Mehman Əhmədli: "Meyxanaya zərbə vuranlara qarzı çıxmaq lazımdır"

img

14-06-2010 [02:02]


Bu gün meyxana sənətini yaşadanlar sırasında Mehman Əhmədlinin də özünəməxsus rolu var. Digər həmkarlarından fərqli olaraq, o, indiyədək musiqili-meyxanaya meyl göstərməyib və "meyxana" sözünün "bədihə" ilə əvəzlənməsinin əleyhinədir. Müsahibəsində də sənətçi ilk olaraq bu mövzuya toxundu: - "Bədihə" - bədahətən deyilən söz, improvizə deməkdir. Bu üslubun xeyli növləri var. Yəni bədihə meyxana ilə yanaşı aşıq sənəti, müstəzad, məsnəvi, rəvayət, lətifə də ola bilər. Buna görə də "meyxana" sözünü "bədihə" ilə əvəz etmək doğru deyil. Bu, ən azından ədəbiyyata, şeiriyyata, klassik şairlərə qarşı hörmətsizlikdir. Meyxananın isə mey, yəni şərabla heç bir əlaqəsi yoxdur. Vaxtilə meyxana ariflərin cəmləşdiyi yerə deyilib. Sabirə qədər olan sənətkarlar isə meyi məna, yəni başqa aləmlə əlaqələndiriblər. Buna dahi Füzulinin, Seyid Əzim Şirvaninin şeirlərində də rast gəlinir. "Bədihə" sözü də əvvəldən olub, amma iki mənada işlədilib. Kimsə meyxanada söyüş söyəndə deyərdilər ki, bədihə deməyin. Bəzən də "hədiyyə" sözü ilə qafiyə olduğundan "meyxana" sözü əvəzinə bədiHə işlədilib. Mən özüm də demişəm ki, meyxana bədihənin bir növüdür, amma deməmişəm ki, adı dəyişsin. [b]- Meyxananın bədihə ilə əvəzlənməsi təklifilə daha çox Namiq Məna və Şeyx Əbdül çıxış ediblər. Amma bu məsələdə ən çox Namiq Məna israr edir. Onunla münasibətləriniz necədir?[/b] - Münasibətlərimiz əvvəlki kimi deyil. Bu söhbətlər istər-istəməz aramızda soyuqluq yaradır. Amma yenə də münasibət saxlayır, görüşüb söhbətləşirik. Şeyx Əbdülə isə bu söhbət lazım deyil. Bir dəfə ona başqa adla zəng edib özümü ədəbiyyatçı kimi təqdim etdim və soruşdum ki, nəyə görə meyxananın adını bədihə etmək istəyirsiniz? O isə dedi ki, Namiq Məna məndən xahiş etdi, mən də onun sözünü yerə salmadım. Soruşdum ki, birdən o biri meyxanaçılar bununla razılaşmadı? O da dedi ki, razılaşmayanı razı salacayıq. Amma hazırda Şeyx Əbdül "meyxana" sözünün tərəfdarıdır. [b]- Meyxana Nizami Rəmziyə kimi küncdə-bucaqda deyilib. Son illər isə elitar səviyyəyə çatıb, efirlərdə də səslənir. Belə bir vəziyyətdə daxili intriqalar kiməsə xeyir verir? [/b] - Bu məni də narahat edir. Belə söhbətlər meyxananı zərbə altında qoyur. Bir qrup bədihəçilərə, bir qrup da meyxanaçılara ayrılarsa, bu işdən ziyan çəkən sənət olacaq. Əks tərəflər toyda, məclislərdə rastlaşanda araya mübahisə düşür. İstedadı, sənətdə rolu olmayanlar bəzən bu işlərə müdaxilə edərək, vəziyyəti daha da ağırlaşdırırlar. [b]- Meyxanada əruz vəzninin əhəmiyyətini necə qiymətləndirirsiniz? [/b] - Əruzun meyxanada rolu böyükdür. Amma hər meyxana deyən bu vəzni mənimsəyə bilmir. Adlı-sanlı, neçə il meyxana deyənlər var ki, iş əruza gələndə görürsən, heç nədən başı çıxmır. Belələrinin reklamı var, amma sənəti yoxdur. Şair də var, əksinədir. Bu dəqiqə aləm bir-birinə qarışıb. Amma görəndə ki, hər sənətdə belədir, bir az təsəlli tapırsan. [b]- Ənənəvi meyxanadan uzaqlaşma prosesi gedir. İndi meyxanaçılar arasında mahnı oxumağa, klip çəkdirməyə üstünlük verənlər çoxluq təşkil edirlər. Hətta muğam oxumağa cahd edənlər də var. [/b] - Kiminsə başqa istiqamətdə də istedadı varsa, buna pis baxmıram. Amma elələri də var, istedadı olmadan bunu edir. Əgər mən mahnı oxuyub, ona meyxana deyirəmsə, başımı daşa döyürəm. Belə olduqda, camaatın da, xiridarların da yaxamdan yapışmağa ixtiyarları var. Söhbət meyxanadan gedirsə, gərək meyxana deyim. Bu yanlışlıqları camaata yeritmək olmaz. İki sənətə qulluq edirsənsə, lap yaxşı, amma birinin adını o birinə qoyma. [b]- Siz musiqili meyxanadan kənarsınız. Namiq Qaraçuxurlu, Namiq Məna, Vüqar və başqalarının musiqiyə meyl etmələrini meyxanada sözlərini deyə bilməmələri ilə əlaqələndirmək olarmı? [/b] - Yox. Onlar deyişmə üslubunu sevməyənlərə meyxananı, yaxud da özlərini bu yolla sevdirirlər. Namiq Qaraçuxurlu mahnı oxusa da, adı meyxanaçı kimi gedir. Ona müğənni və ya reper demirlər. O da meyxananın adını bu yolla qaldırır. Namiq Kremldə konsert verirsə, biz bununla fəxr etməliyik. [b]- Meyxana əvvəllər bir qədər ağırtəbiətli adamlar üçün idi. Yəni orada artıq-əskik hərəkət edənlər olmazdı. Bu sənəti şou-biznesə daşımaq nə dərəcədə məqsədəuyğundur? Vaxtilə meyxana düşərgəsindən şou-biznesə yönələn Namiq Qaraçuxurluya münasibət kəskin olsa da, indi mülayimləşib. [/b] - Namiq Qaraçuxurlu tanınmayan vaxtlardan bizimlə birgə addımlayıb. Onunla aram heç vaxt soyumayıb. Bir ara gec-gec görüşməyimizlə bağlı narazılığım yaranmışdı. İndi isə hər şey normaldır. O, həmişə sənəti qaldırıb. Onun ilk "Rəvayət" klipi böyük partlayışa səbəb oldu. Ondan necə narazı olmaq olar?! Meyxanaya zərbə vuranlara qarşı çıxmaq lazımdır. Meyxananın inkişafına xidmət edənlərə mane olmaq lazım deyil. [b]- Namiq Qaraçuxurluya ünvanladığınız xoş sözləri eynilə Namiq Mənaya da aid etmək olarmı? [/b] - Namiq Məna ilə münasibətlərim heç də pis deyil. Başqa meyxanaçılarla müqayisədə onun da mənə qarşı fikri müsbətdir. Sadəcə, bədihə-meyxana söhbətinə görə aramıza soyuqluq yaranmışdı. Amma bu narazılıqları həllə eləmişik. Yenə də görüşürük, çalışırıq kompromis tapaq. Namiq Qaraçuxurlu ilə isə dostluğumuz tam başqadır. Biz əvvəldən bir yerdə olmuşuq, qalxmışıq. Namiqin sənətdə elədiyini heç kim etməyib - söhbət meyxananı qaldırmaqdan gedir. [b]- Meyxanada etikadankənar ifadələrin işlədilməsinə münasibətiniz necədir? [/b] - İnsan əlinə mikrofon götürəndə başa düşməlidir ki, etikadankənar ifadələr işlətməklə əxlaqsızlıq, tərbiyəsizlik edir və bu, ətrafa yayılır. Bu hərəkət sənəti də zərbə altında qoyur. [b]- Bir müddət öncə telefonlarda Aydın Xırdalanlı ilə Rəşad Dağlının söyüşlə deyişməsi yayıldı. Vaxtilə Namiq Məna, Ağamirzə və Kərim də çərçivəni aşaraq deyişiblər. [/b] - Belə meyxananı deyən ilk növbədə düşünməlidir ki, bu iş ona ancaq mənfi rəy gətirir. Məncə, belə meyxananı nəinki cəmiyyətdə, heç iki nəfər arasında da demək lazım deyil. [b]- Bir neçə il öncə meyxanaçı Vüqar meyxana teatrı yaratmaq niyyətinə düşmüşdü. [/b] - Heç kim heç nə yaratmır. Nə teatr, nə də akademiya yaradan var. Nə bədihə, nə də meyxana mərkəzi mövcuddur. Xalqa efirdə çox sözlər deyirlər, amma hamısı yalandır. [b]- Mədəniyyət və Turizm Nazirliyi bu işlə maraqlanmır? [/b] - Maraqlanır, bir-iki dəfə bu barədə söhbətimiz olub. Cəmiyyətimizə yer ayrılması üçün sənədlərimizi onlara təqdim etmişik ki, təsdiqləsinlər, amma təsdiqlənməyib. Onda artıq söyüşlə meyxana deyəni cəzalandıra bilər, dəxli olmayanların efirə çıxmasına qadağa qoyarıq. [b]- Soyadınız Əhmədlidir. Özünüzü meyxananın məhz Əhmədli məktəbinin yetirməsi sayırsınız? [/b] - O zaman meyxana əsasən Bakının kəndlərində idi. Mənsə əvvəllər Əhmədli qəsəbəsində meyxanalı konsertlər təşkil edirdim. Kərimi, Ağamirzəni, Vüqarı da dəvət edirdim. O zamandan təxəllüsüm Əhmədli qaldı. Sonradan Əhmədlidə meyxana ocağı yaratdım. O da mənim adımı daşıyır. Bu ocağa gələnlər özlərini Əhmədli məktəbinin təmsilçiləri sayırlar. [b]- Amma bəzi meyxanaçılar məktəbləri qəbul etmir. [/b] - Düzdür, təsdiq olunan məktəblər yoxdur. Məktəbin başında kimsə dayanmalıdır və o, meyxana aləmində qəbul edilmiş ustad olmalıdır ki, nəyisə öyrədə bilsin. Yoxsa, kim harada yığılırsa, deyir, bura məktəbdir. Həmişə bunun davasını edirəm. Amma Əhmədli məktəbini danmaq olmaz. Görün, oradan kimlər çıxıb - Aqşin Fateh, Elşən Xəzər, Ələkbər, Elçin Alatavalı, Namiq Qaraçuxurlu, Vahid Qədim, Oqtay Kamil və başqaları. [b]- Amma klassik meyxananı Maştağa ilə bağlayırlar. [/b] - Bəli, Maştağada meyxana olanda heç yanda yox idi. Hamımız Maştağa məktəbinə qulaq asmışıq. Hətta biz təzə-təzə meyxana deyəndə, rayonlara gedəndə, soruşurdular ki, maştağalısınız? Hacı Kazım, Ağasəlim, Molla Məmməd, Məşədi Baba, Ağamirzə, Kərim, Vüqar - hamısı əjdahalardır. Düzdür, Vüqardan sonra sanki Maştağa məktəbinin inkişafı dayandı. [b]- Bəzi məclislərdə meyxanaçılar öz uzunçuluğu ilə tamaşaçıları bezdirirlər. Toy və ya tədbirlərdə meyxanaçıların çıxışı necə tənzimlənməlidir? [/b] - Məclislərdə gərək, darıxdırıcı sözlər deyilməsin ki, camaat da darıxsın. Bizdə niyə darıxmırlar? Keyfiyyətli söz deyilsə, camaatın xoşuna gələn mövzuya toxunulsa başqa cür olar. Son vaxtlar meyxana ilə bağlı müsabiqələr həddindən artıq çox oldu. Gərək, bir az fasilə yaransın ki, camaat darıxsın. İndi qafiyəni əvvəlcədən bilirlər, buna görə meyxananı əzbərləyib deyirlər. Meyxanadeyənə qeyri-adi insan kimi baxan camaat da bunu görür. Kiminsə əzbərçi olduğunu görəndə meyxanaya maraq ölür. Ustadlardan da çox şey asılıdır. İstedadı olmayan adamı sınağa götürürlər, məcburən ona hazır qafiyə verirlər, çünki bilirlər ki, əks halda o, ağzına gələni deyəcək. O da çıxıb camaatı aldadır. [b]- Sizcə, meyxanadakı prosesləri idarə etmək üçün liderliyi kim edə bilər? [/b] - Ağamirzə. O, Ağasəlimin bacısı oğludur və yeganə meyxanaçıdır ki, ağsaqqaldır və hamımız onu qəbul edirik. Mən atılsam ortalığa, ayıb olar, məndən yaşca böyüklər var. Amma Ağamirzə sözünü hamıya deyə bilər, çünki onu qəbul edirlər. Bir ağsaqqal ustad kimi bu işi Ağamirzə görə bilər. [b]Elşad ÜMİD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR