9.9. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əldə olunan digər vəsaitlər hesabına.
9.10. Akademiya bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
9.11. Akademiya öz fəaliyyətinin nəticələrinin uçotunu aparır.
10. Akademiyanın beynəlxalq əməkdaşlığı
Akademiyanın xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, həmçinin
kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə xarici ölkələrin
dövlət orqanları arasında bağlanmış sazişlər əsasında həyata keçirilir.
11. Akademiyanın yenidən təşkili və ləğvi
11.1. Akademiyanın yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
11.2. Akademiya ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir".