Azərbaycan səfiri Argentinanın xarici izlər naziri ilə görüzüb

img

26-10-2010 [10:14]


Argentinanın xarici işlər, beynəlxalq ticarət və etiqad naziri Hektor Timerman Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadəni qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, görüşdə səfir M.Əhmədzadə Azərbaycandakı ictimai-siyasi vəziyyət, dinamik iqtisadi yüksəliş, ölkəmizin enerji strategiyası, neft və qaz sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın digər sahələrinin inkişafı, habelə ölkədə sosial rifahın təmin edilməsi istiqamətində həyata keçirilən siyasət barədə danışıb. Azərbaycanın xarici siyasəti barədə məlumat verən M.Əhmədzadə bu siyasətin ölkəmizin milli maraqlarının təmin edilməsinə, bütün ölkələrlə qarşılıqlı səmərəli və mehriban münasibətlərin inkişafına yönəldiyini vurğulayıb. M.Əhmədzadə Azərbaycanın xarici siyasəti qarşısında duran ən vacib məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olduğunu bildirərək, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyi, Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyi, bunun nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın tarixi-mədəni irsinin dağıdıldığını qeyd edib. Ölkəmizin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğulayan Azərbaycan diplomatı nizamlanmaya dair Azərbaycanın mövqeyi barədə məlumat verib. Səfir M.Əhmədzadə Azərbaycanda müxtəlif etnik və dini mənsubiyyətə malik insanların mehriban və sülh şəraitində yaşadığını vurğulayaraq ölkəmizin beynəlxalq arenada mədəniyyətlərarası dialoqun təşviqi istiqamətindəki fəaliyyətindən danışıb. Azərbaycanın diplomatik təmsilçiliyinin coğrafi əhatə dairəsinin getdikcə genişləndirildiyini qeyd edən M.Əhmədzadə bu istiqamətdə Cənubi Amerikada ilk diplomatik nümayəndəlik olaraq Argentinada səfirliyimizin təsis edildiyini vurğulayıb və səfirliyin fəaliyyət planları haqqında məlumat verib. Öz tərəfindən, Azərbaycan hökumətinin Argentinada səfirlik açmaqla bağlı qərarından məmnunluğunu ifadə edən xarici işlər naziri H.Timerman bu faktın iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyini bildirib. Argentinanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayan nazir H.Timerman bu əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan yararlanmağın məqsədəmüvafiqliyini qeyd edib. Azərbaycanda gedən iqtisadi inkişaf prosesindən, xüsusilə də Azərbaycanın enerji sektorundan əldə etdiyi gəlirlərin digər sahələrin inkişafına yönəldilməsindən məmnunluğunu vurğulayan nazir H.Timerman Argentinanın kənd təsərrüfatı sektorunda geniş təcrübəyə malik olduğunu və bu təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib. Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, iki ölkə arasında müqavilə-hüquq bazasının, iqtisadi, mədəni, təhsil, humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, habelə xalqlararası təmasların və ictimai diplomatiyanın təşviqinin vacibliyi qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA