20 yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı Rumıniyada tədbir keçirilib

img

23-01-2011 [12:18]


2011-ci ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən qanlı Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondu-Rumıniya Nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, insan hüquqları üzrə və müxtəlif digər sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının əməkdaşları və KİV nümayəndələri iştirak etmişlər. Tədbir başlamamışdan əvvəl iştirakçılar 20 yanvar faciəsini əks etdirən foto guşə ilə tanış olmuşlar. Sonra 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Rumıniyadakı Səfiri Eldar Həsənov 1990-cı il 20 yanvar tarixində Sovet İKP rəhbərliyinin, Sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açdı, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən övladlarının vəhşicəsinə gülləboran edildiyini diqqətə çatdırmışdır. Bu faciə zamanı 130-dan artıq insanın qətlə yetirildiyini və 700-dən artıq insanın müxtəlif dərəcəli yaralar aldığını qeyd etmişdir. Həmin hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi qiymət verildiyini bildirmişdir. Səfir Eldar Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin 21 yanvar tarixində Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulamışdır. Tədbirdə çıxış edənlər 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağından əmin olduqlarını diqqətə çatdırmışlar. Sonra anma mərasimi iştirakçıları ?Qanlı yanvara aparan yol? sənədli filminə baxmışlar. Səfirlik tərəfindən 20 yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş pres-reliz Rumıniyadakı bütün səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri, Rumıniyanın nazirlik və digər dövlət strukturları və qeyri-hökumət təşkilatları arasında yayılmışdır. Rumıniyanın KİV-də 20 yanvar faciəsi ilə bağlı məqalələr dərc etdirilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA