Milli Təhslükəsizlik Nazirliyi 35 transmilli qrupu zərərsizləzdirib

img

06-05-2011 [01:41]


Milli Təhlükəsizlik Nazirliyinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 35 transmilli qrup zərərsizləşdirilib, 49 cinayət işi başlanıb, 150 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Ümumilikdə 1 ton 590 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Nazirliyin İctimai Əlaqələr Mərkəzindən verilən xəbərə görə, 2004-cü ildən 2009-cu illədək MTN tərəfindən ölkə ərazisindən tranzit daşınması planlaşdırılan 3 tondan artıq ağır tərkibli müxtəlif növ narkotiklər - heroin, həşiş, tiryək və s. aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu müddət ərzində 70 cinayət işi başlanıb, ümumilikdə 240 nəfər, o cümlədən 25 xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub. Terrorla mübarizədə olduğu kimi, narkotiklərdən gələn təhlükənin qarşısının alınmasının effektivliyi də beynəlxalq əməkdaşlığın səviyyəsindən asılıdır. Məsələn, İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində MTN tərəfdaş dövlətlərin müvafiq orqanları ilə səmərəli əməkdaşlıq edir. MTN və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu marşrut üzrə külli miqdarda narkotiklərin daşınması ilə məşğul olan şəbəkəni aşkarlamağa və zərərsizləşdiriməyə müvəffəq olublar. 13 əməliyyat nəticəsində təxminən 1120 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 32 nəfər məsuliyyətə cəlb olunub. Son illər Nazirlik tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə, onların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi və respublika ərazisindən tranzit kimi istifadə olunması hallarına qarşı mübarizə daha da gücləndirilib, transmilli, mütəşəkkil cinayətkar dəstələrin İran-Azərbaycan, işğal olunmuş Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə səmərəli tədbirlər davam etdirilib, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb. MTN narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələsinə bir neçə prizmadan yanaşır. Narkomanlıq genefonda ağır zərbə vuran bəla kimi qiymətləndirilir və ona qarşı bütün vasitələrlə mübarizə aparılır. Bu bəla nəinki dövlət orqanlarını və ictimai təşkilatları, bütün cəmiyyəti narahat etməlidir. Eyni zamanda, narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən gəlirin terrorçuluğun maliyyələşdirilməsində mühüm faktor olması daim diqqət mərkəzindədir. Danılmaz faktdır ki, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi bu gün terrorçuluğa bərabər təhlükəli problemdir. Narkoterrorla amansız mübarizə aparılır. Lakin ən böyük çətinliyi yenə də Dağlıq Qarabağ problemi törədir ki, bu da hazırda işğal altında olan Azərbaycan torpaqlarının beynəlxalq nəzarətdən və milli yurisdiksiyadan kənarda qalması ilə bağlıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA