Rumıniyada Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ilə bağlı beynəlxalq konfrans keçirilib

img

27-10-2010 [12:32]


Cari ilin 25 oktyabr tarixində Azərbaycan Respublikasının Diaspora ilə iş üzrə dövlət komitəsinin dəstəyi ilə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin və Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə Rumıniyanın Buxarest şəhərində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı beynəlxalq konfrans keçirilib. Tədbir dörd paneldən ibarət olub: ?Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunması: Çağırışlar, siyasətlər və gələcək öhdəliklər?, ?Avropa bazarlarına enerji resurslarının daşınmasında əsas iştirakçı və vasitəçilərin rolunun yenidən araşdırılması?, ?Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunmasında Azərbaycan etimadlı və strateji tərəfdaş kimi?, ?Qloballaşma dövründə Qara Dəniz və Xəzər Dənizi regionlarında əməkdaşlıq. Milli perspektivlər?. Konfransda Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Rumıniya İqtisadiyyat, Ticarət və Biznes mühiti nazirliyinin dövlət katibi, Enerji təhlükəsizliyi məsələləri üzrə xüsusi tapşırıqlar üzrə Səfir, Rumıniyanın digər yüksək səviyyəli rəsmiləri, 32 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, Qara Dəniz-Xəzər Dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun rəhbərliyi, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin direktor müavini, Münaqişələrin qarşısının alınması və erkən məlumatlandırma Mərkəzinin direktoru, ?Nabukko Beynəlxalq Qaz Boru xətti Konsorsiumu?nun ictimai işlər departamentinin direktoru, Risk, təhlükəsizlik və kommunikasiyanın idarə olunması üzrə Avropa İnstitutunun İcraçı Direktoru iştirak və çıxış ediblər. Tədbirdə həmçinin, Azərbaycan Respublikasının Rumıniyadakı Səfiri E.Həsənov, Azərbaycan Respublikasının Diaspora ilə iş üzrə dövlət komitəsinin IV Ərazi şöbəsinin müdiri S.Hümbətov, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının prezidenti İ.Hacıyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin direktor müavini E.Nəsirov və mərkəzin tədqiqatçısı A.Əsgərzadə çıxış ediblər. Çıxışçılar Şimal-Cənub və Şərq-Qərb nəqliyyat və enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın geostrateji mövqeyi, ölkənin enerji və infrastruktur şəbəkəsinə çevrilməsi, əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətinin, neft strategiyasının bu gün Azərbaycan Prezidenti İ.Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanda son texnologiyaya əsaslanan müasir infrastrukturun yaradılması, Azərbaycanın təsdiq olunmuş və potensial enerji ehtiyatları barədə ətraflı məlumat verilmişdir. Şaxələndirilmiş neft və qaz marşrutları sayəsində Azərbaycanın enerji resurslarının Avropa bazarları ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İrana ixrac edildiyi, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri, NABUCCO, İTGİ, AGRİ layihələrinin əhəmiyyəti və onların gerçəkləşdirilməsində Azərbaycanın rolu ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Azərbaycanın müstəqil və cəsarətli enerji siyasəti bir sıra region ölkələrinə örnək göstərilmişdir. Azərbaycan dövlətinin enerji ehtiyatlarından heç vaxt siyasi vasitə kimi istifadə etməməsi vurğulanmışdır. Regionda mövcud olan münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunun Avropanın gələcək sabit enerji təchizatı və təhlükəsizliyi üçün real təhdid və təhlükə olması xüsusilə qeyd edilmişdir. Konfransda həmçinin Rumıniyada təmsil olunan enerji şirkətlərinin, qeyri-hökumət təşkilatları, müxtəlif elmi-təhlil və strateji araşdırma mərkəzlərinin, institutların nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər. Həmin gün, həmçinin Rumıniya Prezidentinin Administrasiyasında Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın Azərbaycan Respublikasının Rumıniyadakı Səfiri E.Həsənov, Diaspora ilə iş üzrə dövlət komitəsinin IV Ərazi şöbəsinin müdiri S.Hümbətov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin direktor müavini E.Nəsirov və mərkəzin tədqiqatçısı A.Əsgərzadə ilə görüşü keçirilmişdir. Görüşdə iki strateji tərəfdaş ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin hazırkı inkişaf səviyyəsi və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmış, keçirilmiş beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA