Səbailin prokuroru haqqında ağır ittiham – General oğlu qadına əl qaldırıb?

img

12-08-2016 [17:31]


Hüquq mühafizə orqanlarında baş verən məmur özbaşınalığı, vəzifə səlahiyyətlərini aşma, vətəndaşlarla qeyri-etik davranış vətəndaşın həmin orqanlara olan güvənini azaldır. 

Jurnalist Səidə Hüseynovanın redaksiyamız göndərdiyi şikayət məktubu da bu qəbilədəndir.

Məktubda S. Hüseynova Səbail Rayon Prokuroruluğunda prokuror Natiq Əsədov və mülki geyimli qapıçı tərəfindən fiziki təzyiqə məruz qaldığını iddia edir. 

Jurnalist baş verənlərlə bağlı Prezidentə və Baş prokurora şikayət məktubu ilə müraciət etdiyini bildirir. S. Hüseynov şikayət ərizəsinin bir nüsxəsini redaksiyamıza göndərib.

Məktubu olduğu kimi oxuculara təqdim edirik:

"Mart ayında qanunsuzluğa yol verilmiş bir hadisədə zərərçəkmişəm. 5 aydır cavab ala bilmirəm. Bakı şəhər Prokurorluğu ilə Səbail rayon Prokurorluğu arasında qalmışam. Hər iki qurumda qəbul günləri bir dəqiqə vaxtdan keçəndə, eləcə də qəbul günü olsa da, yerində olmadığı üçün səlahiyyətli şəxslərlə görüşə bilmirəm. Dinməzcə sakit çıxıb gedirəm. Bu gün növbəti dəfə döndüm Səbail Prokurorluğuna.

Məlum oldu ki, guya mənə çoxdan poçtla cavab göndərilib. Haqsızlığa dözməyib qəbul saatı olmasa da, saat 11.15 radələrində dəftərxanadan çıxıb Səbail rayon Prokurorunun qapısını açıb içəri girmək istəyəndə Prokurorun mülki geymli qapıçısı iznsiz girə bilmək haqqım olmadığını deyərək mənimlə kobud davrandı, zorbalıqla vuraraq və itələyərək qapıdan bayra çıxarmaq istədi. 

Mən, Prokuroru görmək istədiyimi bildirdim. Səs-küyə Prokuror Əsədov Natiq Məhəmməd oğlu da gəldi və mənim başıma yumruqla zərbə vurdu, üzərimə hücum çəkib itələyərək "burada sənin işinə heç vaxt baxılmayacaq, ayağın dəyməsin”- qışqıraraq -"bayıra atın” əmrini verdi. Özü də qapıdakı mülki geyimli köməkçisi ilə vuraraq çölə itələdi. 

Döyüb, vurmağa kim Prokurora, qapıçısı olan mülki şəxsə haqq verib? Cəmiyyətdə tutduğun mövqeyi deməyəndə, sıravi vətəndaş kimi öz işinin dalınca gedəndə adamla belə davranırlar? 

Sizin demokratik quruluşun keşikçiləri vəzifəsindən belə sui-istifadə edirlər və bilirlər ki, onlara söz deyən yoxdur, qanun onların özüdür. Siz də göz yumacaqsınız?”.

Qeyd edək ki, S.Hüseynova 15 mart 2016 – cı il tarixdə Səbail rayonu Badamdar qəsəbəsi, 3 – cü yaşayış massivində RİH başçısının binalar arasındakı abadlaşdırılmış həyətin açılışını, həm də ilaxır çərşənbə günü qeyd edəcəyini eşitmiş və oraya gedərək qəsəbənin çoxsaylı problemləri barədə imkan olsa başçıya məlumat vermək istəmişdi. 

Tədbir başlamazdan əvvəl aidiyyəti qurumların təmsilçiləri ilə qəsəbədəki problemlərdən danışmış, bu səbəbdən onunla səlahiyyətlilər arasında mübahisə yaranmış və o, ərazidən zorla uzaqlaşırılaraq 41- ci polis bölməsinə aparılmışdı. Bölmədə fiziki zorakılığa məruz qalmış və mobil telefonu əlindən alınaraq sındırılmışdı. Hətta onun səhhəti pisləşdiyi üçün bölməyə təcili tibbi yardım da çağırılmışdı. 

S. Hüseynova başverənlərlə bağlı Səbail Rayon Prokurorluğuna müraciət etsə də bu günə qədər şikayətinə baxılmamışdır. 

Əlavə olaraq qeyd edək ki, Natiq Əsədov bir müddət Səbail rayon prokurorunun vəzifələrini icra edib və 16 mart 2016-cı il tarixdə Baş Prokuror Zakir Qaralov əmr ilə Səbail Rayon prokuroru təyin edilib. Bunda öncə isə Baş Prokurorluqda şöbə müdiri olub.

Natiq Əsədov "Qarakənd” faciəsi zamanı həlak olan Daxili işlər naziri, general Məhəmməd Əsədovun oğludur.

Xeberdar.net olaraq məsələyə aydınlıq gətirmək üçün telefon vasitəsilə Səbail Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Dəstəyi götürən növbətçi polis daxildə kiminləsə danışdıqdan sonra telefon nömrəmizi yazaraq bizi arayacaqlarını bildirdi. Lakin saatlar keçməsinə baxmayaraq suallarımıza cavab almadığımız üçün yazını çap etməkdən başqa çarəmiz qalmadı.

Yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini işıqlandırmağa hazırıq.

Son aldığımız məlumata görə, S.Hüseynova Bakı şəhər prokuroru Əziz Seyidov tərəfindən qəbul olunub, izahatı alınıb və problemin obyektiv araşdırılacağına söz verilib.

moderator


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 13.05.2025

Sabah yağış yağacaq