III qrup üzrə bütün statistika açıqlandı

img

01-07-2011 [01:59]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 3-də 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Komissiyadan verilən məlumata görə, imtahan respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 3, Gəncədə 6, Sumqayıtda 6 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2508 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 247 imtahan rəhbəri cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 52 KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib. 2011-ci ildə III qrup üzrə 32869 abituriyent ərizə təqdim edib. Naxçıvan şəhərində yalnız Naxçıvan Muxtar Respublikasında yaradılmış Sənəd Qəbulu Komissiyalarında (SQK) ərizəsini təsdiq etdirmiş abituriyentlər imtahan verəcəklər. Gəncədə Naftalan və Gəncə şəhərlərində, Gədəbəy, Qazax, Şəmkir, Ağstafa, Tovuz, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarında yaşayan və orada yaradılmış SQK-larda sənəd vemiş abituriyentlər imtahan verəcəklər. Sumqayıtda həmin şəhərdə, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında yaradılmış SQK-larda sənəd vemiş abituriyentlər imtahan verəcəklər. III ixtisas qrupu üzrə sənəd verənlərin 29529 nəfəri Azərbaycan bölməsinin, 3340 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9270 nəfərini oğlanlar, 23599 nəfərini isə qızlar təşkil edir. 17538 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13158 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 149 abituriyent xarici ölkələrin vətəndaşıdır. 198 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1975 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1939 -cu ildən, ən gənc isə 1996-cı ildəndir. Bakı şəhərində 23326 abituriyent, Naxçıvanda 1991 abituriyent, Gəncədə 3791, Sumqayıtda isə 3761 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda ? saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 27-dən etibarən TQDK-nın internet saytına daxil olaraq ?İmtahana buraxılış vərəqəsi?ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara ?Yaddaş kitabçası?ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Abituriyentlər imtahana 2 sənəd gətirməlidirlər: - şəxsiyyəti təsdiq edən sənədin əslini - İmtahana buraxılış vərəqəsi"ni; Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da ?Space? telekanalında canlı yayımlanan ?Abituriyent? verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla ?İmtahancell? xidməti vasitəsilə öyrənə biləcəklər. III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 7-dən 13-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi