Prezident İlham Əliyev Davosda: yeni görüşlər olub - FOTOLAR (YENİLƏNİB)

img

20-01-2026 [16:16]


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.

Mia.az xəbər verir ki, söhbət zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirildi. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparıldı.

Görüşdə, həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycanda bank sektoru, həmçinin sahibkarlığın inkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışıldı.

***

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.

Mia.az xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Salamlara görə minnətdarlığını bildirən dövlət başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib.

Söhbət zamanı Məsrur Bərzaninin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanıb.

Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

***

Yanvarın 20-də Davosda Prezident İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.

Dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə “J.P. Morgan” arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğulayıb.

Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Ceymi Daymon ölkəmizdə sabit investisiya mühitinin olduğunu deyib. O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd edib. Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparılıb, qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P. Morgan” şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır.

 







img

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA