OĞURLUQ GÜLLƏR

img

05-03-2024 [16:25]


Qalib ARİF

***

(“Qısa hekayələr” silsiləsindən)

***

Sabah 8 martdı - cəmi 2 manat 15 qəpik pulu vardı... Evdə qoca anası, cavan arvadı, balaca qızı... Doğrudur, səhər tezdən Zabrat dairəsinə, “Qul bazarı”na çıxmışdı, günortaya kimi dayanmışdı, amma iş tapmamışdı. Kim idi qara fəhləyə iş verən, bir maşın yaxınlaşanda 15-20 adam cumurdu, onun da “qırmızı” sifəti yoxdu. Uşaqlar deyirdi bu “sifətlə” sən bura nahaq gəlirsən, acından öləcəksən. Bura gələnin, burda duranın sifəti gərək daşdan olsun...

Günorta evə qayıdanda axırıncı 2 manata bir banka qatıq, bir “zavod” çörəyi, bir-iki dəstə də göy soğan almışdı. Evdə xəlvətə salıb qızının balaca “dovşan”ını götürmüş, ayaqyoluna girmişdi. Cəmi 2 manat 15 qəpik xırda pul çıxmışdı... Sabah isə 8 martdı... Evdə atadan qalma bir ənənə vardı, 8 martda bir dəstə qızılgül alınmalıydı. Doğrudur, “Vosmoy”da bu ənənənin yarandığı ata evini çoxdan satmışdılar, pulunu da dağıtmışdılar. İndi Zabratda kirədə yaşayırdılar, amma ənənə qalmışdı...

Bir də saydı - 2 manat 15 qəpik... Qəpiklərin çoxu qaralmışdı... O, xırda pulları gödəkcəsinin cibinə tökdü, “dovşan”ı yerinə qoydu. Anasına “bir azdan gəlirəm” deyib evdən çıxdı. Zabrat dairəsinə çatmamış, “AYXAN” marketin yaxınlığında böyük br gül mağazası vardı, yolunu ordan saldı. 7 martdı, güllər də bahalaşmışdı. Hətta 20 Yanvardan sonra qiymətdən düşən qərənfil də 1 manata qalxmışdı. O, qızılgül almaq istəyirdi, “mənəm deyəni” 10 manatdı. Tərs xasiyyəti vardı, başına bir fikir girsəydi, çəkiclə da vurub çıxarmaq olmazdı...

3 qızılgül seçdi – qırmızı, ağ və sarı. Ağ anasının, sarı qızının, qırmızı arvadının. Cavan satıcı gülləri səliqə ilə salafana bükdü, qırmızı lentlə bağladı və müştəriyə uzatdı: “30 manat”. O, gülləri sağ əlinə aldı, sol əlini gödəkcənin cibinə saldı. Qəfil hərəkətlə, çiyni ilə cavan satıcını itələyib yıxdı, qapını açıb bayıra çıxdı. Sağa dönüb ara yolla qaçmağa başladı. Cavan satıcılar 2 nəfər idilər, yəqin hər gün ət yeyirdilər, dərhal ona çatdılar, badalaq vurub yıxdılar. Qollarını burub gül mağazasına qaytardılar. Yolda ağacın altına düşmüş qızılgül dəstəsini götürməyi də unutmadılar...

Mağazanın sahibi gombul, keçəl bir kişiydi. Arxa otaqda oturmuşdu, qarşısında dayanmış, ağzı qanamış “gül oğrusu”na baxırdı... Maştağa ləhcəsi ilə danışırdı...

-Ala, mən hər cür oğru görmüşəm, amma gül oğrusu birinci dəfədir görürəm...

-...

-Ala, maygüli, nöş danışmırsan, ağzuva su almısan?!

-Qədeş, bəlkə polisə zəng əliyek, gəlsün maygülini aparsun?

-Gic-gic danışma, ala, nə polis, biz suka-zadıq, özümüz ağzın cırarıq...

Sonra yenidən gül oğrusuna tərəf dönür...

-Biz də cavan olmuşuq, biz də oğurluq ələmişik. Amma “dostoynı” ələmişik. Biz “Xəyal” Fikrətin evini aparmışıq, srokumuzu də yatmışıq. Oğurluq srokdur, adam sroka gedəndə də, bilər nöşün gedir...

-...

-Sənləyəm, ala, səbət deşiyindən gilas tökülmür...

O, nəhayət qərara alır, kişi kimi hər şeyi danışır...

-Sabah 8 martdır. Mənim də evdə qoca anam, balaca qızım (arvadının adını qəsdən çəkmir) var. Amma qızılgül almağa pulum çatmır...

Sakitcə cibindən xırda pulları gombulun qabağına tökür... Ortaya bir anlıq, qara pullr kimi qaranlıq bir sükut cökür...

Gombul cavan satıcılara tərəf dönür:

-Ala, gülü maygüliyə qaytarun, mamasına “podarka” aparsun... Buraxun getsün, mamasını tebrik etsün... Maygüli, sən də xırda pullarıvı götür, yolda qızıva şirni alarsan...

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR