Qarabağ münaqizəsi Finlandiya parlamentində

img

08-11-2012 [10:31]


Finlandiya parlamentində Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzünün nəticələrinə dair qətnamə layihəsinin müzakirəsi ilə əlaqədar ?Dağlıq Qarabağ ? işğal edilmiş və unudulmuş ərazilər? mövzusunda dinləmələr olub. Dinləmələrdə Finlandiya parlamentinin üzvləri, Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucov, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri deputat Elxan Süleymanovun başçılığı ilə bu qrupun üzvləri Fazil Mustafa, Zahid Oruc və Ceyhun Osmanlı iştirak edib. Nümayəndə heyətinə Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq edib. Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Eero Lehti qeyd edib ki, Finlandiya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb və artıq 1992-ci ildə diplomatik münasibətlər yaradılıb. Lakin iqtisadi əlaqələr arzu edilən səviyyədə deyil, bu münasibətlərin genişləndirilməsi üçün çox böyük potensial var. Eero Lehti bu gün Finlandiya parlamentində müzakirə edilən Dağlıq Qarabağ münaqişəsi Finlandiya KİV-lərində yetərincə işıqlandırdığını deyib. "20 ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandırmaq olmaz, çünki dinc əhali hələ də həlak olur. Bu problem beynəlxalq məsələdir, çünki onun həll edilməmiş qalması təkcə regiona deyil, bütün dünyaya ziyan vurur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir və dünya birliyi bu fikrin tərəfdarıdır". E.Lehti qeyd edib ki, dinləmənin məqsədi regionda kəskin münaqişələrdən biri sayılan Dağlıq Qarabağ problemini bir daha müzakirə etməkdir. "Finlandiya da öz növbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya bilər". Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov qeyd edib ki, Finlandiya daha fəal hərəkət edə və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə və beynəlxalq hüquq normalarına uyğun həllində ciddi mövqe tuta bilər. Finlandiya parlamenti bu problem barəsində müvafiq qətnamə qəbul etməklə, beynəlxalq təşkilatlardan həmin sənədlərin yerinə yetirilməsini tələb edə bilər. AŞPA-nın fəxri üzvü Jaako Laakso Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etməyin səhv olduğunu deyib. Çünki regionda hər gün toqquşmalar baş verir, qadınlar və uşaqlar snayper güllələrindən həlak olurlar. Son vaxtlar müharibə təhlükəsi artıb. Finlandiya hökuməti öz növbəsində beynəlxalq hüquq çərçivəsində regionda sülhə nail olmağa kömək edə bilər. O, beynəlxalq birlik ərazi bütövlüyü prinsipindən çıxış edərək münaqişənin dinc yolla tənzimlənməsinə dair danışıqları dəstəkləyir. Əli Həsənov da Azərbaycan Hökuməti adından Finlandiya parlamentinin rəhbərliyinə və deputatlara təşəkkürünü bildirib. "Beynəlxalq qiymətləndirmə təşkilatlarının ilkin hesablamalarına görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dolları dəyərində ziyan vurulmuş, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ağır iqtisadi böhran və bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalıb". Əli Həsənov deyib: "Mən bu fürsətdən istifadə edərək, Azərbaycan tərəfinin ən yüksək səviyyədə dəfələrlə bəyan edilmiş mövqeyini burada bir daha təkrarlamaq istəyirəm. Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsiplərindən irəli gələrək hesab edir ki, münaqişənin davamlı həlli yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycan tərkibində beynəlxalq praktikadan irəli gələn və hər iki icma üçün bərabər hüquq və azadlıqların təmin edilməsinə və onların dinc şəkildə birgə yaşayışına zəmanət verən özünüidarə formasında ola bilər. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz bu sahədə dünyada, xüsusilə Avropada mövcud olan ən qabaqcıl təcrübəni tətbiq etməyə hazırıq. Münaqişə yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilə bilər". Dinləmələrdə Avropa İttifaqının Qafqaz regionu üzrə sabiq xüsusi nümayəndəsi, səfir Heyikki Talvitie diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar heç bir nəticə verməyib. Minsk qrupunda təmsil olunmuş ölkələrdə güclü erməni lobbisinin fəaliyyət göstərməsi Azərbaycanın bununla əlaqədar haqlı narazılığına əsas verir. Sonra müzakirələr başlayıb. Parlamentin foyesində Xocalı soyqırımı haqqında kitabların və digər materialların sərgisi təşkil edilib(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA