Yazıçı Anar: "Tərif və ya tənqidin mənim üçün elə bir əhəmiyyəti yoxdu" - MÜSAHİBƏ
12-03-2024 [13:29]
Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 86 yaşı tamam olacaq. Böyük yazıçımız yaşının bu çağında da həm rəhbərlik etdiyi qurumun başındadır, həm dəvət olunduğu tədbirlərdə iştirak edir, həm də yaradıcılıqdan usanmır. Paralel şəkildə 5 kitab üzərində işləyir.
Mia.az xəbər verir ki, “Yeni Müsavat” Anar müəllimdən müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
– Anar müəllim, söhbətimiz doğum günü ərəfəsinə təsadüf edir. Əvvəlcə Sizi ürəkdən təbrik edirəm.
– Çox sağ olun, təşəkkür edirəm.
– Maraqlıdır, Sizin doğum günü barədə düşüncələriniz, fikriniz necədir? Hər dəfə doğum günü ərəfəsində hansı hissləri keçirirsiniz? Bu vədədə kövrək notlar baş qaldırır, yoxsa şükranlıqla, sıradan təqvim günü kimi qeyd edirsiniz?
– Elə bilirəm adi təqvim günüdür. Mənim üçün problemdir. Çünki dəbdəbəni sevmirəm. Yəqin bilirsiz, mən Bakıda heç bir yubileyimi keçirməmişəm. Türkiyədə keçiriblər, bir dəfə də Gürcüstanda keçirdilər. Amma Bakıda hələ ki yubileyimi keçirməmişəm, bundan sonra da keçirmək fikrim yoxdur.
– Keçən il 85 yaşınızla bağlı təkliflər olmuşdu, deyəsən…
– Hər il təklif olur, amma deyirəm yox! Şövkət Məmmədova adına Opera Teatrında yaradıcılıq gecəsi keçirdilər, onun yubileyə aidiyyəti yoxdur. Xüsusilə o yubileyləri ki, yığışırsan, başlayırlar səni tərifləməyə. İnanın, mən bundan heç bir ləzzət almıram.
– Tərifdən doymusuz?
– Tərifdən çox tənqid olunmuşam. Heç birinin mənim üçün elə bir əhəmiyyəti yoxdur. Düzdür, görəndə ki, bir adam sənin əsərini təhlil edir, başa düşür, qiymətini verir, bu, adama ləzzət edir, mən bunu danmıram. Amma durub tərifləyirlər, sən də oturub qulaq asırsan ki, hə, doğrudan görün mən necə dahiyəm. (Gülür.) Mənim ətim tökülür elə şeylərdən. Amma hər halda, kim təbrik edirsə, sağ olsun. Bu da bir gündür də. Adi günlər kimi… Əlbəttə, başqa günlərdə də mən hiss edirəm ki, ömür gedir. Nə qədər desəm də ki, mən özümü cavan hiss edirəm. Əvvəla, elə deyil, çünki xəstəliklərin, yaşın təsiri də var. Amma çalışıram ki, ruhən cavan qalım, yaradıcılıqdan ayrılmayım, planlarımı həyata keçirim. Məni yaşadan elə yaradıcılıq həvəsidir.
– Açığı, bəzən sizin haqqınızda heyrətlə danışırlar ki, yorulmadan, gənclik eşqi ilə çalışır, bütün işlərinə zaman ayırır. Bəlkə sizin gənclərə də tövsiyəniz, məsləhətləriniz ola bilər. Bütün bunlar üçün nələr etmək, yaxud nələrdən başlamaq lazımdır? Bunları necə bacarırsınız?
– Bilirsiniz, mən desəm, deyəcəklər ki, bu, moizə oxuyur, bizə dərs deyir. Amma yaradıcı adamda iki şey vacibdir. Birinci, gərək heç kəsə paxıllıq eləməyəsən. Bir də gərək şöhrət düşkünü olmayasan. Bu, iki şeydən özünü xilas edə bilsən, həyatın çox gözəl olacaq. Məndə yaşamaq eşqi çoxdur. Sizə belə şey deyim. Məsələn, çox ölkələrdə olmuşdum, amma Yaponiyada olmamışdım. Keçən il qızıma dedim ki, gəl gedək Yaponiyaya. Dedi, necə gedəcəksən? Dedim, gedərəm. Getdik Yaponiyaya. 3 saat İstanbula uçduq, İstanbuldan da 11 saat Yaponiyaya. Tokio və Kyoto şəhərlərində olduq, gəldik. Özümü normal hiss edirdim. Mən Çində, Hindistanda, ABŞ-da, Avropa ölkələrində olmuşdum, Yaponiyada olmamışdım. Beləliklə, Yaponiyanı görmək istəyirdim, gedib gördüm. Maraqlı ölkədir, görməmək olmazdı. Son bir-iki ildə azı 15 dəfə rayonlarımızda olmuşam. Səyahəti, yeni adamlarla görüşməyi sevirəm. Yəqin bu, adamı saxlayır.
– Yaşınızdakı 86 rəqəmi mənə həm də Yazıçılar Birliyinə sədrliyinizi xatırlatdı. Düzdür, 1987-ci ildən sədrlik edirsiniz, amma hər halda, az vaxt deyil… Sədrlikdə yorulmursunuz ki?
– Yorulmuram. Çalışırlar məni bezdirsinlər, mən də bezmirəm. (Gülürük) Yəqin ki, tarix qiymət verər ki, biz Yazıçılar Birliyini ən çətin zamanda qoruyub saxlaya bildik. Sovet respublikalarının əksəriyyətində bunu edə bilmədilər, hamısında parçalandı, jurnalları, qəzetləri yox oldu. Rusiyanın özündə Yazıçılar Birliyi neçə yerə bölündü. Bircə biz nə bölündük, nə də dağıldıq… Jurnallarımızı da saxladıq, hələ “Qobustan”ı da əlavə etdik. Həmçinin rusca bir qəzetimizi əlavə etdik. Tərcümə Mərkəzi yaratdıq. Şabranda Yaradıcılıq Evi, sağ olsun, Prezidentin köməyi, dəstəyi ilə tikildi. İndi yenə də onun dəstəyi ilə Şüvəlanda Yaradıcılıq Evimiz bərpa olunur. Var idi, dağıtmışdılar. Qaçqınları orada yerləşdirmişdik. Yəni bu işləri gördük. “Ulduz” jurnalını tamamilə gənclərə verdik. Gənclər Şurası var, kitabların müzakirəsini, təqdimatlarını keçiririk. Hər halda, bunlar vacib yaradıcılıq işləridir.
– Belə hesab etmək olarmı ki, Yazıçılar Birliyinin yaşaması və qeyd etdiyiniz uğurlara imza atması həm də Yazıçı Anar personası ilə bağlıdır? Bu yanaşma ilə razılaşırsınız?
– Demirəm ki, ancaq mənimlə bağlıdır. Amma hər halda, mənim də rolum var. Mən axırıncı qurultayda dedim ki, (mən də sözümün ağasıyam) gələn qurultayda namizədliyimi verməyəcəyəm. Özü də dedim hələ o vaxta qalsam. Növbəti qurultay 2027-ci ildə olmalıdır, mən 3 il qalsam, o qurultayda namizəd olmayacağam. Əgər eqoist adam olsaydım, fikirləşərdim ki, bax, mən gedəcəyəm, məndən sonra bura dağılacaq, onda deyəcəklər ki, hə, sağ olsun Anar buranı saxlayıb. Amma səmimi deyirəm, əgər mən ömrümün 36 ilini bura vermişəmsə, niyə məndən sonra dağılsın axı? Niyə yazıçıların bir ocağı olmasın? Boş-boş sözlərdir ki, “kimə lazımdır?”… Necə kimə lazımdır? Bu, yazıçılara lazımdır. Gündə nə qədər adam bura gəlir. Hələ təminat məsələlərini demirəm ki, müalicəsinə dəstək, maddi kömək üçün gəlirlər. Burada yazıçıların yubileylərini, kitabların müzakirəsini keçiririk. Buranın mətbuat orqanlarında çap olunurlar. Bunlar olmayanda ədəbiyyatda boşluq əmələ gələcək axı. Niyə bunun əleyhinədirlər, başa düşmürəm. Bir yandan deyirlər Yazıçılar Birliyi ləğv olunmalıdır, o biri yandan da 300 ərizə var üzv olmaq üçün. Onun bir hissəsi təqaüd üçündür, amma bir hissəsi də səmimi şəkildə üzv olmaq istəyir. (Gülür) Bəzilərinin elə bil ayrı dərdləri, azarları yoxdur, ancaq Yazıçılar Birliyi… Kim qəbul olundu, niyə qəbul olundu? Əşi, nə işinizə? Yazıçılar Birliyinin öz rəhbərliyi, qəbul komissiyası, İdarə Heyəti var, bunlar həll edirlər məsələləri.
– Son vaxtlar ən çox müzakirələrə səbəb Elza Seyidcahanın birliyə üzvlüyü oldu…
– Hə. Ondan əvvəl biz rəhmətlik Ruhəngiz Qasımovanı qəbul etmişdik. O da bəstəkardır, amma ədəbi əsərləri də var, qəbul edilmişdi. Onunla heç kəsin işi olmadı. Bunun da ədəbi əsərləri var. Ədəbi əsərlərinə görə qəbul etmişik, müğənni kimi eləməmişik ki. Başladılar… İndi bu, bir az əndirəbadi geyinir, başını-zadı…
– Bəzi şeirləri çox səs-küyə səbəb olmuşdu. Leksikonunda acıqlıq, fərqlilik var deyə, müzakirələrə səbəb olur…
– İndi kim belə şeylər yazmır ki. Kitabını oxudum, gördüm ki, şairədir. Özü də tək mən yox. Müzakirə etdik ki, qəbul edək, etməyək? Dedik haqqı var, niyə olmasın? Leksikonunda acıqlıq olanları postmodernistlərdir deyə qaldırırlar göylərə. Halbuki onlar yüz dəfə betər açıq-saçıq şeylər yazırlar. Amma onlarla işləri yoxdur. Əgər Yazıçılar Birliyi əleyhinə sərt bir söz desəydi, onu qaldıracaqdılar göylərə. O qədər ucuz oyun oynayırlar ki, adamın gülməyi gəlir. Baxın, bütün hərəkətlərini mən əvvəlcədən görürəm ki, nə deyəcəklər, nə üçün və kimə xoş gəlmək üçün deyəcəklər.
– Amma məncə, əleyhidarlarınızın sayı azalıb. Gənclərin bir çoxu ilə ünsiyyətə nail oldunuz…
– Siz gələndə Azad Yaşar burada oturmuşdu. O, istedadlı, həm də savadlıdır. Postmodernistlərin içində ən savadlılardan biridir. Yazılarını oxudum, gördüm ki, xeyirli adamdır, yaxşı tərcümələri var. Dəvət elədim, gəldi, Yazıçılar Birliyinə qəbul elədik. Özü də mən ona bir dəfə deməmişəm ki, sən etiraf et ki, səhv eləmisən, ya peşman olmusan. Normal münasibətlərimiz var. Mənim rusca yazdığım yazılar var, bəzən verirəm, o tərcümə edir. Bizim ədəbi orqanlarda çap olunur. Mənim Məmməd İsmayılla həmişə münasibətim yaxşı olub. Kömək də eləmişəm, deməyim yaxşı deyil. Qurultayda Türkiyədən xüsusi çağırdıq, gəldi, durdu, başladı mənim, Yazıçılar Birliyinin əleyhinə danışmağa. Dedi sənin əleyhinə danışmıram ki, Yazıçılar Birliyi əleyhinə danışıram da. Yazıçılar Birliyinin sədri mənəm də. İndi bu yaşında Sabirlə (Rüstəmxanlı-E.P.) söhbətdə deyib ki, mən niyə elə eləmişəm, gərək eləməyəydim. Mən də götürüb yazdım ki, etiraf böyüklükdür, cəsarətdir. Sonra da özünə zəng elədim.
– Hazırda səhhətində bəzi problemlər var…
– Hə, xəstədir, Sabirdən soruşdum, deyir get-gedə düzəlir. Başa düşüb ki, bu iqtidarın, hökumətin əleyhinə nahaq çıxıb. Bu iqtidarın əsasını Heydər Əliyev qoydu, İlham Əliyev də davam elədi. Torpaqlarımızı onlar azad elədilər də, elə deyil? Erməni separatçılarından təmizlədilər. Biz o vaxtdan bu hakimiyyəti müdafiə edirik, bəziləri bunu hələ indi başa düşüb.
– Görürəm ki, əvvəldən bu mövqedə olmağınız sizdə xeyli məmnunluq hissi yaradır…
– Əlbəttə. Məmnunluq hissi yaranır. Çünki mən xüsusilə Heydər Əliyevə əvvəldən inanmışam. İlham Əliyev cavan idi, deyə bilmərəm ki, əvvəldən ona inanmışam. Amma fikirləşmişəm ki, əgər Heydər Əliyev “mən ona özüm kimi inanıram” deyirsə, doğrudan da bu, inanmalı adamdır. Təkcə oğlu olduğu üçün belə demirdi ki… Hətta ömrü çatmadığı üçün Heydər Əliyevin eləyə bilmədiyini oğlu elədi. Möcüzə baş verdi ki, 44 günün içində Şuşa da alındı, bütün Qarabağ da azad edildi. Mən həmişə deyirəm, 23 saatlıq antiterror əməliyyatı ilə 200 illik problem həll olundu. Prezident 44 günlük müharibədə 30 illik problemi həll etdisə, bir sutkalıq əməliyyatla 200 il əvvəl ermənilərin Gülüstan və Türkmənçay müqavilələri ilə Qarabağa yerləşdirilməsindən sonra yaranmış problemi həll etdi. Ermənilər orda dinc oturmurdular axı. Bu məsələnin həlli Azərbaycan tarixinin ən böyük hadisəsi idi.
– Şuşaya getdiyiniz zaman hansı hissləri keçirdiyinizi təxmin edirəm…
– Mən inanmırdım bir də gedib Şuşanı görəcəyəm. Şuşa mənim həsrətim idi. 14 yaşımda ilk dəfə Şuşada olmuşam. İlk əsərimi də, nə qədər zəif olsa da, orada yazmışam. Mən öz taleyimlə bağlı orada qərar vermişəm ki, yazıçı olacam. Sonra da iki-üç ildən bir Şuşaya gedirdik. 1981-ci ildə ki, həm atamı, həm də anamı 100 günün içində itirdim, onda Şuşada film çəkirdim. Ona görə də Şuşa mənim şəxsi xatirələrimlə bağlı idi. Televizorda görəndə ki, Zori Balayanla Paşinyan Cıdır düzündə Yallı gedirlər, ürəyim parçalanırdı. Deyirdim belə şey olar? Evin, şəhərin sahibi biz, sən gəlib torpağımızda rəqs eləyəsən, bizə yanıq verəsən? Çox yaxşı oldu, hamısı dərslərini aldı.
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub ünvanlayıb - MƏTN
Şamaxıda zəlzələ olub
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + FOTO
AGENTLİK SƏDRİ HƏBS EDİLDİ - Nə baş verir?
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu
Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər
Ana dilimiz: ən gözəl arzu... - Əli Cabbarov yazır
Adnan Əhmədzadənin biznesini alan Yusif Məmmədov: "Gizlətmirəm, Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki..."
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Bazar günü Azərbaycanda arabir yağış yağacaq - PROQNOZ
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb
Türkiyədə 4,5 maqnitudalı zəlzələ baş verib
Yevlax stadionu futbol azarkeşlərinin ortaq görüş nöqtəsi olacaq - "Karvan Yevlax”ın icraçı direktorundan maraqlı açıqlamalar
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Muğlada 44 qanunsuz miqrant xilas edlib
“Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə icra olundu
Tramp savaş anonsu verdi: "İrana lokal zərbə endirməyi düşünürəm"
Almaniya kansleri: "Yeni dünya nizamı sürətlə formalaşır" - "Bu yeni dünya sərt və bəli, təhlükəlidir"
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
"Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər" - SƏFİRLİK BƏYANAT YAYDI
PREZİDENTDƏN MÜHİM İSLAHAT FƏRMANI: bu qurumlar birləşir, yeniləri yaradılır - DETALLAR
Prezident onlara yeni vəzifə verdi - SƏRƏNCAM
Şəhid Nofəl Əsgərov dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Oqtay Qasımovun məqsədi məni dələduz göstərməkdir" - Həbs olunan partiya sədri hakim qarşısına çıxarıldı
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı... - Yeni qanun
"Vilyarreal" Marko Asensionu heyətinə qatmaq istəyir
Milli Məclisin növbəti plenar iclasınin vaxtı açıqlandı
"Brayton" və "Bayern Münhen" Said El Malanı transfer etmək istəyir
Xocavənd şəhəri və kəndinə ilk köç karvanı yola salınıb
Sabah hava necə olacaq? - Proqnoz
Mülki və inzibati işlər tam elektronlaşdırılacaq
Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sı ratifikasiya olunub
Bu qanunu pozanlar 2500 manatadək cərimələnəcək - Dəyişiklik
Zahid Oruc Milli Məclisdə: "Emin Hüseynov insan haqlarının vəziyyətini soruşur, Mehriban xanım isə..."
Sumqayıtda şəhidlə vida mərasimi olub
Prezident İlham Əliyevin ABŞ-a səfəri başa çatıb
Şəhid Rafiq Hüseynovla vida mərasimi keçirilib
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir
Venesuelada siyasi məhbuslar həbsdən buraxıldı
Daha 9 azərbaycanlı Almaniyadan geri qəbul edilib