Fikrət Məmmədov kollegiya iclası keçirdi

img

02-06-2011 [11:11]


Ədliyyə Nazirliyində nazir Fikrət Məmmədovun iştirakı ilə kollegiya iclası keçirilib. Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda prezident İlham Əliyev tərəfindən mayın 26-da imzalanan və 90 nəfərə şamil olunan əfv sərəncamının icra olunduğu vurğulanıb. Qeyd olunub ki, bütövlükdə Azərbaycanda qəbul edilən 49 əfv aktı 5200-dən çox şəxsi əhatə edib. Kollegiyada prezidentin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair 23 may 2011-ci il tarixli Fərmanının icrası müzakirə olunub, müasir elektron sistemlərin tətbiqinin genişləndirilməsi, internet saytda elektron xidmətlərlə bağlı xüsusi bölmənin yaradılması, xarici ölkələrin təcrübəsinin öyrənilməsinə dair işlər qeyd edilib. Ədliyyə orqanlarında tətbiq olunması üçün proqramlaşdırılmış elektron xidmətlər köşkünün təqdimatı keçirilib. Qeyd edilib ki, həmin köşk vasitəsilə notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı qaydalarına dair məlumatların dərhal əldə olunması, bütün növ ödənişlərin elektron qaydada aparılması, nazirliyin qaynar xəttinə və elektron poçtuna birbaşa müraciətlərin edilməsi mümkün olacaq. Bununla da şəffaflığın artırılmasına və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına, inzibati işçilərlə bilavasitə təmasın minimuma endirilməsinə, habelə vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəlməsinə nail olunacaq. İclasda həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə dair ötən ay Avropa ədliyyə nazirlərinin konfransında qəbul olunmuş İzmir Bəyannaməsinin implementasiyası müzakirə olunub. Avropa Məhkəməsinin fəaliyyətində çətinliklər, müraciətlərin sayının kəskin artaraq 140 minə çatması və onların baxılması üçün uzun illərin tələb olunduğu bildirilib. Qeyd olunub ki, Azərbaycandan daxil olan ərizələrin sayı Avropa üzrə orta rəqəmdən 2 dəfə az olsa da, Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair əlavə tədbirlərin görülməsinin vacibliyi bildirilib. Eyni zamanda, cəmiyyətdə aktual olan digər məsələ - Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş adın və soyadın verilməsi və dəyişdirilməsi haqqında Qaydaların tətbiqindən irəli gələn vəzifələr müzakirə olunub, konkret göstərişlər verilib. Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA