Avropa ittifaqı Azərbaycan XiN-in notasını cavablandırıb

img

29-12-2010 [03:26]


Avropa İttifaqı Avropa parlamentinin deputatı Tomaş Porebanın rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altında olan ərazilərinə səfəri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin notasını cavablandırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun verdiyi məlumata görə, cavab məktubu artıq Avropa İttifaqının Bakıdakı nümayəndəliyi tərəfindən XİN-ə təqdim edilib. Notanın mətni açıqlanmayıb. Xatırladaq ki, Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomaş Porebanın respublikamızın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etməsi ilə əlaqədar dekabrın 21-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia və Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Xarici İşlər Nazirliyinə dəvət ediliblər. Məsələ ilə bağlı onlara Azərbaycan tərəfinin etiraz notası təqdim edilib. Baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və respublikamızın işğal edilmiş ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi qeyd edilib. Avropa İttifaqı institutları və eyni zamanda Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təhrikçi addımlara qarşı zəruri tədbirlər görülməsi təkidlə xahiş edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA