Qulağı buruq deputatlar

img

21-08-2017 [12:17]


Uzun illər Cəbrayıl rayonunu təmsil edənlər ictimai rəydə hələ bu şəkildə linç olunmamışdı. Amma sabiq icra başçısı Mahmud Quliyevlə, cəbrayıllıların adından, haqsız yerə Milli Məclisdəki kürsünü zəbt edən Astan Şahverdiyevə "təşəkkür” eləmək olar.

Mahmud Quliyevin "kopolu” söhbəti ilə, Astan Şahverdiyevin "otxod” məsələsi bizim tərəfləri əməlli-başlı "reklam” elədi. Son dövrlərə qədər hamı bizim camaatı sakit, sözsüz-söhbətsiz, qalmaqalsız, üzüyola camaat kimi tanıyırdı. Əslində, elə indi də eləyik. Amma uzun illər üzə çıxmayan bu cütlük "dil açandan” bəri daşımız daş üstə qalmayıb.

"Qaçqınkom” sədri Əli Həsənovun nəvəsinin məsələsindən hər kəs məlumatlıdır. Odur ki, bunun üstündən keçirəm. Hamı bilir ki, Astan Şahverdiyev üçün Əli Həsənov kimdir. Deputatın onun müdafiə etməsini də anlayıram. Buna görə onu qınayanları da, tənqid edənləri də başa düşürəm. Təhqir edənlərin fikirlərini isə bölüşmürəm, lakin onların da aqressiyası başadüşüləndir.

Mən, Şahverdiyevi qınamıram. Adam öz aləmində düz edib. Düzü, ondan başqa nəsə gözləməyə də dəyməzdi. Çünki bu adam danışdıqca batır... Bacarmır, yaxud bacardığı budur.

Biz, Şahverdiyevin hansı yolla deputat olduğunu bilirik. Həmkəndlilərinin yarısından çoxu, rayonun isə böyük əksəriyyəti bu adama səs verməyib. Səsvermə qutularından bu adamın adı çıxıb, ona söz yox. Amma necə? Bu başqa məsələdir. Mən o kitabı çoxdan bağlamışam, yenidən vərəqləməyə lüzum yox...
Sözümün canı başqadır. Astan Şahverdiyevə münasibətimi bəri başdan qeyd elədim ki, sonra kimsə başqa cür anlamasın. Bu adam haqqa girib, haqqı olmayan kürsünü illərlə zəbt edib, o tribunadan cəbrayıllıların hüquqularını müdafiə eləməyib. Amma kiminsə nəvəsinin harınlığını ört-basdır edərək müdafiəyə qalxır. Bütün hallarda xalqın yox, hansısa məmurun yanında yer alan adama rəğbətim ola bilməz.

Amma bu prosesdə böyük bir əmma var. Həqiqətən də son proseslərdə Astan Şahverdiyevə yazığım gəldi. Millət vəkili adını daşıyan bir şəxsin bu qədər zavallı duruma salınmasına çox pis oldum. İllərdir eyni cəbhədə olduğun, eyni siyasi kursu bölüşdüyün şəxslərin 70 yaşında sənə "qulaq burması” verməsi ağır dərddir.

Yəqin ki, Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyevin deputat həmkarı Astan Şahverdiyevlə bağlı məsələyə münasibətindən çoxlarının xəbəri var.

Ağacan Abıyev deyib ki, deputatlar işə çıxandan sonra Astan Şahverdiyevlə bağlı daxil olan şikayətlərə baxılacaq: "Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə "qulaqburması” veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”.

İkisi də ahıl çağındadır, amma nə danışdıqlarını bilmirlər. Tutalım, Şahverdiyev səhv edib, lap qanunu pozaraq kimisə müdafiə edib. Bunun cavabı "qulaqburması”dırmı? 70 yaşında adama kim "qulaqburması” verəcək? Bu, proses hansı formada reallaşdırılacaq? Belə çıxır ki, sabah kimsə yanlış bir ifadə işlətsə, ona "qulaqburma” cəzası veriləcək? Bəs, ahıl yaşda deputata "qulaqburma” cəzasını layiq görən Ağacan Abıyev bu aşağılamasına görə analoji cəza ala bilərmi? Məncə, millət vəkili adına yaraşmayan bu cəzanı gündəmə gətirdiyinə görə, Şahverdiyevlə yanaşı, Abıyevə də eyni cəzadan verilməlidir.

Yaxşı olar ki, uzatmayaq. Birdə gördün, qulağı buruq deputatlar qərar verdilər ki, kim bizdən yazsa, həmin jurnalistə də "qulaqburması” verək. Nə qədər ki, qulağımız salamatdır, susaq...



Digər xəbərlər
SON XƏBƏRLƏR