ATƏT Azərbaycandakı vəziyyətin müzakirəsi üçün Bakıya 19 səfir göndərir

img

09-09-2012 [06:50]


ATƏT-ə daimi üzv olan 19 ölkənin səfiri sentyabrın 10-da Azərbaycana iki günlük səfərə gəlir. Hazırda Ermənistanda olan səfirlər Bakıda hökumət və vətəndaş cəmiyyəti nümayəndələri, parlamentdə təmsil olunan və olunmayan siyasi partiya təmsilçiləri, o cümlədən prezidentlə görüşəcəklər. Kifayət qədər ciddi hadisə kimi qəbul edilən bu səfərdə hansı məsələlərin müzakirəsi nəzərdə tutulur? Siyasi ekspert Rahim Hacıyev Ramil Səfərovun azadlığa buraxılmasından sonra bütün dünyada böyük bir ajiotaj yarandığını, Ermənistanın isterik reaksiyalarının davam etdiyini deyir. Dünya birliyinin də bu məsələyə münasibəti kifayət qədər sərt olub və bununla bağlı ciddi narahatlıq yaranıb. Narahatlığa səbəb isə hadisənin xoşagəlməz nəticələrə gətirib çıxara biləcək qorxusudur. Artıq müharibə ehtimalının artması haqqında fikirlər söylənilir. Ekspertin sözlərinə görə, ATƏT də münaqişənin həll etmək istiqamətində göstərilən səylərin puça çıxacağından narahatdır. Çünki bu qurum yaradılan sülh şəraiti öz aktivlərinə yazmağa çalışır. Eyni zamanda regionda sabitliyin pozulmasında maraqlı qüvvələrin olduğu da məlumdur. Hillari Klintonun Bakı səfəri zamanı atəşkəsin qəflətən pozulması da bunu deməyə əsas verir. Rusiya bununla prosesə başqalarının müdaxiləsini arzulamadığını göstərir. Ekspertin fikrincə, ATƏT səfirləri yaranmış vəziyyəti kifayət qədər dramatik hesab edir və hökumət nümayəndələri ilə yanaşı vətəndaş cəmiyyəti, siyasi partiyaların təmsilçiləri ilə görüşməklə ölkədəki mövcud vəziyyətlə bağlı məlumat əldə etməyə çalışacaqlar. Həmçinin səfirlər Azərbaycan ictimaiyyətinin geniş spektrinin mövcud problemlərlə bağlı mövqeyini öyrənməyə çalışacaq (Azadliq.info).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA