Mehriban Əliyeva: Aprel qəhrəmanlığı və müharibənin üzü haqqında

img

05-04-2017 [18:00]


Zahid ORUC, Millət vəkili

Vətən müharibəsi istənilən xalqın ruhi bütövlüyünü, kollektiv rəşadət imkanlarını və sarsılmaz ailə bağlarını sınağa çəkən bir fenomendir. "Qadınlar silahlı savaşda” anlayışı ağlasığmaz görünsə də, qoca tarixin qanlı səhifələri bir ayrı mənzərəni ortaya qoyur.

Cəmi 72 il öncə dünyanı saran faşizmə qarşı mübarizədə kişilərlə çiyin-çiyinə düşmən üzərində son və qəti qələbəyədək addımlayan zərif cinsin nümayəndələrinin sayı yüz minlərlə ölçülür. Bax, həmin o amansız və qorxunc silahlı vuruşlarda şanlı döyüş yolu keçənlər haqqında qələmə alınmış əsərlərdən birinin adı "Müharibə qadın simalı deyil” idi. Gerçəkdən də "müharibə, kişi işidir” ifadəsi hər bir toplumun ictimai rəyində daşlaşmış bir fikirdir. Lakin reallıq tamam başqadır.

1945-ci ildən sonra uzun müddət misilsiz igidlikləri haqqında cəmiyyətdə danışılmayan sovet qadınlarının rolu inkar edilməsə də, onları vəsf etmək də o qədər məqbul deyildi. Doğrudur, bununla bağlı hansısa qadağa direktivi yox idi. Lakin 200 mindən artıq orden və medala layiq görülən, 90 dan artıq Sovet İttifaqı Qəhrəmanı adını alan bir ordunu necə qiymətləndirməmək olardı?

Sonralar Nobel mükafatına layiq görülən müəllif Svetlana Alekseyeviçin ədəbi qəhrəmanları ön xətdə atılan minlərlə silahlı əskər, sanitar, rabitəçi, kəşfiyyatçı, təyyarəçi xanımlar idi. Hərbi libas geyinən "zərif məxluqlar” polad kimi möhkəm olduqlarını təkcə ailə adlı bir qalanın qorunmasında deyil, hər qarış Vətən torpağının uğrunda ölərkən nümayiş etdirirdlər. Eyni zamanda, arxa cəbhədə ərlərini, oğullarını və ya qardaşlarının ağır əməyini də əvəz etmək onların zərif çiyinlərinə düşürdü.Təkcə ailə ocaqlarının istisinə və rahatlığına deyil, həm də qeyri-insani sınaqlara tab gətirərək acı sınaqlardan keçməyə, millətə sevgiyə və döyüşən oğullara arxa olmağa qadir olan hər kəs böyük ehtiram və hörmətə layiqdir. Hər bir sərkərdə və dövlət rəhbəri-xüsusilə də onun məmləkəti müharibəyə çəkilibsə, güclü qadınlara söykənərək müqəddəs savaşları apara bilir.

Ötən ilin Aprel döyüşləri milllətimizin növbəti imtahanı idi. Həmin günlər ölkə başçısı taleyüklü qərarlar alarkən xalq və tarix qarşısında nə qədər böyük məsuliyyətin altına girdiyinin fərqində idi. Ortada Gürcüstanın 2008-ci ildə 5 günlük müharibədə hərbi və siyasi cəhətdən tərksilah edilməsi nümunəsi vardı. Lakin prezident İlham Əliyevi cəbhə xəttində öz ailə üzvü ilə bərabər görən xalq üçün regional və beynəlxalq reallıqlar, xəbərdarlıq və təhlükə siqnalları heç bir önəm daşımırdı. Azərbaycan insanı qarşısında gördüyü mənzərəni-sərkərdə və birinci xanımın qətiyyətini hər bir vətəndaş üçün çağırış sayaraq, ayağa qalxmışdı. Ermənistanın I prezidenti Levon Ter-Petrosyanın dediyi kimi, 90-cı illərin qələbəsi ilə beyinləri zədələnmiş və işğaldan kənarda dövlətçiliyini qura bilməyənlərin Aprel zərbəsinə verdiyi başıpozuq reaksiyanın qarşısında dayanan ilk növbədə ölkənin rəhbəri idi. Ali Baş Komandan əsgərlə birgə döyüşəndə, təkcə diplomatik səriştə və siyasi məharətin tələb olunduğu sülh vuruşlarında deyil, gerçək fiziki təhlükə anlarında da cəbhədə olanda ordu yenilməz qüvvəyə çevrilir.

Bəli, Qarabağın ələ keçirilməsi Azərbaycanın müstəqilliyinə görə ödədiyi haqdır. Lakin 4 günlük müharibə göstərdi ki, millət məğlubiyyətin töhməti ilə əbədi yaşamaq fikrində deyil. Sülh dövründə aparılan iqtisadi-siyasi müharibənin ağırlığını çiyinlərində daşıyan prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın savaşın ön xəttinə gedərkən həyatlarını hər an təhlükədə qoyduqları hər kəsə bəlli idi. Ən yaxın təmas xəttinin müasir müşahidə qurğularının və uzaqvuran silahların hədəfində olmasını izah etməyə də ehtiyac yoxdur. Lakin orduları bunkerdən idarə edənlər haqqında bildiyimiz tarixi faktlar bizim üçün keçərli deyil. Qoca Şərqin öz dövlət və hərbi reallıqları var.

Mehriban xanım, həmin günlər 22 illik fasilədən sonra Azərbaycana ilk hərbi qələbə sevincini bəxş edərək canlarını qurban verən Vətən oğullarının qorxmazlıq və mərdlik mərasiminə qatılmışdı. Ölümü görən və onun ağrısını yaşayan analara, bacılara və həyat yoldaşlarına mənəvi dayaq durmaq, onların güvənc və etibar ünvanına çevrilmək təkcə milli birlik gərəkçəsi deyil, həmçinin yenilməz Azərbaycan qadın obrazı döyüş meydanında düşmənə vurulan zərbə deməkdir. Balalarını-ən əziz varlıqlarını müqəddəs davaya verməyi bacaran adamların ruhi dünyasını dərk etmək o qədər asan iş deyil. Ona görə də "başsız qalan” ailələrə və nakam talelərə əl uzadarkən Mehriban Əliyevanın çöhrəsindəki kədəri, doğmalıq və yaxınlığı heç bir siyasi-dövləti öhdəliklərlə izah etmək mümkün deyil. Ölkənin birinci xanımı hər bir vətən oğlunu öz övladı kimi qəbul edir, onların mərdliyindən qürur duyur, itkilərə qəlbən ağlasa da, başını məğrurluqla yuxarı tutmağı bacarırdı.

Bəli, uzun illər mədəniyyət və humanizm siyasəti ilə dövlətimizin mənafelərini xarici məkanlarda irəlilətmək də az hünər tələb etmir. Bir islam ölkəsinin kübar və elitar qadını obrazını qəbul etdirmək, hegemoniyaya və diqtəyə öyrəşmiş qoca qitənin içərisində ölkəsi üçün mənafe davası aparmaq o qədər də asan iş deyil. Lakin Mehriban xanım cəmi 25 il öncə azadlığına qovuşmuş bir milləti layəqətlə təmsil etməyi bacararkən hər bir addımında Qarabağı və torpaq bütünlüyümüzü simvolizə edir. Doğrudur, tarixi analogiyaların hər biri sözügedən məkanın, siyasi şəraitin və hadisələrin cərəyan etdiyi dövrün fərqli reallıqlarına malikdir. Hər kəsin tərcümeyi-halı müstəsnadır, bənzərsizdir. Lakin bununla belə, Şərqdə mürəkkəb dövlət fenomenini dərk edən və ona misilsiz töhfələr verən qadınlar məhz qanlı müharibələr, keçid formasiyaları zamanı meydana çıxıblar. Onlar birinci şəxslərin kölgəsi olaraq qalmayıb, mürəkkəb ictimai münasibətlərin, həmçinin dövlətlərarası əlaqələrin qurulmasında əvəzsiz rol oynayıblar. Baxın, ötən əsrin əvvələrində imperiya mirasından qurtulan Asiya nəhəngində nələr yaşanırdı?

Monarxiyanın çöküşü ilə Çində siyasi vakuum yaranır və vətəndaş müharibəsi başlayır. Bir yandan da imperator Yaponiyası Mancuriyanı işğal edərək ölkənin mərkəzinə doğru irəliləyir. Bax, həmin o illərdə Çinin yeni rəhbəri general Çan Kayşi və onun xanımı Sun Meylin sözün gerçək mənasında fədai kimi döyüşürdülər. Aclığın və səfalətin yüz minlərlə can aldığı bir ölkədə yüksək Qərb təhsili görmüş birinci xanım ABŞ-la yaxın əlaqələrin qurulmasında dövlətin bir nömrəli səfirinə çevrilir. O, yüzlərlə müsahibə və yazısı ilə Amerika cəmiyyətində öz xalqına ehtiram və həmrəylik hissi oyatmağa çalışır, Ağ Ev Administrasiyasını Yaponiyaya iqtisadi köməkdən daşındırmağa cəhd edir. Lakin generalın xanımının tarixi xidmətlərinin zirvəsi onun 1943-cü ildə Konqresə gedərək orada hər iki palataya müraciəti sayılır. Kapitoli binasında senatorlara və konqresmenlərə dərindən nüfuz edən belə təsirli nitqin qarşısında hətta prezident Ruzvelt də dayana bilmir. Çinə çoxmilyardlıq maliyyə yardımı, hərbi köməklik qərarı da yalnız ondan sonra verilir.

Doğrudur, Çinin və yaxud bir başqa Şərq ölkəsinin nümunəsi Azərbaycanın müstəqillik mübarizəsi ilə eyniyyət təşkil edə bilməz. Lakin 4 günlük müharibənin qəhrəmanlarını qəbul edərkən Mehriban Əliyevanın dilə gətirdiyi hərbi və siyasi mesajlar ona daha böyük tarixi məzmun verir, qətiyyətlə dilə gətirilən çağırışlara Qarabağ münaqişəsinin həllində fərqli məna çalarları qatır. 90-cı illərdən paytaxta sığınmağa məcbur olmuş köçkünlərin yeni isti ocaqlarla təmin olunması üçün ilk rəsmi qərarını verən xanım lider rəsmi dövlət vəzifəsində ikinci mühüm tədbirə Aprel döyüşlərinin iştirakçıları ilə davam edir. Hakimiyyət ierarxiyasında tutduğu yerdən asılı olmayaraq, Qarabağ münaqişəsinin yaratdığı humanitar fəlakətin həlli, həmçinin yeni müharibədə millətimizin təşkili yolunda atılan belə addımlar ən yüksək alqışlara layiqdir.

Mehriban xanım Ermənistanda az qala real müxalifətə çevrilən hərbçi analarının antidövlət barrikadasında hansı yeri tutduqlarını yaxşı bilir. Sülh platformasından uzaq duran Sərkisyan rejiminə qarşı aparılan mübarizəyə mütləq kömək göstərmək lazımdır. Övladları Cəbrayılda və Füzulidə məhv edilən erməni qadınına xitab edərkən onları müqavimətə səsləmək ən doğru yoldur. Axı heç bir ad və status həmin insanların yaralarını sağalda bilməz. Belədə müharibənin gedişinə təsir göstərən ən mühüm qüvvə öz sözünü deməlidir. Sink tabutlarda geri alınan canlar hesabına İrəvanın hər bir bucağında baş daşları ucalır. Əvəzində isə həmin məzarlıqlar Qarabağdan gəlmiş bir ovuc səhra komandirinin qurduqları sarayların kölgəsində qalır.

Erməni anası hakimiyyətdən qisasını demoqrafik yolla alır. Buna heç bir şübhə yoxdur. Yaxşı güzəran dalınca çıxıb gedənlərin də boşaltdığı ölkə vətəndaşların ictimai-siyasi protestinin göstəricisidir. Başqa cür də ola bilməzdi. Təcavüzkarlıqdan və işğaldan hakimiyyət birinciliyinə addımlayanlar qəddarlıqlarını öz xalqlarına qarşı da yönəltməkdən uzaq dayana bilməzlər. Çünki orada şərin yayılmasına münbit zəmin var-torpaq iddiası. Halbuki Sərkisyanın idarəçiliyi daxili qətllər, intiharlar və sabaha ümidsizlikdən başqa heç bir böyük ideala yol açmadı.

Bəli, qadınların ilahi təyinatı həyat bəxş etməkdir, almaq deyil! Lakin Azərbaycan analarının timsalında ölkənin birinci xanımı işğala yox deyirsə, günah və lənət hissi düşmənin, heyranlıq və qibtə isə millətimizin üzərində qalır. Tarixin dönüş nöqtəsi məhz budur. Qarlı dağları aşıb gələn və kədər içərisində itirdiklərinə göz yaşı axıdan anaların obrazını dəyişmək vaxtıdır. Azərbaycan qalib əsgərləri dünyaya yetirən qadınların ölkəsi olmalıdır!

Müharibənin qadın və kişi simalı olması seçimi yoxdur, onu qalibiyyətlə başa vurmaq var!


Digər xəbərlər
SON XƏBƏRLƏR