Elmar Məmmədyarov Nyu-Yorkda görüzlər keçirib

img

12-01-2012 [12:45]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, ABŞ-ın Nyu-York şəhərində səfərdə olan E.Məmmədyarov səfər çərçivəsində Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Cənubi Afrika Respublikasının xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane ilə görüş keçirib. Görüş zamanı Azərbaycanla CAR arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları və ölkələrimizin maraq göstərdiyi bütün sahələrdə mövcud olan əməkdaşlıq nəzərdən keçirilərək, onun inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. O, həmçinin Azərbaycanda aparılan islahatlar, əldə olunmuş nailiyyətlər və regionda mövcud olan problemlərə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmkarına geniş məlumat verib. Görüş zamanı tərəflər yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi barədə razılığa gəliblər. Daha sonra nazir Portuqaliya Xarici İşlər Nazirliyinin dövlət katibi Luis Brites Pereyra ilə görüş keçirib. Görüşdə iki ölkə arasında mövcud olan münasibətlər, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Pereyra Portuqaliya ilə Azərbaycan arasında mövcud olan siyasi və iqtisadi əlaqələri yüksək qiymətləndirərək, müxtəlif investisiya layihələri - enerji, infrastruktur, telekommunikasiya və turizm sahələrində qarşılıqlı maraqların olduğunu qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA