XiN 2010-cu il hesabatını açıqladı

img

07-01-2011 [05:14]


Azərbaycanın Xarici İşlər Nazirliyi 2010-cu il fəaliyyəti ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin yaydığı yekun sənəddə ötən il baş verən proseslər işıqlandırılıb. Bildirilir ki, 2010-cu ildə beynəlxalq münasibətlər müstəvisində inkişaf edən hadisələr getdikcə daha artmaqda olan qlobal problemlərin təsirinə məruz qalmışdır. Beynəlxalq sülh və təhlükəsizlik, həmçinin davamlı inkişafa qarşı yönələn qlobal problemlər, o cümlədən kütləvi qırğın silahlarının yayılmaması, terrorçuluqla mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin dövriyyəsi, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, təbii fəlakətlər və iqlim dəyişiklikləri ilə bağlı kompleks məsələlərin həllinə əhəmiyyətli dərəcədə beynəlxalq səylər cəlb olunmuşdur. Bu səylərə fəal şəkildə töhfə verən Azərbaycan maraqların nisbi balansını təmin etməklə, ən mühüm ümummilli məsələmiz olan ölkənin ərazi bütövlüyünün bərpasında irəliləyişin əldə edilməsi, habelə ölkənin mövqeyi və nüfuzunun güclənməsi, beynəlxalq aləmdəki etimadının artması və əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində apardığı xarici siyasət fəaliyyətini daha da artırmışdır. 2010-cu il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilmişdir. İl ərzində davam etmiş danışıqlar 2009-cu ilin dekabrında Minsk Qrupu Həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılmışdır. Aparılan danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış etmişdir. İl ərzində Rusiya Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistan Prezidenti S.Sarqsyan arasında 25 yanvar tarixində Soçidə, 17 iyun tarixində Sankt-Peterburqda və 27 oktyabr tarixində Həştərxanda üç görüş keçirilmişdir. Son görüşün nəticəsində tərəflər ATƏT-in Minsk Qrupu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə hərbi əsir və girovların, həmçinin, atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul etmişlər. Bunun nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun cəsədlərinin vətənə qaytarmaqla, torpağa tapşırılması mümkün olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının başlıca prinsiplərinin razılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin başçılarının cari ilin 26 iyun tarixində Kanadanın Muskoka şəhərində verdiyi birgə bəyanat olmuşdur. Sözügedən bəyanatda dövlət başçıları tərəfindən münaqişənin həlli üçün işğal edilmiş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyi vurğulanmışdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi və müvafiq hüquqi-siyasi qiymətləndirilməsinə nail olmaq istiqamətində həm ikitərəfli əsasda, həm də ATƏT, BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində iş davam etdirilmişdir. 2010-cu ilin 19-20 noyabr tarixlərində Lissabonda keçirilmiş NATO-nun Zirvə görüşünün yekun Bəyannaməsində regional ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş və regional münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinə çağırılmışdır. 1-2 dekabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilmiş ATƏT-in 7-ci Sammiti çərçivəsində qəbul edilmiş Astana Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş normalar öz əksini tapmışdır. Eyni zamanda, Sammit çərçivəsində ATƏT Minsk Qrupunun Həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları və Azərbaycan və Ermənistan Prezidentləri tərəfindən qəbul olunmuş birgə bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Minsk Qrupu Həmsədr Dövlət Başçılarının 2009-cu il İtaliya və 2010-cu il Kanadada keçirilmiş G-8 Zirvə toplantıları çərçivəsində qəbul edilmiş prinsiplər əsasında həllinin vacibliyi bir daha vurğulanmışdır. Ümumilikdə qeyd edilməlidir ki, 2010-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirilmişdir. Bu da 2008-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistan Prezidentləri tərəfindən imzalanmış bəyanatda əks olunur. Ötən ildə Avropa Parlamenti tərəfindən qəbul edilmiş ?Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı? adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğalı altında olması faktı təsdiq edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxarılması, öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb edilmişdir. Azərbaycan tərəfi işğal edilmiş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının pozulması ilə bağlı vəziyyətin araşdırılması və müvafiq qiymətləndirilməsi məqsədi ilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfərinin təşkil edilməsinə nail olmuşdur. Dəyərləndirmə missiyasının hesabatının 2011-ci ilin yanvar ayında yayılması planlaşdırılır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir. 2010-cu ildə Azərbaycan Respublikası mötəbər qlobal və regional təşkilatların işində fəal iştirakını və səmərəli əməkdaşlığını davam etdirmişdir. Ölkəmiz beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın təminatında ən nüfuzlu beynəlxalq təsisat olan Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əldə etdiyi yüksək əməkdaşlıq münasibətlərinin daha səmərəli irəliləyişi istiqamətində səylərini artırmışdır. İl ərzində Azərbaycanın BMT və digər beynəlxalq təşkilatların seçki strukturlarında daha yaxşı təmsilçiliyinin təminatı üzrə iş aparılması diqqət mərkəzində olmuşdur. Azərbaycan ötən ildə YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinə və BMT-nin Avropa İqtisadi Komissiyası nəzdində Ətraf Mühit və Səhiyyə Nazirləri Şurasına üzv seçilmişdir. 2010-cu ildə ölkəmiz digər mötəbər beynəlxalq təşkilat olan İslam Konfransı Təşkilatı (İKT) ilə də ənənəvi yüksək əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm vermişdir. İKT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünü aradan qaldırılması üzrə Azərbaycanın tutduğu ədalətli mövqeyi bir daha bütün üzv ölkələri tərəfindən dəstəklənmiş və ?Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü?, ?Azərbaycana iqtisadi yardımın göstərilməsi?, həmçinin ?Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması? haqqında qətnamələr yekdilliklə qəbul edilmişdir. İKT Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasında İslam Konfransı Gənclər Forumunun regional ofisinin Azərbaycanda yerləşməsinə dair Saziş imzalanmış, həmçinin il ərzində Bakıda İslam İnkişaf Bankının Direktorlar Şurasının illik toplantısı keçirilmişdir. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının yüksək vəzifəli nümayəndə heyəti respublikamıza səfər etmiş və səfər çərçivəsində tərəflər arasında siyasi dialoqun intensivləşdirilməsi və çox şaxəli əməkdaşlığın inkişafına dair razılıq əldə olunmuşdur. Dinlər və sivilizasiyalararası dialoqun təşviq edilməsində ənənəvi olaraq yüksək nüfuza malik Azərbaycan Respublikası 32 dövlətin dini liderlərinin və dini nümayəndələrinin iştirakı ilə Bakıda Din Liderlərinin Ümumdünya Sammitini keçirmişdir. Sammit çərçivəsində dini liderlər qloballaşma dövründə müasir cəmiyyət qarşısında duran problemlərin həllində dini dəyərlərin əhəmiyyəti və rolunu müzakirə etmiş və bu xüsusda birgə yanaşmaları müəyyən edərək, xalqlar, dinlər və sivilizasiyalar arası mədəniyyəti və dialoqu təşviq edən Bakı Bəyannaməsini qəbul etmişlər. Sammit çərçivəsində bütün Rusiya və Moskva patriarxı Kirilin vasitəçiliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Bütün ermənilərin katolikosu II Qaregin arasında görüş keçirilmiş və tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlara töhfə olaraq, birgə sənəd imzalamışlar. Azərbaycanın xarici siyasət kursunda Avropa və avro-atlantik strukturları ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafı prioritet sahələrdən birini təşkil etdiyindən, ölkəmiz bu istiqamətdə də uğurlu fəaliyyətini davam etdirmişdir. 2010-cu ildə Aİ-Azərbaycan Assosiasiya Sazişi üzrə danışıqlara başlamaq üçün mandat təsdiq edilmiş və il ərzində iki plenar iclas keçirilmişdir. Aİ-nin yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərləri və aparılan danışıqların nəticəsində Aİ-Azərbaycan münasibətlərində yeni bir mərhələyə keçidin təzahürü olan Azərbaycan ilə Aİ arasında Müasirləşmə üçün Tərəfdaşlıq sənədinin hazırlanmasına dair razılıq əldə edilmişdir. Eyni zamanda, Aİ?Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində iki yeni Alt-komitənin ? Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt-komitə və Məşğulluq, sosial məsələlər, ictimai sağlamlıq, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya üzrə Alt-komitə ? yaradılması haqqında Protokol imzalanmışdır. Bu Alt-komitələr Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planının həyata keçirilməsinin sürətləndirilməsi və monitorinqi, Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsünün məqsədlərinə səmərəli şəkildə nail olunması, həmçinin müvafiq sahələr üzrə ekspertlər səviyyəsində məlumat və müsbət təcrübələrin mübadiləsinə əsaslı töhfə vermək imkanı yaradacaqdır. Azərbaycanın Avropa və avro-atlantik məkanın sülh və təhlükəsizliyini təmin edən ən nüfuzlu hərbi-siyasi təşkilatı NATO ilə də tərəfdaşlıq münasibətləri inkişaf etdirilmişdir. 2010-cu ildə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının 2-ci fazası rəsmi olaraq başa çatdırılmış və bu çərçivədə nəzərdə tutulan tədbirlər Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən uğurla yerinə yetirilmişdir. NATO ilə əməkdaşlıq mexanizmlərindən istifadə etməklə, Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə vermək istiqamətində imkanlarını ardıcıl olaraq təkmilləşdirmiş və bu istiqamətdə real addımlar atılmışdır. NATO-nun Texniki Təminat və Təchizat Agentliyinin (NAMSA) həyata keçirdiyi ?Gürcüstan III Etimad Fondu? adlı layihə çərçivəsində Gürcüstan ordusunun mühəndis bölüyünün humanitar mina təmizləmə, döyüş ərazisinin təmizlənməsi və böyük həcmli sursatların məhv edilməsi üzrə təlimlərin keçirilməsi bu sahədə yüksək təcrübə və müasir təlim təsisatlarına malik olan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə həvalə edilmişdir. Çoxtərəfli beynəlxalq əməkdaşlıq münasibətlərimiz bir sıra regional təşkilatlar, o cümlədən AQEM, MDB, GUAM, QDİƏT, İƏT və s. çərçivəsində də davamlı olaraq inkişaf etdirilmişdir. Regional təşkilatlarla qarşılıqlı öhdəlik, anlaşma və əməkdaşlıq ruhunda artan əməkdaşlığımızın gücləndirilməsi bu təsisatlar çərçivəsində ölkəmizin nüfuzunun təşviqi və maraqlarının təminatı ilə yanaşı, beynəlxalq ictimai rəyin düzgün formallaşdırılması və istiqamətləndirilməsi baxımından da faydalı olmuşdur. 2010-cu ildə başlanmış regional layihələr sırasında sərhəd təhlükəsizliyinin səmərəli təminatı istiqamətində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı ?Cənubi Qafqaz ölkələrində İnteqrə edilmiş Sərhəd İdarəetmə sistemlərinə dəstək? adlı layihənin icrası vacib önəm kəsb etmişdir. Dövlət sərhədinin təhlükəsizliyi ilə bağlı tarixi və siyasi əhəmiyyətə malik olan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə ?Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə? də cari ildə imzalanmışdır. Qeyd olunmalıdır ki, tarixdə ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arazında dövlət sərhədlərinin müəyyən edilməsi beynəlxalq hüquqda öz təsbitini tapmışdır. Regional məsələlərin müzakirəsi və ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirlməsi məqsədilə 2010-cu ildə İstanbulda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan, Türkiyə və İran Xarici İşlər Nazirlərinin üçtərəfli görüşünün təşkil edilməsi təklifi irəli sürülmüşdür. 2011-ci ilin birinci rübündə növbəti üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulmuşdur. Bütövlükdə, 2010-cu il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycan Respublikasına rəsmi səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə rəsmi səfərlər mübadiləsi nəticəsində 50-ə yaxın dövlətlə 100-ə dək ikitərəfli beynəlxalq sənədin razılaşdırılıb imzalanması və sonradan müvafiq qaydada hüquqi qüvvəyə minməsi təmin edilmişdir. Bakıda keçirilmiş III Xəzər Zirvə Görüşündə ilk dəfə olaraq Xəzəryanı dövlətlər arasında təhlükəsizlik sahəsində sənədin imzalanması, Zirvə Görüşü sənədləri qismində həm Birgə Bəyanatın, həm müqavilənin, həm də Protokol Qərarın qəbul edilməsi tədbirin yüksək əhəmiyyət və məhsuldarlığının göstəricisi olmuşdur. Digər mühüm sənəd Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının Bakı Enerji Zirvə Görüşündə imzalanmış Bakı Bəyannaməsi olmuşdur. Bəyannamə Azərbaycan təbii qazının nəqlinin diversifikasiya məqsədini güdmüşdür. Enerji siyasətinin xidmət etdiyi iqtisadi diplomatiyamızın əsas vəzifəsi ötən illərdə olduğu kimi, bu ildə Azərbaycan Respublikasının dinamik və davamlı inkişafı istiqamətində ölkəmizin regional və beynəlxalq aləmdə artan nüfuzunun və milli maraqlarımıza cavab verən əlverişli mühitin təmin edilməsi olmuşdur. Azərbaycanın regionda aparıcı ölkə statusunun saxlanılmasına böyük önəm verilmişdir. İl ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsi və onlara göstərilən konsul xidmətinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə, bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət təşkil etmişdir. Milli maraqlarımızın təmin edilməsinə yönəlmiş ardıcıl xarici siyasət kursu çərçivəsində ikitərəfli əlaqələrin inkişafı dövlətimizin beynəlxalq səviyyədə nüfuzunun və mövqeyinin daha möhkəmləndirilməsinə xidmət etmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrə, Almaniya, Estoniya, Türkiyə, Rusiya, Ukrayna, Portuqaliya, ABŞ, Gürcüstan və Özbəkistana dövlət, rəsmi və işgüzar səfərləri, Bolqarıstan, Belarus, Serbiya, Sloveniya, Türkiyə, Rusiya, Rumıniya, Macarıstan, İordaniya və Mavritaniyanın ölkə və hökumət başçılarının Azərbaycana həyata keçirdikləri səfərlər, birgə hökumətlərarası komissiyaların və işçi qruplarının iclasları, XİN-lər arası siyasi məsləhətləşmələr ikitərəfli əməkdaşlığın dərinləşməsini təmin etmişdir. Azərbaycanın diplomatik nümayəndəliklərinin əhatə dairəsi də genişlənmiş və il ərzində Xorvatiya, Estoniya, Serbiya, Liviya və Argentinada Azərbaycanın səfirlikləri, Rusiyanın Yekaterinburq və Gürcüstanın Batumi şəhərlərində Baş konsulluğu, həmçinin Almaniyanın Stutqart və ABŞ-ın Santa Fe şəhərlərində fəxri konsulluqları açılmışdır. Eyni zamanda cari il ərzində Azərbaycanda Avstriya, Niderland Krallığı, Fələstin və İndoneziyanın səfirlikləri, Gəncə şəhərində isə Türkiyənin baş konsulluğu fəaliyyətə başlamışdır. Bununla yanaşı, 2010-cu ildə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikası, İraq, Vyetnam və Braziliyada səfirliklərinin açılması barədə müvafiq qərarlar qəbul olunmuşdur. İl ərzində Azərbaycan Respublikası ilə Svazilend Krallığı, Marşal Adaları Respublikası, Sent Lusiya, Fici Respublikası və Qrenada arasında bu ölkələrlə imzalanmış Birgə Kommünikelər əsasında diplomatik əlaqələr qurulmuşdur. Müasir dövrdə ölkələrarası münasibətlərin əvvəlki illərlə müqayisədə çox müxtəlif sahələri əhatə etdiyini nəzərə alsaq, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının həmsərhəd ölkələr başda olmaqla müxtəlif dövlət və onların regionları ilə çoxşaxəli əlaqələr qurması Azərbaycan Respublikasının xarici siyasət xəttinə mühüm töhfə təşkil etmişdir. Peşəkar kadrların hazırlanmasında Azərbaycan Diplomatik Akademiyasının (ADA) apardığı səmərəli fəaliyyət təqdirə layiq olmuşdur. 2010-cu ildə ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramına 23 yerli və xarici tələbə qəbul olunmuşdur. Akademiyada icraedici qurumların nümayəndələri üçün təlim proqramları təşkil olunmaqla, 18 dövlət qurumundan iştirak edən 48 nəfər dövlət qulluqçusuna xaricdən dəvət olunan aparıcı mütəxəssislər tərifindən təlimlər keçirilmiş və müvafiq peşə bilikləri ilə təcrübənin artırılması, eləcə də idarələrarası əməkdaşlıq və əlaqələndirmənin təkmilləşdirilməsi məqsədinə nail olunmuşdur. 2010-cu ildə Azərbaycan diplomatiyası mürəkkəb və beynəlxalq münasibətlərdəki ziddiyyət dolu dövrdən keçmişdir. Qarşıda duran strateji vəzifələri məqsədyönlü və ardıcıl şəkildə həyata keçirməklə, xarici siyasətimiz prioritet hesab olunan fəaliyyət istiqamətləri üzrə yüksək tempi aşağı salmadan dünyada baş verən dinamik, o cümlədən gözlənilməz dəyişikliklərin çağırışlarını kifayət qədər müvəffəqiyyətlə cavablandıra bilmişdir. 2011-ci ilin xarici siyasət oriyentirlərinin ilk sırasında Azərbaycanın ərazi bütövlüyü əsasında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində yüksək səfərbərlik, Xəzəryanı bölgədə mehriban qonşuluq əlaqələrinin saxlanılması və yüksək etimadın qurulması, yüksələn fəal əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, zəngin karbohidrogen ehtiyatlarının ixracı və nəqlində ən sabit və etibarlı ölkə qismində mövqeyimizin möhkəmləndirilməsi, sivilizasiyalararası dialoqa töhfə məqsədilə ölkənin unikal çoxmədəniyyətli xüsusiyyətləri və geosiyasi özəlliyindən səmərəli şəkildə istifadə olunması məsələləri yer alır. Xarici siyasətimizin maraqlarına ənənələr və müasirlik, həmçinin prinsipiallıq və çevikliyin uzlaşdığı formula xidmət edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA