Vüqar Rəhimzadə: "Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən növbəti addımı dövlət suverenliyimizin təsdiqidir"

img

25-04-2023 [16:54]


"Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən artıq müddət keçməsinə baxmayaraq, işğalçı dövlət sənəddən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi barədə düşünmür. İndiyədək Azərbaycan ən yüksək tribunalardan dönə-dönə bəyan edib ki, Qarabağda hələ də qanunsuz erməni hərbi dəstələri və kriminal ünsürlər qalmaqdadır. Bu problemin həll edilməməsində əsas günahkar olan Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın tələblərini kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. 2022-ci ildə Praqa və Soçidə keçirilən görüşlərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Üçtərəfli Bəyanatın imzalanmasından ötən müddətdə Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolundan Ermənistan tərəfinin genişmiqyaslı sui-istifadə hallarına diqqəti yönəldir. Bu cür sui-istifadə halları sırasında Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin nəzarətində olan hissəsinə silah və sursatın daşınması, terrorçuların bölgəyə keçidi, təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınması qeyd edilir. Laçın yolu vasitəsilə daşınan minalar sonradan Azərbaycanın suveren ərazilərində basdırılaraq ağır fəsadlara gətirib çıxarır. Məhz bu səbəblərə görə Azərbaycan dünyada ərazisi mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 2020-ci ilin noyabr ayından bu günədək 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan qanunsuz məqsədlər üçün sui-istifadəni davam etdirməsi, təhlükəsizliyə ciddi maneələrin yaranması Azərbaycan hökumətinin Azərbaycan-Ermənistan sərhədində - Laçın-Xankəndi yolunun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirməsini bir zərurətə çevirdi. Bu baxımdan aprelin 23-ü çağdaş tariximizə əlamətdar günlərdən biri kimi daxil oldu. Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suverenliyinin növbəti təsdiqi kimi dəyərləndirilir. Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə ermənilərin törətdikləri hərbi təxribatlarla bağlı Azərbaycanın sərt bəyanatlarına laqeyd yanaşılmasına, hətta bir qədər də irəli gedərək sülhməramlı missiyanın mahiyyətini dərk etmədən işğalçının qanunsuz əməllərinə dəstək verməsinə ölkəmiz ədalətə və beynəlxalq hüquqa əsaslanan addımı ilə cavab verdi".

Bu fikirləri Mia.az-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

O bildirib edib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında da bu məqam xüsusi qeyd edilir ki, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcək. Sərhəd təhlükəsizliyinin təmin edilməsi, hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycanın bu ərazilərində milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Üçtərəfli Bəyanat üzrə öhdəliklərə uyğun olaraq Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın tarixi Zəfərini həzm edə bilməyən, bu səbəbdən də möhtəşəm Qələbəmizin yaratdığı reallıqları, ölkəmizin təklif etdiyi sülh müqaviləsinin mahiyyətini özlərinə sərf edən şəkildə təhlil edən bəzi dünya gücləri belə əsassız fikirlər irəli sürürdülər ki, guya Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. İstər bu mühüm addım, istərsə də dövlət başçısı İlham Əliyevin bu günlərdə Salyan şəhərində Azərbycan Televiziyasına müsahibəsində Ermənistana və ona havadarlıq edən dövlətlərə sərt mesajları belə düşüncə sahiblərinin planlarını alt-üst etdi. Ölkə Prezidenti bildirdi ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağı cinayətkarlardan və qeyri-qanuni silahlı birləşmələrdən təmizləməklə yanaşı, burada yaşayan erməniləri uzun illərin girovluğundan xilas edəcək. Atılan bu mühüm addım Azərbaycanın suveren hüququdur. Əslinə qalanda Ermənistan hakimiyyətinin və onlara havadarlıq edən dövlətlərin beynəlxalq hüquqa əsaslanan bu mühüm addımın ətrafında yaratdıqları ajiotaj gözlənilən idi. Reallıq budur ki, onların qanunsuz əməllərinin məhdudlaşdırılması əsassız bəyanatlarına yol açır ki, bu da Azərbaycanın ünvanına ötən illər ərzində səsləndirilən qeyri-ciddi, absurd, heç bir mahiyyət kəsb etməyən fikirlərdən biridir. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Ermənistana havadarlıq edən Fransa yenə də əsassız təbliğatı ilə gündəmdədir. Belə ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr sərsəm bəyanatında əlində heç bir əsaslı fakt olmadan Azərbaycanı üçtərəfli razılaşmanın tələblərini pozmaqda, hansısa beynəlxalq sənədə və məhkəmə qərarına zidd addım atmaqda ittiham edir. Təbii ki, Fransa kimi dünyaya “ədalət və beynəlxalq hüquq dərsi” keçməyə cəhd edən dünya gücü əməldə də bu dəyərləri qorusaydı belə sərsəm təbliğatından əl çəkər, dünyada etimad mühitinin yaradılmasına töhfələr verib sözün əsl mənasında Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasının vacib amil olduğunu əməldə təsdiqləyərdi. Real olan budur ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın bölgədə sülh, sabitlik və əməkdaşlıq mühiti yaratmaq istəyinin təcəssümüdür. Yaxşı olardı ki, Fransa Ermənistanın iki ildən artıq dövrdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozmasına münasibət bildirsin, ədalət və beynəlxalq hüquq prinsiplərini bilərəkdən pozmasın.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə qənaətinə gəlib ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” tezisi zaman-zaman atılan addımlarda öz təsdiqini tapır.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR