Bizimkilər sponsor axtarır, onlar isə...

img

14-01-2018 [23:21]



Zaur ƏHMƏD

Bir neçə il bundan əvvəl "Manaf Ağayev və Qarabağ bəyləri” başlıqlı yazı yazmışdım. Yazını ustadımız, müəllimimiz, görkəmli ziyalımız Şirməmməd Hüseynovun erməni susatan Mıtılkıç və Qarabağ bəyləri ilə bağlı bir söhbətindən bəhrələnərək qələmə almışdım. 

Təbii ki, düşmən millətin hər hansı bir məsələdə bizdən üstün olması şəxsən məni incidir. Niyə axı? Biz hansı səbəbdən erməni kimi tarix boyu başqasının maşası olan, onun-bunun qabında gözü qalan, min-bir cildə girən toplumdan nədəsə geri qalmalıyıq? Niyə bizdə əksər məsələlərdə ümumi maraq şəxsi maraqdan önə çıxmır? 

Bu sualları çox uzatmaq olar. Amma nə özümü, nə də sizi incitmək istəmirəm. Bir məsələni qeyd edim ki, hər nə olursa-olsun, bu millət baş tacıdır, uğrunda ölməyə layiqdir. Bəzən unutqan olsaq da, özümüzü daha çox istəsək də, yenə də "Öncə millət” demək lazımdır, deyirik də. Amma bir məsələ var ki, eyblərimizin üstünü örtməklə də iş bitmir. Ki, eyblərimizi qapada-qapada bu günə düşmüşük. Hələ 100-150 il öncə o, böyük kişilər bu millətin eyblərini deyəndə çoxları onları topa tuturdu. Guya onlar milləti təhqir edirmişlər. Haşa... Təhqir - olmayan bir şeyi deyəndə olur. Olanı demək, səhvi göstərmək milləti sevməyin ən düzgün yoludur. 

Bu günlərdə internetdə maraqlı bir məlumatla rastlaşdım. "Şirməmməd Hüseynovun dediklərindən" başlığı ilə paylaşılmışdı. Marağımı çəkdi, oxudum və bir daha incidim. Görün, nələr olub. 

"1911-ci ildə Sabir ölür. Abbas Səhhət istəyir ki, onun şeirlərini bir yerə yığıb kitab çap elətdirsin, çünki Sabir yazırdı, amma kitabı çap olunmamışdı. Heç öz kitabını görmədi də. Abbas Səhhət götürür qəzetlərdə elan verir ki, ay camaat, gəlin yardım edin, Mirzə Ələkbər Sabirin kitabını çap etdirək. Cəmi 26 rubl pul yığılır. Onun 5 rublunu Nəcəf bəy Vəzirovun qızı göndərir, qalanını da Sabirin şagirdləri 3 qəpik, 5 qəpik yığıb göndərirlər. Həmin ilin yayında azərbaycanlı qadınlarıyla erməni qadınları Dilicanda istirahət edirlərmiş. Necə olursa, erməni qadınları Sabirin kitabıyla bağlı elana rast gəlir. Qərara gəlirlər ki, yardım etsinlər. Bilirsiz niyə? Çünki Sabirin "Qorxuram" adlı şeirindəki "Harda müsəlman görürəm qorxuram", - misrası onların çox xoşuna gəlirdi... Bir yığıncaq təşkil edirlər, həmin yığıncaqda yığılan bütün pulları da göndərirlər kitabın çapı üçün. Beləcə, Mirzə Ələkbər Sabirin "Hop-Hopnamə" adlı ilk kitabı çap olunur və üstəlik, kitabın ilk nəşrinin ön sözündə də, kitabın kimlərin puluyla çap olunduğu qeyd olunur". 

Bax, belə... Erməni qadınların hansı əxlaqa, hansı xarakterə malik olduqları barədə nəsə deməyə ehtiyac yoxdur. Onların hansı "yuvanın quşları” olduqları bəllidir. Amma onların ümummilli maraqlar ətrafında birləşmələri paxıllıq ediləcək qədər güclüdür. 

Bizim Vətən, Millət, Dövlət üçün hər şeyi fəda edən qadınlarımız çox olub, indi də var. Minlərlə şəhid, qazi, döyüşçü dünyaya gətirən analarımız, isməti ilə şəhid ailəsi adını daşıyan xanımlarımız var. Onların haqqını yemək olmaz. Onlar bu millətin baş tacıdır, toxunulmazıdır. 

Lakin təəssüf ki, bizim üzdə olan xanımlarımızda brend çanta, bahalı ayaqqabı, şuba, estetik əməliyyat və sair bu kimi mövzular ümummili maraqlardan öndə gəlir. Yəni, biri var sponsorluq edən, biri də sponsor axtaran xanımlar. Elə buna görə də hörmətli Şirməmməd müəllim ürək ağrısı ilə erməni qadınların ümummili maraqlara hesblanan "qadın dayanışmasından” danışır, amma bizimkilərdən sitat gətirə bilmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR