Baz Prokurorluq Lənkəran Prokurorluğundakı ölümlə bağlı məlumat yayıb

img

18-02-2011 [03:00]


Azərbaycan Respublikası Baş Prokurorluğu Lənkəran Rayon Prokurorluğunda baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 16 fevral 2011-ci il tarixdə Lənkəran rayonunun Hirkan qəsəbə sakini Həsənova Qıztamam Qafar qızı Lənkəran Rayon Prokurorluğuna teleqram vuraraq özünün, ərinin və oğlunun rayon prokuroru tərəfindən qəbul edilməsini xahiş edib. Fevralın 17-də Qıztamam Həsənova, əri - 1934-cü ildə anadan olmuş Həsənəli Qurbanəli oğlu Həsənov və oğlu Salman Həsənov rayon prokuroru Ramiz Nəbiyev tərəfindən prokurorluğun müfəttişi İlqar Qasımovun iştirakı ilə qəbul edilib. Q. Həsənova şikayət ərizəsini rayon prokuroruna təqdim edən zaman əri oturduğu yerdə ürəyini tutaraq oğlu Salman Həsənov tərəfə yıxılıb. Rayon prokuroru R. Nəbiyev dərhal təcili yardım stansiyasına zəng edərək, həkim dəvət etsə də, onu xilas etmək mümkün olmayıb. Meyit daxili müayinə aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib. İlkin araşdırma zamanı müəyyən edilib ki, Həsənəli Həsənov ürək xəstəliyindən əziyyət çəkməklə, uzun müddət həkim nəzarəti altında ambulator müalicə alıb. Bundan başqa, mərhumun arvadı Qıztamam Həsənova və oğlu Salman Həsənov izahatlarında Həsənəli Həsənovun xəstəliyi ilə əlaqədar öldüyünü bildirib və bununla bağlı heç bir şikayətlərinin olmamasını göstəriblər. Hazırda faktla bağlı Baş Prokurorluqda araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA