Belarusda keçirilən prezident seçkisi ölkədə iğtizazlara səbəb olub

img

20-12-2010 [11:26]


Belarusda ötən gün keçirilən prezident seçkisində ekzitpolun hazırki prezident Aleksandr Lukaşenkonun qalib gəldiyini açıqlamasından sonra paytaxt Minskdə etiraz aksiyaları başlayıb. Ekzitpolun nəticələri elan etməsindən dərhal sonra etirazçılar ?Nezavisimost? prospektində hərəkəti iflic ediblər. Səsvermənin nəticələrinə etiraz edən Belarus müxalifəti milis kordonunu yararaq Parlament, Nazirlər Şurası və Mərkəzi Seçki Komitəsinin binalarının yerləşdiyi müstəqillik meydanına doğru yürüş edib. Məlumata görə, prezidentliyə namizəd Neklyayev xəstəxanaya yerləşdirilib. Digər namizəd Statkeviçin sözlərinə görə, xüsusi təyinatlılar nümayişçilərə hücum zamanı həm ona, həm də Neklyayevə xəsarət yetirib. Statkeviç isə ?Oktyabrsk? meydanında icazəsiz nümayişdə iştirakını davam etdirib. Mitinqdə iştirak edən prezidentliyə digər namizəd Vitali Rımaşevski isə milli xilas hökümətinin yaradıldığını elan edib. O bildirib ki, bu hökumətdə namizədlərdən Aleksandr Lukaşenko və Viktor Tereşenkodan başqa hamı təmsil olunacaq. Ən son məlumatlara görə, mitinqdə beş min adam iştirak edib. Müxalifətin etiraz aksiyasını işıqlandırmaq istəyən Rusiya telekanallarından birinin çəkiliş qrupu da döyülüb. Kanalın mətbuat xidmətindən verilən məlumata əsasən, Minskdəki ?Nezavisimost? meydanındakı etirazları işıqlandırmaq istəyərkən kanalın iki operatorunu Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları döyüb. Belarus hüquq-mühafizə orqanları Minskdə baş vermiş iğtişaşların təşkilatçılarından bir neçəsini saxlayıb. Saxlanılanlar arasında prezidentliyə namizədlər Andrey Sannikov və Nikolay Statkeviç də var. Prezidentliyə digər namizəd Vladimir Neklyayevin saxlanılması faktı isə hələlik təsdiqlənməyib. Lakin bununla belə, Neklyayevin həyat yoldaşı Olqa ərini naməlum şəxslərin xəstəxanadan naməlum istiqamətə apardığını iddia edir. Həbs olunanlar arasında həmçinin Belarus Helsinki Komitəsinin sədri Oleq Qulak da var. Artıq beynəlxalq təşkilatlar Belarusda baş verənlərlə bağlı mövqeyini bildirməyə başlayıb. Birləşmiş Ştatların Dövlət Departamenti və Avropa Parlamentinin prezidenti Yeji Buzek Belarusda prezidentiyə namizədlərin döyülməsi faktını dərhal pisləyib: ?Müdafiəsiz prezidentliyə namizədlərə qorxaqcasına edilmiş hücum utandırıcıdır. Belə davranış qaydası beynəlxalq ictimaiyyətdə qəbul olunan deyil. Prezident Lukaşenkodan tələb edirik ki, zorakılığa dərhal son qoysun və bu işdə əli olan hər bir kəsi cəzalandırsın?. Yeji Buzekin fikrinə görə, insident Belarusda keçirilən prezident seçkisi üçün mənfi rol oynayacaq. Xatırladaq ki, Neklyayevdən başqa xüsusi təyinatlılarla Minskdə toqquşmada daha dörd namizəd xəsarət alıb. Belarusda Mərkəzi Seçki Komissiyası ötən gün keçirilən prezident seçkisinin nəticələrini açıqlayıb. Artıq bülletenlərin hamısı hesablanıb. Hesablamalara görə, seçicilərin 79.67 faiz səsini toplayan hazırki prezident Aleksandr Lukaşenko qələbə qazanıb. Digər namizədlər uzağı 2-3 faizə qədər səs toplayıb. Belarus Mərkəzi Seçki Komitəsinin sədri Lidiya Yermoşina onu da əlavə edib ki, səsvermədə iştirak edən seçicilərin səs faizi 90.66 faiz təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA