Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət bazçılarının görüzü keçirilib

img

14-09-2010 [04:56]


Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev, Rumıniya prezidenti Trayan Basesku, Gürcüstan prezidenti Mixail Saakaşvili və Macarıstanın baş naziri Viktor Orbanın ?Azərbaycan-Gürcüstan-Rumıniya Interconnector? (AGRI) layihəsinə həsr olunmuş görüşü keçirilib. Prezident İ.Əliyev Azərbaycanda neft və qaz hasilatının tarixi haqqında danışaraq bildirib ki, ölkəmiz dünyada neft hasil edən ilk ölkələrdən biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neft və qaz yataqlarının işlənməsində beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayıb. Azərbaycanın enerjidaşıyıcılarının ixracında şaxələndirmə siyasətinə üstünlük verdiyini diqqətə çatdıran prezident deyib ki, neftin və qazın müxtəlif istiqamətlərdə nəqli üçün ölkədə yaxşı infrastruktur yaradılıb, yeni boru kəmərləri çəkilib. Azərbaycanın enerji sahəsində regional və beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən İ.Əliyev AGRI layihəsinin enerji sahəsində əməkdaşlıqda yeni mərhələ açdığını, layihənin böyük potensialı olduğunu vurğulayıb. Gürcüstan prezidenti M.Saakaşvili isə regional enerji əməkdaşlığında Azərbaycanın rolunu xüsusi vurğulayıb və enerjidaşıyıcılarının nəqlində Gürcüstanın tranzit rolu barədə danışıb. Rumıniya prezidenti T.Basesku isə AGRI layihəsinin ölkəsi üçün əhəmiyyətindən danışıb və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayıb. Macarıstanın baş naziri V.Orban isə bu layihəyə qoşulmağın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Macarıstan AGRI layihəsində fəal iştirak etməyə hazırdır. Daha sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev AGRI layihəsi ilə bağlı təqdimatla çıxış edib, görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bundan sonra Azərbaycan prezidenti İ.Əliyev, Rumıniya prezidenti T.Basesku, Gürcüstan prezidenti M.Saakaşvili və Macarıstanın baş naziri V.Orban AGRI layihəsinə dair Bakı Bəyannaməsini imzalayıblar. İmzalanmadan sonra keçirilən birgə mətbuat konfransında prezident İ.Əliyev Azərbaycanın enerji sahəsində nadir təcrübəsinin olduğunu və tərəflərin maraqlarının tarazlığının AGRI layihəsinin də həyata keçirilməsinin vacib şərti olduğunu vurğulayıb. Dövlət başçısı diqqətə çatdırıb ki, şaxələndirmə enerji təhlükəsizliyinin vacib elementidir və bunun nəticəsi olaraq hazırda Azərbaycanın 7 neft-qaz kəməri var və bu kəmərlər Azərbaycan neft və qazının müxtəlif istiqamətlərdə nəqlini təmin edir. İ.Əliyevin sözlərinə görə, hazırda Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir. Azərbaycanda bu il 28 mlrd. kubmetr qazın hasil olunmasının nəzərdə tutulduğunu deyən dövlət başçısı yerli tələbatın ildə 10-11 mlrd. kubmetr təşkil etdiyini vurğulayıb. Qalan hissə ixrac olunmaqla yanaşı, anbarlara da vurulur, Azərbaycanın indiki ixrac səviyyəsi isə ölkəmizin digər layihələrdə iştirakını məhdudlaşdırmır. ?Avropanın enerji təhlükəsizliyi Azərbaycan üçün də maraqlıdır və bu təhlükəsizliyin təmin olunması ölkəmiz üçün də geniş imkanlar açacaq?, - deyən Azərbaycan prezidenti bundan sonra layihənin texniki-iqtisadi əsaslandırma və maliyyə məsələlərinin həllinə nail olunmasının vacibliyindən danışıb, bu məsələdə beynəlxalq maliyyə qurumlarının iştirakının zəruriliyini qeyd edib. Gürcüstan prezidenti M.Saakaşvili AGRI layihəsində region ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin də iştirak etməsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu, özlüyündə mühüm hadisədir. Macarıstanın bu layihəyə qoşulması isə Avropanın enerji təhlükəsizliyinə yeni çalar gətirəcək. Rumıniya prezidenti T.Basesku bildirib ki, bu layihənin icrası Avropa İttifaqının ?Şərq tərəfdaşlığı? proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır. Layihənin icrası həm də Xəzər regionu ilə Avropa ölkələri arasında əməkdaşlığa təkan verəcək. ?Macarıstanın bu layihəyə qoşulması onun etibarlılığı üçün mühüm elementdir?, - deyən T.Basesku bildirib ki, layihə öz səmərəliyinə əsaslanır və heç bir siyasi qərara söykənmir. Layihənin icrası üçün əsas infrastrukturun mövcud olduğunu deyən Rumıniya prezidenti qeyd edib ki, mühüm məsələ Rumıniyanın Konstansa və Gürcüstanın Kulevi terminallarının ərazilərində iki qaz terminalının inşasıdır. Bu da onu göstərir ki, bu, ən qənaətcil layihələrdəndir. Texniki əsaslandırma başa çatdıqdan sonra maliyyə məsələlərinin həllinə başlanacaq. Terminalların qurulmasına isə özəl sərmayələr cəlb olunacaq. Macarıstanın baş naziri V.Orban əmin olduğunu bildirib ki, layihə çərçivəsində əməkdaşlıq səmərəliliyi ilə seçiləcək və rəsmi Budapeşt bu layihəyə sadiqdir. V.Orban ölkəsinin Rumıniya ilə birlikdə bu layihənin Avropa qitəsində özünü doğrultması istiqamətində mühüm əməkdaşlıq edəcəyini də diqqətə çatdırıb və bildirib ki, bu layihə Avropa İttifaqına töhfə verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA