Tarixə dönən və gorbagor olmuş kəlmələr...

img

08-11-2023 [10:07]


Əli Cabbarov

(ƏZİZ ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ)

***

Dünya düzəninə öz imzasını qoymuş elə hadisələr vardır ki, onlar bir tarixi dövrün sona çatması və bunun ardınca yeni bir dövrə başlanılması ilə özünü yaddaşlarda yaşadır. 

Əgər uzaq keçmişdəki mühüm hadisələri bir anlığa unutmuş olsaq, II Dünya müharibəsindən sonrakı dövrdən başlayaraq SSRİ-nin süqutu ilə Soyuq müharibənin bitməsi, sonrasında Amerikanın təkqütblü dünyada özündən uydurduğu düşmənlə mübarizəsi, eləcə də dünyanın işgüzar mərkəzinin Qərbdən Çinə doğru yerdəyişməsi ilə qlobal enerji, kommunikasiya və loğistika xətlərinin də yeni marşrutlar üzərinə çıxması ötən 70 il ərzində müharibələrdən yorğun düşmüş qoca dünyanın qət elədiyi məsafənin bir hissəsidr. 

Ötən əsrin 90-ci illərindən etibarən isə dünyada “.com” erasına başlanılmaqla paralel olaraq sivilizasiyalararası konfliktlərin də yeni konturlara keçməsi ilə əslində, tarixi nisbətən daha irəliyə dayanan yeni konfliktlərə də qaynar yağ töküldü. İki yüz il ərizində qonşu torpaqları hesabına dövlət qurmaq istəyən ermənilər çoxdan gözlədikləri fürsəti göydə qapıb yenidən öz cinayət əməllərinə geri döndülər: erməni faşizmi Cənubi-Qafqazda yenidən baş qaldırdı!

Bu gün artıq ötuz ildən çox davam etmiş Qarabağın erməni işğalının tamamilə tarixə gömüldüyü, Azərbaycanın öz dövlət suverenliyini tam şəkildə təmin edərək Xankəndində Qələbə paradı keçirdiyi bir zamanda ötən bu dövrdən yaddaşlarımıza iz salmış bəzi kəlmələri bir daha xatırlatmaq bəlkə də yerinə düşərdi. Təkcə ona görə yox ki, bu ifadələrin bəziləri bizi heç zaman dost olaraq görmək istəməyən erməni toplumunun əsl xislətini əsla unutmamaq və unutdurmamaq üçün yaddaşımızda yaşamalıdır. Bu həm də ona görə lazımdır ki, gələcək nəsillər bəlkə də yüz illər sonra, Yer üzündə həyatın tamamən başqa bir üslubda və texnoloji zəmində olacağı bir dövrdə də oxuyub bilsinlər ki, insanlar nə qədər müharibələrdən yorulub, əbədi sülh və sevgi arayışında olsalar da, mütləq hardasa gizlənmiş bir şeytan vardır ki, onun fitvası ilə bu gözəl dünyamız yenidən qaranlığa bürünə, günahsız insanların qanı axıdıla bilər. 

Hələ 35 il əvvəl, Xankəndində Azərbaycanın pulu, nefti, qazı, çörəyi, suyu ilə yağ-bal içində yaşayan haylar “miatsum” quruldaşmaları ilə küçəyə axışdıqları vaxt o zamankı gənclik bəlkə də ilk dəfə olaraq “separatizm” kəlməsi ilə tanış oldu. Etimologiyası da əsasən, fransızca mənşəli olan bu kəlmənin   elə  indinin özündəki kimi, şorbasının Parisdə bişirilib, çömçəsinin də Berlindən uzadıldığı “erməni separatizmi” timsalında sonradan Gürcüstan, Moldova, Ukraynaya da sıçrayıb hər yeri qana bulaması bəlkə də təsadüfi deyildi. Bununla da, 1988-ci ildə Xankəndidə, bax bu meydana doluşmuş meymun sürüsünün beynini zəhərləmiş bədnam “Ayastan” xülyası sonrakı illərdə daha dəhşətli bir apokalipsisin — “erməni terrorizmi”nin qanlı simtomları kimi bütün hayları yoluxduran bir pandemiya kimi dünyanın başına bəla olacaqdı.  

Doğrudur, hazırda Qarabağda basdırılmış minaların partlaması ilə davam edən erməni terrorizmi hələ tam görbagor olmasa da, daha əvvəlki illərdə erməni işğalı ilə leksikonumuza daxil olan onlarla sayda   kəlmələr oldu ki, bu   gün onların bəziləri yada düşdükcə ürəklər dağlanır, göz yaşları sel olur, yaxud da   ermənilərin yuxusunu qaçırdan Dəmir yumruqlar düyünlənir. Amansızlığı və qəddarlığı ilə bənzəri olmamış Xocalı soyqırımı, onun qurbanlarını lentə almış Milli Qəhrəman Çingiz Mustafayevin qulaqlardan getməyən həmin o, “Allah!” kəlmələri heç bir azərbaycanlı tərəfindən heç zaman unudulmayacaq. Dərələyəzin, Kəlbəcərin qarlı dağ aşırımlarında don vurub qaralmış çılpaq  ayaqlarını daha ata bilməyib anasının ardınca “Ana!” hıçqırtısı ilə gözlərini yuman balaca qızcığazların bu son kəlməsi isə sonralar çığ kimi böyüyərək Qarabağ fatehlərimizin ürəyndəki qisas alovuna dönəcəkdi. 

Ancaq bütün belə unuda bilməyəcəklərimiz kəlmələrlə yanaşı, 1994-cü ildən 2020-ci ilin 27 sentyabrına qədərki dövrdə o qədər yaddaşımızı məşğul edib, sonradan “status-kvo” kimi cəhənnəmə getmiş kəlmələr də vardı ki, onlar da sözün əsl mənasında bu günkü erməni revanşistlərinin və onların havadarlarının bir növ vizit kartı idilər. Otuz il ərzində guya münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışan,  əslində isə bir turizm firmasının işindən artığını görə bilməyən “ATƏT-in Minsk qrupu”, onların iştirakı ilə keçirilən qoşunların təmas xətti boyunca keçirilən “monitorinqlər”  və bu təmas xəttinin arxasında milyonlarla dollara başa gəlmiş mifik “Ohanyan səddi” də bu gün artıq göndərilmiş yerlərindədir. 

Gözəl Qarabağ, mədəniyyət Paytaxtımız Şuşa özünün füsunkar cazibəsi ilə buraya  səfər  edən  hər bir kəsi  məftun  edib. Ancaq otuz il əvvəlki Qarabağdan fərqli olaraq bu gün erməni işğalından  geriyə  qalanlar 1945-ci il Xirosimasından heç də fərqlənmir. Dünyanın  ən  məzlum və ən əzabkeş xalqı cildində siyasətçilərin gözünə girib Xocalıda, Meşəlidə,  Ağdabanda soyqırım törədən, sonradan isə   ədalət məhkəməsində timsah göz yaşları  tökən  ermənilər işğal altında  saxladıqları  torpaqlarda daşı-daş  üstə  qoymayaraq,  əslində təkcə sürünənlərin deyil, gəmiricilər dəstəsinin də unikal bir biotəsnifat  nümunəsi oldğuqlarını bütün  dünyaya  sübut etdilər.  Nəticədə, işğaldan sonra Qarabağa  səyahət  edən istər  yerli,  istərsə də  əcnəbi turistlər,  eləcə də   diplomatlar, səfirlər və dövlət başçıları üçün dünyanın heç  bir yerində  analoqu  olmayan bir “Qaranlıq turizmi” destinasiyası  miras qalıb.  

Nə qədər acı,  nə qədər  təəssüfverici olsa da bu  kəlmə  hələ onillərlə  bizimlə  bərabər qalacaq  və bütün  dünya  erməniliyinin  üzünə tərs şapalaq  kimi dəyəcəkdir.  Elə buna görə də Qarabağın dağıdılmış yaşayış məskənlərinin, məscidlərinin, evlərin sökülüb  satılmış divar daşlarının boş qalmış yerlərinin, susuzluqdan yanıb kül olmuş  meyvə bağlarının, kəsilmiş çinarlarının, quruyub  yox olmuş çaylarının, ayaq  altında  tapdalanıb  əzilmiş otların və  çiçəklərinin  son  halı bu  dünyada  erməni vandalizmini ifşa edə bilmək üçün ən tutarlı kəlmələr olacaqdır. 

Dünya biləcək ki, torpaqlarımıza uydurma adlar yapışdırıb, təpəgözə oxşayan heykəllər quran  ermənilər, özlərinin də gələcəyinə inanmadığı  və varlığını da  heç zaman  tanımadığı  bədnam “Artsax” adlı bir  oyuncaq dövlət qurub, mərkəzini də çoxdan görbagor olmuş daşnak terrorçu “Stepan”ın adı ilə kertləşdirmişdilər. Və bütün bunlarin  hamısı qəhrəman Azərbaycan  əsgərinin  cəmisi bir günlük antiterror  əməliyyatı ilə cəhənnəmə  vasil olduğunda  isə  hayların bütün  dünyanın  başını  ağrıdıb, Aralıq  dənizindən Xəzərə  qədər xəyal  etdikləri nəhəng  “hayastan”  xəritəsi də  elə cinayətkar xunta başçısının   stolunun  üstündəcə  gorbagor oldu. 

Elə,   görünür,  bunu  bir “nəhayət”  kimi görüb  özləri üçün də bayram edən Qərbli   havadarlar  isə erməni baş nazirini avroparlamentdə ayaq üstə  alqışlamaqla, əslində,  bütün erməniləri də ələ  salırdılar. 

Bu  gün  artıq Azərbaycan  ərazisində erməni separatizminin kökü tamamilə  kəsilmiş,  keçmişi ləkəli hay  töküntüləri “erməni millət deyil”, — deyə-deyə rədd  olub getmişlər. Ermənilərin doğurdan da millət  olmadığı isə onların döyüş  meydanında uduzanda dinc  əhaliyə divan tutması,   öz  məğlubiyyətinin səbəbini sülhməramlıda axtarması və bütün imkanlar tükənəndə  on illər boyu sığındıqları  ağalarını   satması ilə bir  daha sübut  olundu. Bizim üçün isə tam qalibiyyətlə başa  çatan İkinci Qarabağ müharibəsindən  sonra ikiyüz illik sərsəm erməni iddialarının birdəfəlik yox  edilməsindən  geriyə qalanlarsa Vətən sevgisi ilə dastana dönən minlərlə Şəhidlərimizin əziz  xatirəsi və Dövlət başçımızın hər bir Azərbaycanlının dilində əbədi yaşayacaq “Qarabağ Azərbaycadır!”  kəlməsi olacaq. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR