Prezident Ağdamda - Çıxışın TAM MƏTNİ + FOTOLAR (Yenilənib)
10-05-2025 [20:09]
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib.
Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.
Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.
Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Sonra dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Əziz dostlar, əziz ağdamlılar, bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir. Məhz onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu. Vəziyyət çox ağır idi. O günləri yaşayan insanlar bunu çox yaxşı xatırlayırlar. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətdə, torpaqlarımız isə işğal altında idi və işğal davam edirdi. Ermənistan xarici dəstək ilə Azərbaycana qarşı öz işğalçılıq siyasətini həyata keçirirdi. Nizami ordu demək olar ki, yox idi. Belə bir böhranlı vəziyyətdə - daxili çəkişmələr, müxtəlif bölgələrimizdə xoşagəlməz hadisələr baş verdiyi bir dövrdə xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi bizim üçün nicat yolunu açdı və o vaxtdan bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.
Otuz iki il ərzində bir çox hadisələr baş vermişdir. Ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir.
Əlbəttə, həyat yerində durmur. Son 22 il ərzində dünyada və ölkəmizdə bir çox hadisələr baş vermişdir. Ancaq strateji xətt Ulu Öndər tərəfindən müəyyən edildi və biz o xətdən bir addım kənara atmadıq. Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir. Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür.
Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi. Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız.
İşğal dövründə - 30 il ərzində biz hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq. Hər birimiz öz iş yerində vahid amal uğrunda birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırdıq. Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük.
Bütün bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur.
Buraya gələrkən yeddi il əvvəl Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışını xatırlayırdım. O vaxt Ağdam şəhəri və rayonun böyük hissəsi işğal altında olduğu üçün biz Quzanlı qəsəbəsini Ağdam rayonunun mərkəzi elan etdik, orada mənim iştirakımla Muğam Mərkəzinin təməli qoyuldu və 2018-ci ilin noyabr ayında açılışı oldu. Mən orada incəsənət xadimləri ilə görüş əsnasında demişdim ki, biz ədalət tələb edirik. Demişdim ki, əgər Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz istənilən varianta hazırıq. Ermənistan rəhbərliyi buna məhəl qoymadı. Onlara dəstək olan dairələr onlara pis məsləhət verdilər və Azərbaycan xalqı haqqında yanlış təsəvvür yaradılmışdı. İndi onlar peşmandırlar. O gündən iki il sonra Vətən müharibəsi başladı və cəmi 44 gün ərzində biz tarixi Zəfər çaldıq, Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu və Qarabağın əsas hissəsi, böyük hissəsi işğaldan azad edildi. Ancaq biz bilirdik ki, bu, tarixi Qələbə olsa da, ölkə suverenliyi hələ tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət etmirdik, bəlli olan səbəblərə görə. Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq. Nəhayət 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi.
Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.
Ağdam-Bərdə avtomobil yolu. İndi Bakıdan gələn qonaqlar o yolla gəliblər. Möhtəşəm bir yoldur. Sovet vaxtında belə yol olmamışdır. Ağdam-Xankəndi-Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi abidələrimizin bərpası - birinci bərpa edilmiş bina Ağdam Cümə məscidi idi. İndi Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa edilir, iki mehmanxana inşa edilib. İmarət kompleksi bərpa edilib, Xaçınçay su anbarı əkin sahələrini, torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə başlayır və bir çox başqa layihələr icra edilir. Bunlar təkcə Ağdam rayonuna aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir. Bütün bunları biz öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq. Bütün insanlar həvəslə, zövqlə işləyirlər. Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.
Mən sizin hamınızı ürəkdən təbrik edirəm, həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız, əldə etdiyimiz bütün nailiyyətlər və gələcək nailiyyətlər münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq.
Yaşasın Ağdam, yaşasın Azərbaycan!
x x x
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.
X X X
Konsertdən sonra dövlətimizin başçısı və birinci xanım incəsənət ustaları və müharibə veteranları ilə söhbət etdilər.
Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva: Bu gün Azərbaycan muğamının təntənəsidir. Bu gün ən gözəl gündür. Doğma Qarabağımızda Ulu Öndərimizin ruhu şaddır. Xatirinizdədirsə, həmişə o, öz çıxışlarında deyərdi ki, biz Qarabağa qayıdacağıq. Bu gün həmin gündür. Ruhu şad olsun. Çox-çox təşəkkür edirik, minnətdarıq Sizə. Var olun hamınız. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Bəyimxanım Cavanşirova-Verdiyeva: Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm, həmişə toy-bayram olsun Qarabağda, Azərbaycanın hər bir guşəsində.
Bəyimxanım Cavanşirova-Verdiyeva: Amin. Xalqa ruh verən Sizsiniz. Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Qəhrəmanlarımız da bizimlə bərabərdirlər. Onları alqışlayaq.
Birinci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu: Cənab Prezident, Siz bu millətə sahib çıxdınız. Mən özüm Birinci Qarabağ müharibəsinin qazisiyəm. Amma yiyəmiz olmadı o vaxt. Siz millətə sahib çıxdınız. Sizinlə fəxr edirik. Allah Sizi qorusun. Allah Sizi var eləsin.
Xalq artisti Ramiz Quliyev: Möhtərəm cənab Prezident, əzizimiz, çox gözəl xanım, canımız, ciyərimiz. Siz bizə gözəl bir gün bəxş etdiniz. Cənab Prezident, gözəl bir gündür. Ulu Öndərin 102-ci ildönümü günüdür, ruhu şad olsun. Yüz illər ötsə də Ulu Öndərin xatirəsi yaşayacaq. Necə ki, Qarabağı bu cür düzəltdiniz, yüz illər gəlib gedəcək, dünyanın bütün ölkələri Sizdən nümunə götürəcək, bu gün də götürür. Muğam da var, xalqımız da var, Siz də varsınız. Sizi bağrıma basıram. Çox sağ olun, var olun.
Prezident İlham Əliyev: Sağ olun.
Qazi Qəhrəman Hüseynov: Cənab Prezident, ömrümün bu çağında Allaha yalvarmışam ki, Sizinlə görüşə bilim. Bir dəqiqə Sizinlə görüşərdim.
Prezident İlham Əliyev: Gəl, gəl görüşək.
Qazi Qəhrəman Hüseynov: Şükür İlahi. Mehriban xanım, xoş gördük. Gecələr Allaha yalvarırdım, ay Allah, Prezidentimlə görüşüm.
Ağır gündə zireh geyən,
Düşmənlərin qəddin əyən,
El yığılıb alqışlayan
Rəhbərimə salam olsun!
Zəfərlərə meydan quran,
Keşiyində məğrur duran,
Yağı başa yumruq vuran
Rəhbərimə salam olsun!
Heydər baba dərsin alan,
Yağıları lərzəyə salan,
Qalib yazıb, qalib olan
Rəhbərimə salam olsun!
Əməlləri işıq saçan,
Səmasında qartal uçan,
Turanlara yollar açan
Rəhbərimə salam olsun!
Qəhrəmanlar vüqarından,
Ağdamlılar baharından,
Şəhidlərin diyarından
Rəhbərimə salam olsun!
Prezident İlham Əliyev: Çox sağ olun.
Sevinc Alızadə: Cənab Prezident, Sizə təşəkkür etmək istəyirəm. Mən şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşıyam, həm də “Zəfər” təşkilatının sədriyəm.
Prezident İlham Əliyev: Tanıyıram. Allah rəhmət eləsin.
Sevinc Alızadə: Mehriban xanım həmişə bizə dəstək olub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına əvvəlcə “Bərdə-Ağdam dəmir yolu xətti” layihəsi, Bərdə-Ağdam-Xankəndi dəmir yolunun tikintisi, Xankəndi dəmir yolu və avtovağzal kompleksi barədə məlumat verdilər.
Qeyd edilib ki, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.
Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub.
Kompleksin ərazisində, həmçinin müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması tikilib. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.
Sonra Bərdə-Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salındı.
Qeyd edək ki, işğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək. Eyni zamanda, bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, dövlət başçısı burada yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, Kəngərli kənd tam orta məktəbində, körpələr evi-uşaq bağçasında və yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
Mia.az xəbər verir ki, kənd sakinlərini salamlayan Prezident İlham Əliyev deyib: Kəngərliyə xoş gəlmisiniz.
Sakinlər: Sağ olun. Bu günün qəhrəmanı, Siz xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun. Sizi təbrik edirəm, Kəngərliyə həyat qayıdır, Kəngərli sakinləri artıq qayıdır, böyük xoşbəxtlikdir, tarixi hadisədir. Uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq, əlbəttə ki, böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi təbrik edirəm.
Sakinlər: Çox sağ olun, təşəkkür edirik.
Prezident İlham Əliyev: Siz uzun illər ağır şəraitdə - ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız. Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır. Mənfur düşmən bütün bu bölgəni viran qoymuşdu. Ağdam rayonunda bir dənə də salamat bina qalmamışdır. Şəhər, bütün kəndlər tamamilə yerlə-yeksan edilmişdir. Təkcə Ağdamda yox, demək olar ki, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Onlar istəyirdilər bu torpaqları əbədi işğal altında saxlasınlar. Onlara mənəvi və maddi dəstək verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər.
Bütün bu əzablı illər arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır. Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək. Hər cür şərait var. Gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi - hər şey var. Əkin üçün yerlər ayrılacaq. İndi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb. Mən göstəriş vermişəm, sakinlərə torpaq sahələri də veriləcək. Həyətyanı sahə də 12 sotdur. Orada da əkib-becərmək mümkündür. Yəni, həyat qayıdır, ədalət zəfər çalıb, ədalətin təntənəsidir. Biz bunun şahidiyik.
Ağdam şəhəri də artıq ərsəyə gəlir. Bu gün səhər Ağdam vağzal kompleksinin açılışını etdim. Bu tədbirdən sonra Ağdam Muğam Mərkəzinin açılışı olacaq. Muğam Mərkəzini Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir. Yəni, bizi millət kimi, xalq kimi saxlayan bizim musiqimiz, dilimiz və əyilməz ruhumuz olub.
Köçkünlər ən çətin şəraitdə yaşayıblar. Siz bilirsiniz ki, işğal dövründə köçkünlərlə mənim çoxsaylı görüşlərim olub, həm çadır şəhərciklərində, - onlara söz vermişdim ki, birinci prezidentlik dövrümdə bir dənə də çadır şəhərciyi qalmayacaq və artıq 2007-ci ildə bir dənə də qalmamışdı, - həm də yeni salınmış qəsəbələrdə, qəsəbələrin açılışında. Biz 300 minə yaxın ovaxtkı köçkünü gözəl evlərlə təmin etmişdik. O görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, torpaqlar azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq.
Sakin: Bu günə çox şükür.
Prezident İlham Əliyev: Bugünkü mərasim o sözlərin, necə deyərlər, möhürüdür. Bilirəm, sizdə də, bizdə də - bütün Azərbaycan xalqında heç vaxt şübhə olmayıb ki, biz öz torpaqlarımıza qayıdacağıq. Amma çox möhtəşəm qayıtdıq. 44 gün ərzində düşməni böyrü üstə qoyduq. Ondan sonra da 23 saat ərzində, bəlkə də daha da tez separatçıların kökünü tamamilə kəsdik. Siz - yaşlı nəslin nümayəndələri sovet dövrünü xatırlayırsınız. O vaxt sizin yanınızda yaşayan, bizim torpaqlarımıza çar Rusiyası tərəfindən köçürülən ermənilər bizə, xalqımıza, xüsusilə ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlılara mənfi münasibət göstərirdilər, həm Xocalıda, həm Şuşada onlar mənəvi əzab çəkirdilər.
Bu gün isə Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar.
Kəngərli kəndi bizim bərpa etdiyimiz sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun isə ikinci. Birinci Sarıcalı, indi Kəngərli. Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq. Yəni, siz burada darıxmayacaqsınız, qohum-əqrəba, dost, tanış - hamınız birlikdə bu bölgəni - Qarabağı quracaqsınız, hamımız birlikdə quracağıq.
Sizi təbrik edirəm, cansağlığı arzulayıram. Burada xoşbəxt yaşayın.
Sakinlər: Çox sağ olun.
x x x
Sonra açarların təqdim edilməsi mərasimi olub.
x x x
Sakin: Möhtərəm Prezident, bir arzum var və Sizə çatdırmaq istəyirəm.
Prezident İlham Əliyev: Buyurun.
Sakin: Əlbəttə ki, çətin dövrdə yaşamışıq və bugünkü gözəl həyatı da görürük. Müqayisə aparanda düşünürəm ki, buradakılar hər kəsin arzusudur, arzu edirəm ki, ömrünüz uzun olsun, canınız sağ olsun və nə qədər ömrünüz var, hakimiyyətdə olun. Çünki biz inanmırıq ki, Ulu Öndərdən sonra Azərbaycanı Sizdən başqa kimsə bu vəziyyətdə idarə etsin. Sağ olun, var olun, daim hakimiyyətdə olun.
Sakinlər: Amin!
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Sakin: Hörmətli Prezident, icazə verin, mən ürək sözümü deyim.
Prezident İlham Əliyev: Bəli, əlbəttə, buyurun. Kimin sözü varsa, buyursun.
Sakin: Mən Kəngərlinin yaşlı sakiniyəm, 76 yaşım var. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Sakin: Onun fəaliyyəti dövründə mən ən yaxşı, mükəmməl müəllimlik dövrümü yaşamışam. Əməkdar müəllim kimi iş təcrübəm respublikada yayılıb və bu gün fəxr edirəm ki, onun varisinin, bu günün qəhrəmanının qarşısında mən söz demək qüruru keçirirəm. Allah Sizə cansağlığı versin.
Sakinlər: Amin!
Sakin: Müqəddəs kitabımız “Qurani-Kərim”də belə bir ayə var: “Salam olsun doğru yolun yolçularına”. Doğru yolun yolçusu olmaq böyük şərəfdir. Bu şərəfi Siz çox ləyaqətlə yerinə yetirdiniz, tarix yazdınız, möcüzələr qurdunuz, bütöv Azərbaycanı. Eşq olsun Sizə!
Prezident İlham Əliyev: Hamımız birlikdə bunu etdik, hamımız birlikdə!
Sakin: Mən bir ana məhəbbəti ilə, müəllim şəfqəti ilə bu doğru yolun yolçusuna, bu günümüzün qəhrəmanına Dədə Qorqud qopuzundan qopub gələn bir el alqışı diləmək istəyirəm. Arxanızda el dayansın, “El gücü, sel gücü” deyiblər. Nəsibiniz el alqışı olsun. El alqışı kəsərli olar və bir də qüdrətli Allahın gözəl kəlamı ilə salam olsun doğru yolun yolçusuna.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Sizə böyük uğurlar, ailə səadəti və ailəlikcə Azərbaycanın, cənnətə döndərdiyiniz Azərbaycanın, bütöv Azərbaycanın, bütün güllü-çiçəkli dağlarında, bağlarında, sularında gəzdikcə Allah, Xudavəndi-aləm Sizə uzun ömür, cansağlığı və alınaçıqlığı versin.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Həmişə qalib “dəmir yumruq” yerindədir, Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev: Yerindədir, çox sağ olun.
Sakin: Cənab Prezident, Ağdamın Pirhəsənli Kəngərlisinə xoş gəlmisiniz. Biz bu yolu çox gözləyirdik və Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində 44 gün ərzində torpaqlar azad olundu, biz yaşlı nəslin ömrünü göydə Allah uzatdı, yerdə Siz. Bu kəndin 2600 nəfər əhalisi var. Başda mən olmaqla, əli silah tutanların hamısı Sizin əsgərinizdir.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Allah Sizi qorusun, Allah Sizin kölgənizi Azərbaycan xalqının başının üstündən əskik etməsin.
Sakinlər: Amin.
Sakin: Siz Allahın bizə göndərdiyi bir əmanətsiniz. Allah Sizi qorusun!
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Yoldaşım da odur, bir xatirə şəkli çəkdirək.
Prezident İlham Əliyev: Gəlsin, hamımız çəkdirək.
Sakin: “Qarabağ şikəstəsi” deyərdim, feyzyab olun.
Prezident İlham Əliyev: “Qarabağ şikəstəsi” bu gün Muğam Mərkəzinin açılışında səslənəcək.
Sakinlər: Allah qoysa. Allah Sizi həmişə toyda, bayramda - belə məclislərdə eləsin.
Prezident İlham Əliyev: Sağ olun.
x x x
Sonra şəkillər çəkdirilib.
x x x
Sakin: Möhtərəm Prezident, Qarabağ Universitetinin ilk tələbəsidir.
Digər sakin: Bu, mənim nəvəmdir.
Prezident İlham Əliyev: İdmançıdır, hansı idman növü?
İdmançı: Alpaqut Turan Türk döyüş sənəti, əlbəyaxa döyüş.
Sakin: Dörd dəfə dünya çempionu olub.
Prezident İlham Əliyev: Maşallah.
Sakin: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: İlham müəllim, mənim bir ürək sözüm də var.
Prezident İlham Əliyev: Buyurun, əlbəttə.
Sakin: Bu gün bu möhtəşəmliyə rəng verən Ulu Öndərimiz Heydər Əliyevin doğum günüdür. Allah Sizi qorusun! Onun ruhu bu saat bax, bu təntənəni seyr edir.
Prezident İlham Əliyev: Elədir.
Sakin: Onun vəsiyyəti yerinə yetirilmişdir, şəhidlərin qisası alınmışdır. Allah onlara rəhmət eləsin.
Prezident İlham Əliyev: Amin.
Sakin: Heydər Əliyev gözümüzün qabağında müdriklikdən müqəddəsliyə ucaldı və müqəddəslər kimi ölümsüzlüyə qovuşdu, göylərə çəkildi. Onun ruhu həmişə bu müvəffəqiyyətləri seyr edir, bilir, fəxr edir. Onun Sizin kimi varisi var, Allah qorusun. Onun vəsiyyətini bir övlad kimi, Prezident kimi yerinə yetirdiniz. Üç-dörd ay bundan əvvəl buraya gəldim. Hələ onda bünövrə qoyulmamışdı. Dağıdılmış evlərə, daş-kəsəyə baxanda fikirləşdim, bunu necə təmizləmək olar ki, burada ev tikəsən. Budur, Kəngərli gülzara çevrilib. İndi Kəngərlidə mənim kimi yaşlı tək-tük adam var. Hazırda buraya köçən adamların demək olar ki, hamısı mənim şagirdim olub. Şəhidlərimizə Allah rəhmət eləsin.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Sakin: Kəngərlilər adından Sizə uzun ömür, cansağlığı, ailə səadəti arzulayıram.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Həmişə fikir vermişik, başqa prezidentlər çıxışlarını vərəqdən oxuyurlar, Siz isə şifahi danışırsınız. Həmişə başın ucadır, alının açıqdır, bütöv Azərbaycan yaratdın, möcüzələr yaratdın qardaş, möcüzə, Allah qorusun!
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Sağ olun. Mayın 10-u, təbii ki, mənim üçün, Azərbaycan xalqı üçün əziz bir gündür. Hesab etdim ki, mən məhz bu gün burada olmalıyam, mayın 10-da biz bu mərasimi keçirməliyik - həm Kəngərli kəndinin, həm Muğam Mərkəzinin açılışını. Əlbəttə, başqa gün də ola bilərdi. Ancaq siz də tamamilə haqlısınız. Ulu Öndər Heydər Əliyev başda olmaqla bizim bu günümüzü görməyənlərin hamısının ruhları bu gün bu dağlarda, bu səmada dolaşır. Onların ruhlarını şad elədik. Allah şəhidlərimizə rəhmət eləsin.
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Sizin kimi müəllimlər igid gənclər yetişdirmisiniz. O gənclər ki, gedib sinələrini qabağa verib torpaqlarımızı düşməndən azad etdilər. Bu, tarixi hadisədir və bugünkü dünyada gedən prosesləri hər birimiz izləyirik. İndi internet dövrüdür, hər bir məlumatı dərhal tapmaq mümkündür. Bizim qədər qələbəyə layiq olan ikinci xalq bəlkə də yox idi. Çünki biz 30 il bu günü gözləyirdik. Nəinki gözləyirdik, biz hər gün hər birimiz o günü yaxınlaşdırırdıq. Prezident, Ali Baş Komandan kimi mənim, siz vətəndaşların, ordumuzun, müəssisələrdə çalışanların - bizim hamımızın bütün səyləri, bütün amalı bir ideya uğrunda birləşmişdi: bu torpaqları, doğma diyarımızı mənfur düşməndən azad etmək! Bunun yeganə yolu var idi, ancaq döyüş meydanında. Çünki bütün başqa yolları biz sınadıq, çalışdıq. Nə qədər çalışdıq Ermənistan rəhbərliyini inandıraq ki, bu torpaqlardan öz xoşu ilə getməlidir.
Mən dünən gəldim buraya. Xatırlayırdım, biz 2018-ci ilin noyabr ayında Quzanlıda Muğam Mərkəzi açdıq. O vaxt yadınızdadır, Quzanlını biz Ağdam rayonunun mərkəzi elan etdik. Orada Ağdamdan və digər bölgələrdən olan bizim tanınmış ziyalılarla görüş zamanı demişdim ki, Ermənistan torpaqlarımızı azad etməlidir. Demişdim ki, biz gec-tez ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, eşitmədilər bizi. Ona görə bizim tarixi Zəfərimiz artıq dünyada bir möcüzə kimi qəbul edilir. Çünki bu, mütləq və tam Qələbədir. Nə o Qələbəyə qədər onilliklər ərzində, nə ondan sonra keçən 4-5 il ərzində mütləq və tam qələbə heç kim tərəfindən qazanılmamışdır. Bunun əsas səbəbi Azərbaycan xalqının əyilməz ruhudur. Bax, mən bunu sizə açıq deyirəm. Hər birimizin payı var. Əlbəttə, Ali Baş Komandan, bütün əməliyyatlara və bütün işlərə rəhbərlik edən şəxs kimi mənim payım da var, təbii olaraq, amma hər birimizin. Çünki xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. Şəhidlər dəfn olunurdu, şəhidlərin anaları, ataları, yaxınları deyirdilər ki, dayanma. Bilirsiniz bu nədir?!
Xalqımız böyük xalqdır. Biz haqlı olaraq xalqımızla fəxr edirik, sizinlə fəxr edirik. Otuz il əzab-əziyyət içində - çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında yaşamısınız, amma inamınızı, iradənizi itirməmisiniz, belə oğullar yetişdirmisiniz. Onlar Bakıda, Bərdədə, Sumqayıtda yaşayıblar, bu bölgələri heç vaxt görməyiblər, amma gəliblər. Çünki torpaq çəkir. Onlarda vətənpərvərlik hissini sizin kimi analar, müəllimlər, məktəb və ailə formalaşdırıb. Bizi saxlayan bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsil yetişdirən ailə və məktəb olub.
Sakin: Allahın qüdrəti köməyiniz olsun.
Prezident İlham Əliyev: Biz bundan sonra ancaq və ancaq qalib xalq kimi yaşayacağıq, bu torpaqlarda əbədi yaşayacağıq və xoşbəxt yaşayacağıq.
Sakin: Haqdan yanan çıraq heç vaxt sönməz. Sağ olun.
x x x
Sakinlərdən biri muğam ifa edir.
x x x
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Qarabağ bülbüllərindəndir.
Prezident İlham Əliyev: Bu gün Muğam Mərkəzinin açılışında da konsert olacaq. Həm Sarıcalıdan, həm Kəngərlidən vətəndaşlar dəvət olunub. Ona görə sizin bəziləriniz orada iştirak edəcəksiniz. Bir daha təbrik edirəm.
Sakin: Mənim ürəyimdə bir söz var, oraya qədər deyim. Sizin çox gözəl kəlamınız var. Hər bir vətəndaşın Prezidenti olacağam.
Prezident İlham Əliyev: Bəli, onu 2003-cü ildə demişdim.
Sakin: Mübarək ad gününüzü xalq arasında keçirirsiniz. Bu gün isə Ulu Öndərimizin, - qəbri nurla dolsun, - ad günüdür. Eyni zamanda, mənim də ad günümdür, sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin.
Prezident İlham Əliyev: Təbrik edirəm. Sağ olun.
Prezident Ağdamda - Çıxışın TAM MƏTNİ + FOTOLAR (Yenilənib)
"Space"də gərginlik: "Bu kanalın lokomotivi mənəm, kKimsə burada məndən artıq ola bilməz"
Sabah hava proqnozu açıqlanıb? - Proqnoz
"Ermənistan növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir" - MN mövqelərimzin atəşə tutduğunu açıqladı
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanıda - FOTOLAR
Azərbaycan nefti 66 dollara qalxdı
Bu gün Heydər Əliyevin doğum günüdür
207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır
Prezident İlham Əliyev və birinci xanım Şuşada - FOTOLAR (Yenilənib)
Rövnəq Abdullayev yeni naziri kollektivə təqdim edib
İlham Əliyev "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzininin açılışında iştirak edib
DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan azərbaycanlıların xatirəsini anıblar - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Avropa Liqası: iki ingilis komandası finalda "döyüşəcəklər"
Daha bir dövlət başçısı İlham Əliyevə zəng edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nihat Kahveciyə ağır cəza verildi - Uşaqlarına həsrət qalacaq
Katoliklər yeni Papa seçdi - İlk dəfə amerikalı dindar Vatikana rəhbərlik edəcək (FOTO)
Superkubokun yeni formatı açıqlandı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Ermənilər Bakıda hakim qarşısında: Kəlbəcərin işğalı faktını əks etdirən videomaterial nümayiş olunub (Yenilənib)
Starmerdən ABŞ-la tarixi razılaşma haqda açıqlama: "Prezident və mən bir-birimizə hörmət edirik və..."
Okan Buruk seçim edib
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
Qəzzada ölənlərin sayı artıb
“Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam
"Səhiyyə TV" televiziya kanalının adı dəyişib
Fikrət Qoca ilə bağlı sərəncam imzalandı
Nazirliyə 5 milyon manat vəsait ayrılıb - Sərəncam
Vyetnamın Baş katibinin Azərbaycana səfəri başa çatıb
İlham Əliyev Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Milli Məclis bəyanat verdi - MƏTN
Axtarışda olan daha dörd nəfər Azərbaycana ekstradisiya edilib