Baz Prokurorluqda əməliyyat müzavirəsi keçirilib, 50 prokurorluq əməkdazı cəzalandırılıb

img

07-08-2010 [12:47]


Avqustun 6-da Baş Prokurorluqda 2010-cu ilin birinci yarımilinin yekunlarına dair geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluqdan verilən məlumata görə, əməliyyat müşavirəsində baş prokuror Zakir Qaralov məruzə ilə çıxış edib. Bildirilib ki, 2010-cu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış qəsdən sağlamlığa ağır zərər vurmalar 2,3 faiz, adam oğurluğu 42,9 faiz, zorlamalar 2,6 dəfə, soyğunçuluq 26,3 faiz, quldurluq 14,8 faiz, hədə-qorxu ilə tələb etmələr 33,3 faiz, xuliqanlıq 3,2 faiz, xarici vətəndaşlara qarşı törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, adamların girov götürülməsi kimi cinayətlər, ümumiyyətlə, qeydə alınmayıb, törədilmiş 11375 cinayətin təxminən 87,3 faizinin açılması təmin edilib. Həmçinin 391 ağır və xüsusilə ağır cinayətlər, o cümlədən 12 qəsdən adam öldürmə, 3 adam oğurluğu və çoxsaylı quldurluq və soyğunçuluq cinayətləri törətmiş 383 nəfəri birləşdirən 110 mütəşəkkil cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Keçmiş illərdən bağlı qalan 188 ağır və xüsusilə ağır cinayətin açılması təmin olunub. Qeyd olunub ki, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2010-cu ilin birinci yarısında rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 116 şəxs barəsində 58 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Əməliyyat müşavirəsində qeyd edilib ki, 2010-cu ildə istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 6275 cinayət işinin istintaqı yekunlaşdırılıb, bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq edilən cinayət işləri 5,1 faizə bərabər olub. Diqqətə çatdırılıb ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyətinin artırılması, fəaliyyətlərində qanunazidd hallara və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi istiqamətində qətiyyətli tədbirlər həyata keçirilib. Belə ki, 2010-cu ilin birinci yarısında müxtəlif xətalara yol verdiklərinə görə 50 prokurorluq əməkdaşı cəzalandırılıb, onlardan 5 nəfəri prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və ?Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi?nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric edilib, 3 nəfəri tutduqları vəzifələrdən azad olunub, 40-dan çox əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilib. Eləcə də, tabelikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, aşkar edilən qanunsuzluq faktlarına münasibətdə prinsipiallıq göstərməyən, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olan qanunsuzluqlara yol verən 10-dan artıq rayon və şəhər prokuroru, Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunun məsul vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb edilib. Zakir Qaralov tələb edib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və mənfi təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülsün.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA