QHT AGENTLİYİNƏ ETİRAZLAR ARTIR: "...bizi buna görə  cəzalandırırlar" - Təşkilat rəhbərləri narazılıq edirlər (Rəsmi reaksiya/Yenilənib)

img

26-05-2023 [16:01]


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu gün açıqladığı kiçik qrant müsabiqəsi böyük etirazlara səbəb olub.

Mia.az xəbər verir ki, Agentliyin qərarına bır sıra nüfuzlu QHT rəhbərləri etiraz səslərini ucaldıblar.

Onların arasında Cəsarət Hüseynzadə, Samir Adıgözəlli, Mətanət Əsgərqızı, Ruslan Xəlil, Mətant Ağamirli və sair tanınmış şəxslər QHT rəhbərləri də var.

İSBAM sədri Samir Adıgözəlli Prezident Administrasiyasının qarşısındakı fotosunu paylaşaraq belə mesaj verib: "30 ildən artıq ölkəyə, vətənə xidmətin qiymətləndirilməsi müqabilində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Mərkəzimizə qarşı qərarı böyük ədalətsizlikdir. Ölkə rəhbərliyindən səsimizə səs vermələrini istəyirik".

QHT.AZ saytının rəhbəri C.Hüseynzadə bildirib ki, Agentliyin Müşahidə Şurasının bəzi üzvlərinin ətrafındakı QHT-ləri araşdırmalıdır: "Ətrafına dəstək olan Agentlik bizə lazım deyil".

Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova isə C.Hüsyenzadəniin bu statusuna dərhal reaksiya verib: "Dostum, şəxsən mənim nə özüm, nə də ətrafım agentliyə müraciət etmir. Qaldı ətrafa QHT sektoru bir biri ilə ətraf yaradır. Axı bu sahədə hamı bir birini tanıyır".

Jurnalist Mətanət Ağamirli isə ironik şəkildə yazıb ki, "İlk dəfədir belə halla rastlaşırsınız?"

QHT sədri Səbinə Kərimova isə həmkarlarını etiraza səsləyib: "Bəlkə Prezident Aparatına gedək?"

Jurnalist və QHT rəhbəri Ruslan Xəlil isə belə etiraz edib: "...amma bu müsabiqə ilə bağlı bəzi məqamlara toxunmasaq, olmaz. QHT Agentliyi onun fəaliyyətindən narazılıq edən, tənqidləri açıq şəkildə dilə gətirən, ilboyu göndərdikləri tezisləri sosial şəbəkədə paylaşmayan QHT-ləri "cəzalandırmaq" xəttini tutub. Dövlətin təşkilatına, agentliyinə rəhbərlik edən məmur şəxsi maraqlarını, qisasçılıq hisslərini fəaliyyətində prioritet kimi götürürsə, deməli, onu o vəzifəyə rəva görənlər, təklif edənlər böyük yanlışlığa yol veriblər.

Açığı əvvəlki rəhbərliyin dövründə heç vaxt belə hal baş verməmişdi. Öncəki rəhbərlik tənqidlərə daha dözümlü idi və qisasçılıq siyasəti aparmırdı.

Onsuz da, qrant müsabiqəsində qalib gəlməyənlər o qədər də məyus deyillər. Qrant məbləğinin azlığı təklif olunan layihənin keyfiyyətli icrası üçün yetərli olmurdu. Üstəlik lüzumsuz tələblər, saysız hesabat sənədləri, bürokratik əngəllər, cərimələr QHT rəhbərlərini lap ruhdan salmışdı".

Azər Həsrət də baş verənlərə biganə qalmayıb: "QHT-lərə Dövlət Dəstəyi Agentliyi sektora bağlı qurumlara qrant ayrılması haqqında qərarını elan edib. Böyük siyahıdır və hiss olunur ki, Agentlik mümkün qədər çox QHT-ni əhatə etməyə çalışıb. Amma baxırıq ki, bir sıra QHT-lər məbləğin azlığından şikayət edir. Açığı, şikayət edənlərin çoxunun həm layihələri, həm də qurumları ilə yaxından tanış olmadığım üçün nə qədər haqlı olub-olmadıqlarını deyə bilmərəm. Amma bir gerçək də var ki, ölkədə yetərincə tanınan, real işlər görən, qrant almasa belə fəaliyyəti daim göz önündə olan QHT-lər var. Məncə, onlara daha böyük məbləğdə maliyyə ayırmağın vaxtı çatıb. Hətta olduqca peşəkar QHT-lər var ki, onları fərqli kateqoriyaya aid edib maliyyələşməsinin fərqli yollarını da düşünmək olar. Bununla belə hesab edirəm ki, ümumilikdə Agentliyin daha çox QHT-ni əhatə etməyə çalışması da başadüşüləndir. Yeri gəlmişkən, nəticələr necə olsa da narazılar tapılacaq və etiraz edəcəklər. Bunu da diqqətə alaq məncə.

Ayrıca qeyd edim ki, şəxsən mən QHT rəhbəri deyiləm, qrant üçün müraciət etməmişəm və belə bir ehtimal da yoxdur. Hələ 2018-ci ildə QHT Şurasının başçılıq etdiyim quruma qeyri-obyektiv yanaşmasını əsas tutaraq ümumiyyətlə sektordan uzaqlaşmışam. Geri dönəcəyəmmi? Kim bilir?".

Mia.az bu yerdə onu da xatırladır ki, QHT Agentliyinin aparatında qruplaşmalar yaradıldığı haqda xəbərlər var. Hətta bəzi QHT rəhbərləri iddia edir ki,az əvvəl orada daxili yoxlama aparılıb. Bu zaman Agentliyin icraçı direktoru Aygün Əliyeva bir neçə nəfəri ititham edərək, ərizələrini yazmağı tələb edib. Bu isə digər qrupu ayağa qaldırıb...

Bu və ya məqamlarla bağlı araşdırmalarımız davam edəcək.

Təəssüf ki, Agentlikdə mətbuat katibi olmadığından məsələyə münasibət öyrənmək mümkün olmayıb.

***

QHT Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli Feysbuk-da etirazlara belə ümumiləşdirilmi.. cavab  yazıb: 

"Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrinin nəticələri müzakirə olunur. Əlbətdə istənilən müsabiqənin nəticələrindən narazı qalanların olması təbidir. Tənqidlər, müzakirələr də təbidir. Təbii olmayan, haqsız ittihamlar, qərəzli tənqiddir. Layihə təkliflərinin ekspert qiymətləndirməsi aparılıb, daha sonra Müşahidə Şurası bunu əsas götürək qalibləri müəyyən edib. Müşahidə Şurası obyektiv mövqe tutub, hər bir qərarın əsaslandırılması var, heç bir qərar subyektiv rəyə söykənmir. Hər bir qərarda ekspert dəyərləndirilməsini, təşkilatın fəaliyyəti, təcrübəsi, layihənin xüsusiyyətlərini, dövlətin prioritetləri nəzərə alınıb. Müşahidə Şurası üzvləri çox məsuliyyətlə yanaşıb, məsuliyyətinin fərqindədir. Əsas iradlar qrant məbləği ilə bağlıdır. Maliyyə resursları imkan verdiyi həddə, layihə xüsusiyyətləri nəzərə alınmaqla maliyyə nəzərdə tutulub. Əlbətdə layihə müəlliflərinin öz layihələrinə fərqli baxışı ola bilər, amma bir ekspert yanaşması da var. Hər bir donorun da yanaşması var. Bir çox hallarda qalib layihələrin maliyyə tutumu barədə QHT-lərin baxışı ilə donorun yanaşması üst-üstə düşmür. Donor bir çox xüsusiyyətləri nəzərə almalıdır, çalışılır ki, QHT-nin də maraqları təmin olunsun, amma rasionallığı qorumaq şərti ilə. Rasional və ədalətli yanaşma hər birimiz üçün əsas olmalıdır, öz səhvlərimizi də görməyi bacarmalıyıq. Layihə təkliflərinin keyfiyyəti, icrası səviyyəsi də iddialara adekvat olmalıdır. Amma çox hallarda bu belə deyil təəssüf. Agentliyə iradlar da subyektiv olmamalıdır, xoş niyyəti əks etdirməlidir. Bunun əksi subyektiv yanaşma kimi dəyərləndirilməlidir. Heç bir qiymətləndirmə ideal deyil, lakin nöqsanlar varsa da, onlara münasibət obyektiv olmalıdır".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR