Rumıniyada Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuz silsilə tədbirlər keçiriləcək

img

17-02-2011 [06:20]


Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcəkdir. Belə ki, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi amansız cinayətlərin Rumıniyada daha geniş kütləyə çatdırılması məqsədilə Rumın-Amerikan Universitetində, eləcə də Buxarestin ən nüfuzlu və tələbə sayına görə fərqlənən Buxarest Universitetinin hüquq fakültəsinin binasında Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə yerli ziyalılar, Rumıniyanın Avropa İttifaqı institutlarında, o cümlədən Avropa Parlamentindəki təmsilçiləri, Rumıniyanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri, sabiq və hazırkı senatorlar, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmaları, iran azərbaycanlıları, Heydər Əliyev təqaüdü alan Rumıniyalı gənclər, Rumıniyada fəaliyyət göstərən Səfirlik və beynəlxalq nümayəndəliklərin, insan hüquqları üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşları dəvət olunacaqdır. Tədbir iştirakçılarını Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə əyani şəkildə tanış etmək məqsədilə tədbirin keçirildiyi binalarda Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto sərgi təşkil ediləcək, həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış ?Qarabağ haqqında həqiqi faktlar? seriyasından olan kitabçalar, ?Xocalı Soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)? adlı və rumın dilində çapdan çıxmış ?Xocalı faciəsi? (Səfirlik tərəfindən hazırlanmış materiallar əsasında), ?Erməni mifi. Erməni Ekstremizmi: Onun səbəbləri və tarixi məzmunu? (Erix Fayql) və "Erməni (mənimsənilmiş) xalq nağılları" (Kamran İmanov və Pol Polidor) kitabları yayılacaqdır. Azərbaycanda səfərdə olarkən Qubada aşkar olunmuş kütləvi məzarlığın şahidi olmuş və Rumıniyaya geri qayıtdıqdan sonra öz müşahidələri və təəssüratları əsasında ?Qubadakı sümüklər? şeirini yazmış, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbyanın Xocalı faciəsi ilə bağlı Rumıniyanın nüfuzlu kütləvi informasiya vasitələrində müsahibə və məqalələri dərc ediləcəkdir. Eyni zamanda Azərbaycan Respublikasının Rumıniyadakı Səfiri cənab Eldar Həsənov və Səfirliyin bir qrup əməkdaşı ?Antena 1? və ?Kanal B1? adlı Rumıniyanın aparıcı yerli televiziya kanallarında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsi haqda çıxış edəcəkdir. Səfirlik tərəfindən hazırlanmış pres-reliz Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən Səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndəriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA