10-03-2011 [01:08]
[b]Azərbaycan viza siyasətinə yenidən baxmalıdır[/b]
Oktyabrın 15-dən Azərbaycana gəlmək və ya onun ərazisindən keçib getmək istəyən əcnəbilər, eləcə də vətəndaşlığı olmayan şəxslər üçün sərtləşdirilmiş viza rejimi qüvvəddir. Dövlət başçısının hələ sentyabr ayının 13-də imzaladığı fərmana əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Xarici İşlər Nazirliyinə (Azərbaycanın beynəlaxlq hava limanlarında viza şöbələri nəzərdə tutulur-müəl.) müraciət edə bilərlər:
- Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda;
- Azərbaycan Prezidentinin, Baş nazirinin, Milli Məclis sədrinin, Prezident Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin rəsmi dəvəti ilə Azərbaycana gəldikdə;
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Ali Məhkəmə sədrinin, baş prokurorun, insan hüquqları üzrə müvəkkilin (ombudsman), Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə;
- xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin, əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə;
- fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə;
- Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).
Bütün digər şəxslər yaşadıqları ölkələrdəki Azərbaycan səfirliklərindən viza almalıdırlar.
Bu fərmandan əvvəl isə xarici vətəndaşlar Bakı hava limanında və ya quru sərhədini keçərkən viza ala bilirdilər. Əksər ekspertlər iddia edirlər ki, fərman qüvvəyə mindikdən sonra tətbiq olunan dəyişikliklər məhdudlaşdırıcı rol oynayır və əcnəbilərin ölkəyə axınının azalmasına səbəb olub.
Hələ bu fərmandan əvvəl də ölkəmizə gəlmək istəyən bir çox qonaqlar Azərbaycan səfirliklərində bürokratizm və korrupsiyadan şikayət edirdilər. Səfirliklərdə viza verilməsi müddətini azaltmaq üçün onlardan qanunda nəzərdə tutulmayan pul, yəni rüşvət tələb olunması haqqında dəfələrlə məlumatlar müxtəlif mətbu orqanlarda öz əksini tapıb.
Əcnəbilərin dəvət olunmasına gəlincə, Azərbaycan vətəndaşları bu dəvəti Xarici İşlər Nazirliyinin Konsulluq Xidmətində qeydiyyatdan keçirməlidirlər. Bütün bunlar isə belə qənaətə gəlməyə imkan verir ki, Azərbaycana gəlmək istəyənlərin xarici ölkələrdəki səfirliklərimizim konsulluq idarələrinin qarçısında uzun növbəsi yaranacağı kimi, əcnəbiləri qonaq kimi dəvət edənlərin də XİN Konsulluq Xidmətinin qarşısında uzun növbələri yaranacaq. Bütün bunlar isə məmurların maraqlarına tam cavab versə də, iqtisadiyyatın və turizmin tələblərinə cavab vermir. Buna görə də onsuz da az olan turist sayının daha da azalacağını proqnozlaşdırmaq olar.
Qeyd edək ki, Viza sözü latınca visus sözündən olub, hərfi mənası görülmüş, baxılmış mənasındadır. Ancaq indi bu söz bir dövlətin ərazisinə gəlmə, oradan getmək və yaxud da onun ərazisindən keçib getmək üçün verilən hüququ özündə ehtifa edir. Vizanın isə üç növü var. Gəlmək vizası, getmək vizası və tranzit vizası. Viza onu verməyə səlahiyyəti olan dövlət orqanı tərəfindən müəyyən müddətə verilir.
Əgər əvvəllər dövlətlər viza rejimlərinin sərt olmasına, məhdudiyyətlərin bolluğuna üstünlük verirdilərsə, son illər əksər ölkələr bu ənənədən imtina etməyə çalışırlar. Bunu diqtə edən əsas səbəb isə Avropa Birliyinin üzv ölkələr arasında viza rejiminin aradan qaldırdıqdan sonra iqtisadiyyatda əldə etdiyi uğurların hamı tərəfindən etiraf edilməsidir. Çünki, Avropa Birliyinin yaradılmasında və onun daha təkmil birliyə çevrilməsində iştirak edən dövlət xadimləri gözəl bilirdilər ki, ölkələrin inkişafı azad ticarətdən və kapitalın sərbəst hərəkət edə bilməsindən asılıdır. Bu iki amil də insanların sərbəst hərəkət edə bilməsinə bağlıdır. Kapitalın və əmtənin hərəkəti onun sahibinin hərəkət azadlığından tam asılıdır. Qeyd edək ki, Azərbaycanın daxil olduğu Sovetlər Birliyin ətraf dünyadan tikanlı məftilllər ayırdığı 1985-ci ildə beş Avropa o dövr üçün inqilabi hadisə olunan bir sənədə imza atdılıar. Lüksemburqun kiçik şəhərlərindən biri olan Şengen şəhərində 1985-ci ilin iyun ayında beş Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzaladılar. Sonrakı illərdə bir çox ölkələr də bu sazişə qoşulublar. 2007-ci ilin sonunda Şengen sazişinin təsir dairəsinə 24 ölkə, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan daxil idilər. İslandiya və Norveç istisna olmaqla bütün ölkələr Avropa Birliyinin üzvləridir. Avropa Birliyinə daxil olan 5 ölkə,-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengenin zonasına daxil deyillər. Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi nəticəsində asanlaşdırılıb. Şengen vizası alan şəxs Şengen zonasına daxil olan bütün ölkələrə gedə bilər. Yəni Şengen svizası alan şəxs bu zonada azad hərəkət edə bilər. Şengen vizaları qısamüddətli vizalardır və onlar Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.
Əgər şəxs yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsə, o zaman yalnız həmin ölkənin səfirliyinə müraciət etməlidir. Şengen vizasının rüsumu 60 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun olaraq avro, manat və ya dollarla Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və bu məbləğ geri qaytarılmır. Son illər Avropa Birliyi bir çox ölkələrlə sadələşdirilmiş viza rejiminə keçib. Bu zaman vizaya ödənilən rusumun məbləği də aşağı salınıb. Məsələn, Moldaviya vətəndaşları üçüm həmin məbləğ 35 avro olaraq müəyyən edilib. Bundan başqa tələbələr, idmançılar, incəsənət adamaları və təqaüdçülər üçün viza pulsuzdur. Gürcüstanla da münasibətdə eyni qaydalar tətbiq edilir. Gürcüstan prezidenti Mixail Saakaşvilinin ən böyük arzularından biri də, hakimiyyətinin sonuna kimi Gürcüstan vətəndaşları üçün Avropa Birliyinə vizasız gedişə nail olmaqdır. Tbilisi Avropa Birliyi ilə vizasız rejimə nail ola bilməsə də, artıq bəzi qonşuları ilə qarşılıqlı vizanı ləğv edib. İran Gürcüstanla qarşılıqlı olaraq viza rejiminin ləğv edilməsi haqqında razılığa gəlib. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Iranlı həmkarı Manuçöhr Mottaki ilə Tbilisidə imzaladıqları razılaşmanı bir çox təhlilçilər gözlənilməz sıçrayış kimi qiymətləndiriblər. Gürcüstanın bu addımı şərh edən xarici işlər naziri Qriqol Vaşadze bildirib ki, bu razılaşmanın əsasında iqtisadi maraqlar var. Onun sözlərinə görə, iki ölkə arasındakı iqtisadi əlaqələr vizasız rejimə keçidi gündəmə gətirib. Belə ki, iki ölkə arasında ticarətin dövriyyəsi artıb, Gürcüstana gələn İranlı turistlərin sayında təxminən 200 faizlik artım müşahidə olunub. Tbilisidə hesab edirlər ki, vizasız rejimdə Gürcüstana daha çox İranlı turist gələcək. Buna nail olmaq üçün Tbilisi İranın Barumidə konsulluq açmasına da razılıq verib. İranlı iş adamları buradakı turizm sahələrinə sərmayə qoymaq istəyirlər. İran Gürcüstandan əvvəl Azərbaycanla da viza rejimini birtərəfli qaydada ləğv etsə də, Bakı anoloji addım atmayıb. Rəsmi Bakı bunu Qarabağ münaqişəsi ilə izah edir. Gürcüstan isə Şimali Qafqaz respublikalarının sakinləri üçün vizasız rejim tətbiq etməyə başlayıb. Baxmayaraq ki, Gürcüstan Cənubi Osetiya ilə müharibə vəziyyətindədir, rəsmi Tbilisi Şimali Qafqazın Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikaları ilə yanaşı Şimali Osetiya sakinlərinin də 30 gün ərzində Gürcüstan ərazisində vizasız qala biləcəklərinə qərar verib. Rusiyanın digər regionlarının sakinləri isə Gürcüstanın maraqlarının təmsil edən İsveçrənin Moskvadakı səfirliyindən viza almalı olacaqlar. Bir müddət əvvəl isə Gürcüstanla Türkiyə arasında müstəsna bir razılaşma, paspotsuz gediş-gəliş rejimi haqqında razılıq əldə edilib. Bu o deməkdir ki, Gürcüstan vətəndaşlarının Türkiyəyə getmək üçün şəxsiyyət vəsiqəsi yetərlidir. Ancaq uzun müddətdir ki, Türkiyə Azərbaycanla viza rejimini ləğv etsə də, rəsmi Bakı yenə də anoloji addım atmaqdan çəkinir. Türkiyə tərəfi dəfələrlə bu məsələni ən yüksək səviyyədə qaldırsa da, rəsmi Bakı İrana qarşı Qarabağ kartından istifadə etdiyi kimi, Türkiyəyə qarşı da İran kartından istifadə edir. Bu isə Türkiyə tərəfinin narazı qalmasına səbəb olub və onlar bu narazılıqlarını hər addımda dilə gətirməkdən çəkinmirlər. Sonuncu belə narazılıq Türkiyənin xarici ticarətə cavabdeh naziri olan Zəfər Çağlayandan gəlib. Ölkəsinin Azərbaycanla viza rejimini ləğv etdiyini deyən Türkiyəli nazir Azərbaycanın da çox sürətlə bu istiqamətdə addım atmasının vacibliyini vurğulayıb. Viza rejimini iki ölkə arasındakı münasibətlərin inkişafına mane olduğunu dilə gətirən nazir bunun qardaşlığa yaraşmayan hal olduğunu da bildirib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ötən ilin sonunda Türkiyəyə səfəri zamanı viza rejiminin ləğv olunması gözlənilsə də bu baş tutmamışdı. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdən sonra mətbuatın suallarını cavablandırarkən E.Məmmədyarov bunu Azərbaycan tərəfində bürokratik işlərin tamamlanmamasına ilə, prezident Abdulla Güllə görüşdə isə bunu texniki işlərin bitməməsi ilə izah etmişdi. Hansısa nəməlum səbəbdən həmin bu texniki işlər neçə aydır ki, həllini tapmaq bilmir.
Türkiyə isə həm Avropa, həm də Şərq ölkələri ilə vizasız rejimə keçir. Hətta Ankara Moskva ilə də vizasız rejim haqqında razılıq əldə edib. Bütövlükdə isə Türkiyə 70-dən artıq ölkə ilə vizasız rejimə keçib. Rəsmi Ankara Avropa Birliyi ilə də vizasız rejimə keçməyə çalışır. Hələlik isə Avropa Birliyinə daxil olan ayrı-ayrı ölkələrlə vizasız rejim haqqında razılıq əldə etməyə çalışır. Son belə razılışma Serbiya ilə əldə olub. Bundan başqa 2010-cu ildə Türkiyə Rusiya və Serbiyadan başqa Makedoniya, Albaniya, Livan, Liviya, Suriya, İraq ilə viza rejimini ləğv edib. Səudiyyə Ərəbistanı ilə sadələşdirilmiş viza rejiminə keçib. Viza rejimindən imtina edən isə yalnız Türkiyə, Rusiya, Gürcüstan, İran deyil. Ukrayna da eyni yolla gedir. Bu ölkə ilk növbədə Avropa Birliyi ölkələri ilə vizasız rejimə nail olmağa çalışsa da, hətta rəsmən dövlət kimi tanınmayan ölkələrlə də vizasız rejimə keçir. Ukrayna ilə Honq Konq arasında viza rejiminin ləğv olunması buna sübutdur. Bütün bu məlumatları ona görə qeyd edirik ki, Azərbaycanın viza rejimini sərtləşdirdiyi bir vaxtda qonşu dövlətlərin viza rejimi ilə bağlı hansı siyasət aparması haqqında aydın təsəvvürlər yaransın. Viza rejimindən imtina etməyə çalışan dövlətlər bu addımlarını bircə səbəblə, iqtisadi amillə izah edirlər. Onların arqumentləri tamamilə məntiqlidir. Ancaq, neft dollarının yağış kimi yağdığı Azərbaycanda hökuməti belə səbəbə heç nəyə razı salmaq mümkün deyil. Çünki, Azərbaycanda heç bir sahədə iqtisadiyyatın qanunları işləmədiyi kimi, viza siyasətinin müəyyən olunmasında da iqtisadi amillər nəzərə alınaraq qərar verilmir. Hakimiyyət bütün digər məsələlərdə olduğu kimi, bu məsələyə də özünün maraqları prizmasından yanaşır və maraqlarına azacıq təhlükə törədən bütün məsələlər kimi bu məsələnin də əleyhinə çıxır. Gəliş-gedişin asanlaşması demokratik proseslərə təkan verən amillərdən sayılır. İqtidar isə demokratik proseslərin genişlənməsini özünün hakimiyyəti üçün əsas təhlükə mənbəyi hesab edir və bütün vasitələrlə bunun qarşısını almağa çalışır. Türkiyə ilə viza rejiminin də ləğv edilməməsinin arxasında duran ?texniki məsələ? məhz budur. İqtidarın bütün digər sahələrdə olduğu kimi viza siyasətinin ana xəttini hakimiyyətin möhkəmləndirilməsinin təmin edilməsi tutur. Bu zaman isə digər bütün məsələlər onların əhəmiyyətlilik dərəcəsindən asılı olmayaraq ikinci plana keçir. Necə ki, Azərbaycanla Türkiyə arasında iqtisadi münasibətlərin inkişafı, ticarətin genişlənməsi ölkəmizin və onun vətəndaşlarının xeyrinə olsa da, bu iqtidarın öz mənafeyindən çıxış edərək viza rejimini saxlamasına mane ola bilmir. Türkiyə ilə viza rejiminin saxlanılması iqtidarla yanaşı müəyyən mənada Rusiyanın da maraqlarına cavab verir.
Viza siyasəti də gömrük siyasəti kimi ölkənin milli maraqlarından çıxış edərək müəyyən edilməlidir. Azərbaycanda isə gömrük siyasəti kimi viza siyasəti də onun milli maraqlarına cavab vermir.