Əsa ilə gəzən icra başçısı və işsiz gənclər...

img

26-11-2017 [22:41]


Seymur VERDİZADƏ, 
Qafqazinfo.az

Ötən həftə şair Əliağa Kürçaylının xatirələrini oxuyanda, maraqlı bir epizod diqqətimi cəlb etdi. Əliağa müəllim yazır ki, 1942-ci ildə gənc yazıçıların respublika müşavirəsində çıxış edəndə xalq şairi Səməd Vurğun onun sözünü kəsərək, harada oxuduğunu soruşub. 

Kürçaylının cavabı belə olub: "Oxumuram, fəhlə işləyirəm”.

Səməd Vurğun başını bulayıb: "Fəhləliklə şairlik bir araya sığmaz, gəl sənədlərini universitetə ver”.

Gənc şair kədərlə cavab verib: "Onuncu sinfi qurtarmamışam, məni universitetə götürməzlər”.

Rəyasət Heyətində əyləşən şair və yazıçılar məsləhət görüblər ki, Əliağa Kürçaylı rayona qayıdıb orta məktəbi bitirsin, sonra gəlib universitetdə təhsilini davam etdirsin. Lakin Səməd Vurğun razılaşmayıb. Deyib ki, mən bilirəm, bu, müsəlman balasıdır, getsə, gəlməyəcək.

Əliağa Kürçaylı xatirələrində daha sonra yazır: "Məni Bakıda gecə məktəbinə düzəltdilər. Lakin nə qalmağa yerim, nə də yeməyə çörəyim vardı. Səməd Vurğunun köməyi ilə Yazıçılar İttifaqının üzvü olmadığım halda İttifaqın hesabına mehmanxanada otaq düzəltdilər və mən orda yaşayaraq, gecə məktəbində oxudum”.

Bu müsbət ənənə sonrakı illərdə də davam etdirilib. Əkrəm Əylisli bir neçə il əvvəl danışırdı ki, 25-26 yaşı olanda qələmə aldığı povestlərə ön sözü xalq şairi Rəsul Rza yazıb. Kənddən gələn bu balacaboy, cığal oğlanın istedadı Rəsul müəllimin diqqətini cəlb etdiyi üçün ona qayğı göstərməyi özünə borc bilib.

Bir neçə gün əvvəl Bakıda keçirilən türk filmləri həftəsinin açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məciddən soruşdum: "Anar müəllim indiyə kimi hansı gənc yazarın kitabına öz söz yazıb?”

Rəşad müəllimin cavabı özünü çox gözlətmədi: "Pərvinin”.

Tədbirdə iştirak edən Pərvin xanım siyahıya yeni ad əlavə etdi: "Həm də İlqar Fəhminin”.

Yaddaşımı qurdalayıb, mən özüm də 3-4 imza xatırladım. Onu da bilirəm ki, çağdaş ədəbiyyatımızın tanınmış simalarından olan Elçin Hüseynbəyli, Qulu Ağsəs, Səlim Babullaoğlu, Sayman Aruz kimi istedadlı qələm sahibləri də vaxtilə AYB rəhbərliyinin himayəsində olublar. Rəşad Məcid isə Gənc Ədiblər Məktəbinin üzvlərinə doğma balaları kimi qayğı göstərib.

Savadlı, istedadlı gənclərə qayğı göstərmək ümummilli hədəfə çevrilməlidir. 

1997-ci ildə tələbə olanda Nəsib İsmayılov məni ödənişli əsaslarla "Bu gün” qəzetinin Türkiyə müxbiri təyin etdi. Bir il sonra təhsilimi tamamlayıb Bakıya qayıdanda, ilk işim doğma redaksiyaya baş çəkmək oldu. Elə həmin gün Nəsib müəllim məni informasiya şöbəsinin müdiri vəzifəsinə təyin etdi. Yaxşı xatırlayıram, qəzet çıxdığı üçün həmin gün evə gecəyarısı qayıtdım. Qapının ağzında yolumu gözləyən valideynlərimə dedim ki, narahat olmayın, işdən gəlirəm...

Mənim gənc jurnalistlərə necə qayğı göstərdiyimi isə vaxtı çatanda özləri yazarlar. Yalnız onu deyə bilərəm ki, son 4-5 ildə jurnalistlər arasında keçirilən heç bir müsabiqədə iştirak etməmişəm. Gənclərin önünü kəsmək, kötük kimi onların qabağında dığırlanmaq istəmirəm...

Gənclərə qayğı yalnız yaradıcı təşkilatlarla məhdudlaşmamalıdır. Savadlı, bacarıqlı gənclər dövlət qurumlarında da irəli çəkilməli, qocaman kadrları onlar əvəz etməlidir. Məqamı gəldiyi üçün yazmadan keçə bilməyəcəm. 

İki ay əvvəl "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramovla Daşkəsəndə olanda bu rayonun icra başçısı Əhəd Abıyevlə görüşdük. Əhəd müəllimin masasının üstündə bir torba dərman vardı. Səhhətində problem olduğu üçün yerindən qalxıb bizə əl uzatmağı təxminən 2 dəqiqə çəkdi. Bir vaxtlar Milli Məclisdə ayağını yerə vuranda parlamentin şüşələrini cingildədən Abıyevin əsa ilə gəzdiyini görəndə, ürəyimin başı göynədi. 

Neçə vaxtdır bu suallara cavab tapa bilmirəm: bu kişi özünə niyə bu qədər əziyyət verir? Ömrünün yerdə qalan hissəsini niyə nəvə-nəticələri ilə bir yerdə keçirmək istəmir? 

Bununla həm də ölkədə işsizlik probleminin həllinə layiqli töhfə vermiş olar.

P.S. Növbəti dəfə Daşkəsənə gedəndə müasirlərinin Üzeyir Hacıbəyli, Səməd Vurğun, Rəsul Rza, Adil İsgəndərovla bağlı xatirələrini Əhəd müəllimə oxuyacam. Bəlkə insafa gəlib, gənclərin yolunu açdı...

Digər xəbərlər
SON XƏBƏRLƏR