MİRŞAHİNİ SÖYƏNLƏRƏ XİTAB (“Mətbuat hekayələri” silsiləsindən)

img

24-05-2023 [16:29]


Qalib ARİF

***

Son zamanlar sosial şəbəkələrdə jurnalist Mirşahin Ağayevi təhqir edənlər, yerli-yersiz söyənlər baş alıb gedir. Və bir həmkar kimi bu, məni xeyli narahat edir. Əvvəla, arada bir qələmdaşlıq yaxınlığı var, biz gərək bir-birimizin “ətini yesək də, sümüyünü atmayaq”.

Sonra, söyənlərin çoxu anonim statuslar arxasında gizlənir, ağlına, hətta ağzına gələni deyir, heç bir sərhəd-filan gözləmir. Əcəba, bizim həmkarın günahı nədir, yəni bu təhqirlər, söyüşlər qədərdir? Bəlkə paxıllıq edirlər, bəlkə fitvaya gedirlər?! Heç kim də bu məsələləri araşdırmaq, mahiyyətinə varmaq istəmir. Axı, ölkəmizdə, elə bizim mətbuat sahəsində söyüləsi adamlar o qədərdir...

Düşünürəm ki, Mirşahin Ağayev bizim mətbuatda bir sifəti, bir siyasi mövqeyi olan adamlardan biridir. Bəziləri kimi, hər küləyin istiqamətinə fırlanmır, siyasi mövqeyini ayaqlar altına atmır. 30 il bundan əvvəl də Heydər Əliev siyasətinə xidmət edirdi, indi də Heydər Əliyev siyasətinə xidmət edir. Pisdir, yaxşıdır, amma belədir. Opponentlərim deyə bilər ki, Heydər Əliyev siyasəti hakimiyyətdədir. Bəli, amma Ağayevin mərhum Elçibəylə də münasibətləri yaxşı olub. Elçibəy hakimiyyətdən gedəndən sonra onun haqqında bir kəlmə də artıq-əskik danışmayıb, hər halda, mən eşitməmişəm. Amma bizim mətbuatda məlum “üç badam, bir qoz” (oxu: "3 erkək, 1 dişi") yazarlar var ki, 20-30 il bundan əvvəl Heydər Əliyev haqqında hər cür şər, böhtan, hətta söyüş yazırdılar, indi siyasi mənsubiyyətlərini danıblar, birlikdə “sabun növbəsinə” dayanıblar. Əgər, söyüş həvəskarları ürəklərini boşaltmaq istəyirlərsə, meydan onlarındır – bunlar söyüləsi adamlardır. 

Mirşahini təhqir etmək istəyənər bir qayda olaraq, Cəlal Əliyevin məlum söyüşlərinə istinad edirlər. Vallah mat qalmışam, mərhum akademikin o qədər ağıllı sözü vardı ki, bunlar niyə bir axmaq sözünə istinad edirlər? Məsələn akademik deyirdi ki, sovet təhsil sistemini dağıtmayın, Elmlər Akademiyasını qoruyun. Nə oldu, niyə qorumadız, niyə dağıtdız, indi bir söyüşün quyruğundan yapışmısız. Yeri gəlmişkən, bu söyüş məsələsi də qurama bir işdir. Deməli, 2000-lərdə ANS-in yaxşı dövründə Mirşahin “Hesabat” adlı aylıq jurnal buraxırdı. Həmin jurnalda korrupsiaçı məmurların, o cümlədən Cəlal Əliyevin adını çəkir, sonra da Viktor Hüqodan bir misal gətirir. Bu misalı mən də tez-tez işlədirəm: “Rüşvətlə evində xanımına, qızına alt paltarı alan adam evində fahişə saxlayır. Çünkü o pullarda bir çox kişinin əməyi vardır”. Mən şəxsən inanmıram ki, Cəlal Əliyev Mirşahinin verilişinə baxsın, ya "Hesabat"ını oxusun, amma çatdıranlar elə çatdırdılar ki,.. Akademik də yumdu gözünü, açdı ağzını, lap indi Mirşahini söyənlər kimi...

Sözümün canı odur ki, mərhum arademik kimi olmayaq, yersiz söyüş söyüb yersiz günaha batmayaq. Əksinə, Viktor Hüqodan o vaxt bu cür bir misal gətirmək cəsarətində olan jurnalistə hörmət edək. Təbii ki, Mirşahin də qüsursuz deyil, zəmanəmizə və millətimizə xas olan bütün qüsurları özündə daşıyır. Bizim hamımız kimi... Amma Mirşahin talantlı-istedadlı mütəxəssisdir, Azərbaycanın 1-2 peşəkar telejurnalistindən biridir, canlı məktəbdir. Düşünürəm ki, ANS telekanalı Azərbaycan tarixində "Əkinçi" qəzeti, "Molla Nəsrəddin" jurnalı qədər möhtəşəm hadisədir. Bizim müasir musiqimizdə Fikrət Əmirov varsa, ədəbiyyatımızda Ramiz Rövşən varsa, telejurnalistikamızda da Mirşahin Ağayev var və olacaq. Belə adamların qədrini sağlığında bilmək və qorumaq lazımdır... 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR