""Həci"lərin çoxu xanım müğənnilərə ev, maşın alıb bağışlayır, amma..." - Deputat və Xalq artistindən hökumətin qərarına reaksiya

img

11-09-2024 [11:01]


"Sənət fitri istedaddır. Onu tapıb üzə çıxartmaq, yetişdirmək asan deyil. İnsan oxuyub-öyrənib həkim ola bilər. Amma təkcə oxumaqla vokalist, muğam ustası, rəssam, heykəltaraş olmaq olmur. Bunun üçün istedad olmalıdır. Ona görə də az sayda insan incəsənət sahəsinə gedir. Burada təhsilverənlərə yüksək əmək haqqı verilməlidir ki, onlar bu sahədə qalıb işləsinlər, sənətkar yetişdirsinlər".

Mia.az-ın məlumatına əsasən, bunu Sputnik Azərbaycan-a incəsənət üzrə illik təhsil xərclərinin artırılmasına münasibət bildirən Milli Məclisə yenidən deputyata seçilən Fazil Mustafa bildirib.

Qeyd edək ki, Azərbaycanda yeni tədris ilindən bir sıra ixtisaslar üzrə təhsil xərcləri artıb. İctimaiyyətdə maraq doğuran əsas məqamlardan biri isə incəsənət sahəsindəki ixtisaslar üzrə yüksək təhsil xərclərinin formalaşmasıdır. Belə ki, yeni tədris ilindən dirijorluq, bəstəkarlıq, instrumental ifaçılıq və vokal sənəti (sahələr üzrə) illik təhsil xərci 9000, musiqişünaslıq ixtisası üzrə 8200, qrafika, dekorativ-tətbiqi sənət və rəngkarlıq ixtisasları üzrə 7000 manat olacaq.

Fazil Mustafa bildirib ki, Azərbaycanda incəsənət sahəsinə dövlətin himayəsinin olması vacibdir. Əks halda bu sahəni qorumaq mümkün olmayacaq: "Azərbaycanda vokalisti dinləyən azdır. Xalqın böyük hissəsi meyxanaçını sevir. "Həci"lərin çoxu xanım müğənnilərə ev, maşın alıb bağışlayır. Amma rəssama, heykəltaraşa, hansısa instrumental ifaçıya belə hədiyyələr verən yoxdur. Varlı insanların çoxu zövqü formalaşmamış adamlardır. Onlar sənətə, sənətkara dəyər vermirlər. Həmçinin əsl sənət dünyada da bahalıdır. Bir musiqiçinin yetişməsi üçün 10 ildən çox vaxt tələb olunur. Onların konsertinə kütləvi axın yoxdur, bilet satmaqla dolana bilmirlər. Əsı sənətdə "həci prinsipi" işləmir. Ona görə də, onları qorumaq dövlətin borcudur. Sənət sahəsində kadr hazırlığı üçün təhsilə ayrılan xərclər artırılmalıdır ki, əsl sənəti qoruyub yaşatmaq mümkün olsun. Bu dövlət üçün priotetdir".

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, bütün bahalı ixtisaslarla bağlı baza təhsili Bakı Musiqi Akademiyasındadır.

"Bütün rəqəmlər onlarla məsləhətli şəkildə müəyyən olunur. Ona görə də biz bu məsələyə şərh verə bilmərik. Suallarınızı Bakı Musiqi Akademiyasına yönləndirə bilərsiniz", - deyə cavabda bildirilib.

Bakı Musiqi Akademiyasından isə tədris işləri üzrə prorektor Nərminə Quliyevanın sualları cavablandırmağa vaxtı olmadığını bildirdilər.

Milli Konservatoriyanın professoru, xalq artisti tarzən Möhlət Müslümov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, instrumental ifaçılıq ixtisası üzrə təhsil haqlarının artırılması mütləq tədrisin keyfiyyətinə təsir etməlidir.

Xalq artistinin sözlərinə görə, bu sahə üzrə kadr hazırlamaq o qədər də asan deyil:  "Mən illərdir ki, bu sahədəyəm, amma tam dərinliyinə qədər öyrənə bilməmişəm. Muğamımız bir dəryadır. Onu öyrənib başa çatdırmağa illər lazımdır. Bu sahədə yaxşı musiqiçilərin yetişdirilməsi üçün ali təhsil ocaqlarına tanınmış sənətkarlar dəvət olunmalıdır. Biz tələbə olanda Milli Konservatoriyaya muğam müəllimi Kamil Əhmədov dəvət olunmuşdu. Onun Konservatoriyaya gəlişi bu sahədə sənətkarların yetişməsinə səbəb oldu. Biz Asəf Zeynallı adına Musiqi Məktəbinin müəllimi olduğumuz dövrdə də gedib Kamil Əhmədovun ifasına baxıb ondan öyrənirdik. Ona görə də instrumental ifaçılıq üzrə peşəkar şəxslərin tədris prosesinə cəlb olunması savadlı kadrların yetişməsinə səbəb olur".

M.Müslümov deyir ki, bəzən xarici ölkələrə getdikdə səfərlərdə onlara verilən əmək haqqını söyləməyə belə çəkinirlər: "Sağ olsun xalqımız, dövlətimiz sənətə, sənətkara dəyər verir. Mən Prezidentin fəxri təqaüdünü alıram. Amma mən təkcə özümü fikirləşmirəm. İncəsənət sahəsindəki ali təhsil ocaqlarında çalışan professor-müəllim heyyətinə yüksək əmək haqqı verilməlidir ki, onlar bütün enerjilərini tələbələrinə həsr edə bilsinlər. Elə müəllimlər var ki, 50 illik pedoqoji stajları var. Onlar ömürlərini bu sahədə mütəxəssis hazırlamağa sərf ediblər. Biz o müəllimlərin xarici ölkələrə axınının qarşısını almaq üçün əməyini dəyərləndirməli, yüksək əmək haqqı verməliyik ki, onlar da həvəslə dərs keçsinlər".

Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyev isə bildirib ki, təhsil haqları artırsa, müəllimlərin də maaşı artmalıdır: "Elə fəaliyyət növləri var ki, onlar bahalıdır. Sənətkar yetişdirmək çox əmək tələb edir. Ən yüksək maaş sənət sahəsində kadr hazırlayan müəllimlərə verilməlidir. Çünki, bu sahə istedad tələb edir. Müəllimin maaşı artıqda o daha da həvəslə işləyəcək".

C.Quliyev bildirib ki, son illər musiqi məktəblərində, ali təhsil müəssisələrində müəllimlərin əmək haqqında artım var: "Bu tədrisin keyfiyyətinə təsir edən amillərdəndir. Vaxtı ilə Azərbaycanda əmək haqqı az olduğu üçün xaricə gedən müəllimlər ölkəmizdə vəziyyətin düzəldiyini görüb geri qayıda bilərlər. Mən özüm 20 il Şimali Kipr Türk Respublikasının Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsinin professoru işləmişəm. Hazırda öz ölkəmizdə fəaliyyət göstərirəm, aldığım əmək haqqı xaricdə aldığım maaşdan çoxdur. Bu sahədə fəaliyyət göstərən pedaqoqlara dəyər verilməlidir ki, keyfiyyətli kadrlar hazırlansın".

Qeyd edək ki, Nazirlər Kabineti ali təhsil müəssisələrində illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlayıb. NK-dan bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir.

"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb.

Bunu nəzərə alaraq, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində (bakalavriat, magistratura, doktorantura və tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində) hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında artımı nəzərdə tutan "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli 405 nömrəli Qərarı hazırlanıb.

"Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı" müəyyənləşib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR