ATƏT-in müzahidə missiyası seçki ilə bağlı ilk aralıq hesabatını açıqlayıb

img

21-10-2010 [12:40]


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkisini müşahidə missiyası ilk aralıq hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, parlament seçkisi ilə bağlı seçkiqabağı kampaniyanın başladığı dövrdə siyasi partiyaların xüsusi fəallığı müşahidə olunmayıb və müxalifətin maliyyə resursları çox məhdud olub. Hesabatda qeyd olunub ki, ölkədə yayım dairəsi Azərbaycan ərazisini tam əhatə edən bir neçə telekanal olsa da, vətəndaşların KİV-də kampaniya ərzində müxtəlif siyasi baxışlarla tanış olmaq imkanı məhduddur. Qəzetlərdə isə seçki kampaniyası daha rəngarəng işıqlandırılıb: ?Milli telekanallar, o cümlədən dövlət kanalı olan AzTV və İctimai Televiziya, əsasən hakimiyyətin fəaliyyətini işıqlandırır, bu telekanallarda müxalifət liderlərinə və onların fikirlərinə nadir hallarda yer ayrılır?. Hesabatda qeyd olunub ki, ATƏT DTİHB-in müşahidə missiyasına müxalifətdən olan və müstəqil namizədlərin, onların səlahiyyətli nümayəndələrinin yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən maneələr yaradılması barədə məlumat daxil olub. Müşahidə missiyasının fikrincə, qadınlar Azərbaycanın siyasi həyatında kifayət qədər təmsil olunmayıblar: ?Bu seçkidə iştirak edən namizədlərin yalnız 13 faizi qadınlardır. Lakin 2005-ci ilə müqayisədə qadınların seçkidə iştirakı ilə bağlı vəziyyət nisbətən yaxşılaşıb. Hakim partiyanın qeydiyyata alınmış namizədləri arasında qadınların iştirak faizi 2005-ci illə müqayisədə 13 faizdən 19 faizə qalxıb. Lakin müxalifət namizədləri arasında qadınlara çox az rast gəlinir. AXCP-Müsavat blokunun namizədlər siyahısında cəmi beş qadının adı var?. Hesabatda qeyd olunub ki, əsas siyasi partiyaların hamısının namizədlər siyahısında milli azlıqların nümayəndələri təmsil olunublar. Qeyd edək ki, ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyası fəaliyyətinə sentyabrın 28-dən başlayıb. Missiyanın tərkibinə əsas komandanın 16 üzvü və regionlarda fəaliyyət göstərən 22 müşahidəçi daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA