Elmar Məmmədyarov beynəlxalq konfransda olub

img

10-02-2012 [12:15]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığına səfəri çərçivəsində Avropa Parlamentində (AP) Avropa Xalq Partiyası (AXP) tərəfindən təşkil olunmuş ?Avropa İttifaqı (Aİ) - Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər? adlı konfransda iştirak edib. Xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfransda Azərbaycan tərəfindən nazir E.Məmmədyarov, Milli Məclisin deputatları S.Seyidov, A.Hacıyev və Ə.Hüseynov, qarşı tərəfdən isə AXP prezidenti V.Martens, keçmiş AP Prezidenti Y.Buzek, AP-nin Xarici İşlər üzrə Komitəsinin sədri E.Brok, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı münaqişə üzrə xüsusi nümayəndəsi F.Lefort əsas natiq qismində çıxış edib, eləcə də tədbirdə AP-nin çoxsaylı üzvləri iştirak etmişlər. AP-nin ən böyük siyasi qrupu olan AXP tərəfindən təşkil olunan və ilk bu qəbildən olan tədbirə AP siyasi qrupları və komitələri, eləcə də yerli media, qeyri-hökumət təşkilatları, tələbə və diplomatik korpusun üzvləri tərəfindən böyük maraq göstərilib. Nazir Elmar Məmmədyarov öz çıxışında hazırda Azərbaycanın Cənubi Qafqaz bölgəsində, eləcə də beynəlxalq miqyasda oynadığı əhəmiyyətli rolu, ölkənin iqtisadi inkişafı və həyata keçirilən islahatlar, xarici siyasətin prioritetlərindən biri olan Avropa İttifaqı ilə münasibətlərindən bəhs edərək, Aİ ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb. Xarici işlər naziri insanlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edərək, bununla əlaqədar Aİ ilə viza sadələşdirilməsi və readmissiya haqqında sazişlər üzrə danışıqlarının ən qısa zamanda başlanmasının əhəmiyyətini bildirib. E.Məmmədyarov çıxışında əsas diqqəti Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə ayıraraq, Aİ-ni və onun əhəmiyyətli institutu olan Avropa Parlamentini münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe tutmağa çağırıb və bu xüsusda ikili standartların yol verilməzliyini vurğulayıb. E.Məmmədyarov münaqişə ilə bağlı AP-nin qəbul etdiyi 2010-cu il qətnaməsində, Azərbaycanın işğal olunmuş bütün torpaqlarından işğalçı qüvvələrin çıxarılması və öz doğma evlərindən didərgin düşmüş minlərlə insanın geri qayıtma haqlarının tanınması ilə bağlı ədalətli mövqeyini ucadan və çəkinmədən dünya ictimaiyyətinin diqqətinə çatdırdığı üçün AP-yə təşəkkür etmiş və 2010-cu il qətnaməsinin bu qəbildən olan sonuncu AP sənədi olmayacağına inandığını bildirib. Xarici İşlər Naziri E.Məmmədyarov konfransda iştirakla yanaşı, AXP Prezidenti V.Martens ilə işçi səhər yeməyi keçirib, AP-nin Xarici İşlər üzrə Komitəsinin sədri Elmar Brok və AP-nin vitse prezidenti Yasek Protasyeviç ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı qarşı tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA