Prokurorluq və DiN taksi sürücüsünün qətlə yetirilməsi ilə bağlı birgə məlumat yayıb

img

24-08-2011 [06:48]


Prokurorluq və Daxili İşlər Nazirliyi Bakı şəhər sakini Azər Məmmədovun qətlə yetirilməsi ilə bağlı aparılan təhqiqata dair birgə məlumat yayıblar. Respublika Prokurorluğunun mətbuat xidmətindən verilən xəbərə görə, avqustun 18-də Xətai Rayon Polis İdarəsinə Bakı şəhər sakini Azər Məmmədovun özünə məxsus "Volkswagen-Passat" markalı avtomaşınla evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat daxil olub. Bir gün sonra - avqustun 19-da saat 07:00 radələrində, itkin düşərək polis tərəfindən axtarılan Azər Məmmədovun üzərində kəsici-deşici alətlə yetirilən çoxsaylı xəsarətləri olan meyiti Şirvan şəhəri ərazisində aşkar edilib. Şəhər prokurorluğu və şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, digər zəruri istintaq-əməliyyat hərəkətləri aparılıb. Faktla bağlı Şirvan şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Şirvan şəhər prokurorluğu, Şirvan şəhər və İmişli rayon Polis Şöbələri əməkdaşlarının birgə həyata keçirdikləri intensiv, təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ağır cinayətin İmişli rayon sakinləri Tural Qarayev və Turqut Məmmədov tərəfindən törədilməsi müəyyən olunub və onlar tutulublar. İlkin ifadələrində onlar törətdikləri cinayət əməlini etiraf edərək bildiriblər ki, avqustun 19-da Bakı şəhərində olarkən gecə saat 02:00 radələrində Bakı metropoliteninin "28 May" stansiyasının yaxınlığında mərhum A. Məmmədovun taksi kimi idarə etdiyi avtomaşını saxlatdırıb Şirvan şəhərinə gedəcəklərini bildiriblər Sürücü ilə 80 manata razılaşaraq Şirvan şəhərinə çatdıqdan sonra əvvəlcədən öz aralarında razılaşdıqları plana uyun olaraq, sürücünü çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib və meyiti hadisə yerinə atdıqdan sonra avtomaşını sürərək gediblər. Mərhum A. Məmmədova məxsus "Volkswagen-Passat" markalı avtomaşın İmişli rayonu ərazisində aşkar edilib. Hazırda cinayət işi üzrə istintaq Şirvan şəhər prokurorluğunda davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA