Partiya sədri: ""Ölkədə 4-5 partiya qalsa, yetər" fikri ilə qətiyyən razı deyiləm" - MÜSAHİBƏ

img

25-04-2023 [11:02]


"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra ölkədə 16-dan çox partiya fəaliyyətii dayandırıb.

Mia.az xəbər verir ki, ötən gün Qulamhüseyn Əlibəylinin sədri olduğu Aydınlar Partiyası da fəaliyyətinə xitam verdi.

Proses göstərir ki, yeni qanunda "5000 nəfərlik üzv" tələbi bir çox partiyaları belə qərara sürükləyir.

Bu və ya digər məqamlaarla bağlı Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynovla söhbətləşdik.

O, Mia.az-a açıqlamasında yeni qanunun tələbləri iləı bağlı gərəkli addımlar atdıqlarını söyləyib:

- Bəli, əksər partiyalar kimi biz də yenidən təşkilatlanırıq. 2023-cü ili özümüz üçün yenidən təşkilatlanma, partiya quruculuğu ili elan etmişik. Yeri gəlmişkən, Milli Həmrəylik Partiyası olaraq biz də "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmələrdə iştirak edib təkliflərimizi vermişik. Sözügedən dinləmələrdə həm parlamentdə təmsil olunan, həm də təmsilçiliyi olmayan siyasi partiyaların nümayəndələrinin iştirak etməsi müasir Azərbaycanın siyasi tarixində ilk hadisədir. İdeoloji xəttindən asılı olmayaraq ölkənin bütün siyasi qüvvələrinin parlamentdə bir araya gələrək, siyasi plüralizm şəraitində tam bərabərhüquqlu subyektlər kimi qanun layihəsini müzakirə etmələri təqdirəlayiq haldır. Bu, yeni siyasi konfiqurasiyanın formalaşmasının və Prezident İlham Əliyevin siyasi iradəsi ilə davam etdirilən köklü islahatların nəticəsində ortaya çıxmış yeni reallıqdır. 

"Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi təbii ki, ölkənin siyasi mühitində yeni reallıqlar yaradıb və mövcud partiyalar da artıq bu yeni reallıqlara adaptə olmalı, yeni qanunun tələblərinin icrası istiqamətində gərəkən addımları atmalıdırlar. İndi öz potensialına və tərəfdarlarının dəstəyinə güvənən partiyaların hər biri üçün yeni dövr başlayır. Əvvəlki qanun partiyaların yalnız siyasi subyekt kimi formal mövcudluğuna xidmət edirdi. Bəzi partiyalar sadəcə olaraq yalnız sədrdən və onun bir neçə yaxın qohumundan, dostundan ibarət olurdu. Köhnə qanun bu cür subyektiv halların qarşısını ala bilmirdi və partiyaları aktiv olmağa təhrik edə bilmirdi. Ancaq yeni qanundakı mexanizmlər və qaydalar isə qohum-qardaşdan ibarət üç-beş nəfərlik “partiya”ların mövcudluq praktikasını aradan qaldırır və partiyaları ciddi strukturlaşmaya, geniş təşkilatlanmaya yönləndirir.

Yeni qanunun qüvvəyə minməsindən sonra partiyalar arasında siyasi cəhətdən aktiv olan hər bir vətəndaşı öz sıralarına cəlb etmək uğrunda sözün əsl mənasında ciddi yarış başlayıb. Çünki "Siyasi partiyalar haqqında" yeni qanunun tələbinə uyğun olaraq hər bir partiyanın dövlət qeydiyyatına alınması üçün azı 5000 nəfər üzvünün olması vacibdir. Biz də hazırda tələb olunan üzv sayı ilə baglı fəaliyyətimizi davam etdiririk. Açığını deyim ki, bizim say baxımından heç bir narahatlığımız, sıxıntımız yoxdur. Çünki Milli Həmrəylik Partiyası (keçmiş DADP) vaxtilə ölkənin ən çoxsaylı üzvləri olan partiyalardan biri kimi tanınıb. Biz indi həm veteran üzvlərimizin reyestr məlumatlarının toplanması ilə məşğul olur, həm də partiyamızın sıralarına yeni üzvlərin cəlb olunması istiqamətində iş aparırıq. Bu məqsədlə ölkəmizin müxtəlif şəhər və bölgələrinə səfərlərimiz olur. İndi əsas məsələ üzvlərimizin reyestr məlumatlarının toplanılıb sistemləşdirilməsi və müvafiq dövlət qurumuna təqdim edilməsidir. Biz bu prosesi yaxın həftələrdə uğurla başa çatdıracağıq. 

- Gələcəkdə hansısa partiya ilə birləşmək planı varmı?

- Xeyr, hazırda belə bir planımız yoxdur. Gələcəkdə isə hansısa partiya ilə birləşmək planının ortaya çıxıb-çıxmayacağı barədə necə deyərlər, öncədən münəccimlik etmək və yaxud, proqnoz vermək istəmirəm. Təkliflər olarsa, dəyərləndirərik. Ancaq hazırkı mərhələdə isə biz hələlik heç bir partiya ilə birləşmək təşəbbüsü ilə çıxış etməmişik və həmçinin heç bir partiyadan da bizə birləşmək barədə hər hansı təklif daxil olmayıb. 

Ümumən onu deyə bilərəm ki, ideoloji platforması oxşar olan siyasi qüvvələrin bir araya gəlməsi və böyük güc halında, yeni siyasi alyans kimi fəaliyyət göstərməsi çox normaldır. Bunda qeyri-adi heç nə yoxdur. Biz bu prosesə siyasi yetkinliyə malik olan cəmiyyət kimi yanaşmalı və “görəsən, bu partiyalar niyə birləşir” sualı üzərində baş sındırmamalıyıq. Bu prosesin pərdəarxasında heç bir konspirologiya-flan axtarmaq da lazım deyil. Çünki dünya təcrübəsində də bu kimi nümunələr çoxdur. Partiyaların birləşməsi və ya ayrılması məsələsi çoxpartiyalı sistemlərin mövcud olduğu ölkələrdə zaman-zaman rast gəlinən bir praktikadır, ənənədir. Xüsusən də Qərb ölkələrindəki partiyalarının timsalında “siyasi qardaşlaşma”nın çoxlu nümunələrinə rast gələ bilərik.

- Ümumiyyətlə, ölkənin gələcək siyasi həyatını necə görürsünüz? Bəziləri deyir ki, ölkədə 4-5 partiya qalsa, yetər. Siz bununla razısınızmı?

- Az öncə də qeyd etdiyim kimi, "Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi hazırda fəaliyyətdə olan partiyalar üçün yeni siyasi reallıqlar, yeni imkanlar yaradır. Biz Milli Həmrəylik Partiyası olaraq bu qanunu müsbət dəyərləndiririk. Gözləntilərimiz də pozitiv yöndədir. Bəzi siyasi opponentlərimizdən fərqli  olaraq, ölkəmizin gələcək siyasi həyatını nikbin qiymətləndiririk və yeni qanunun mövcud siyasi partiyalar üçün faydalı olacağını düşünürük. Siyasi partiyalar bundan sonra həm kəmiyyət, həm də keyfiyyət prinsiplərini daim diqqət mərkəzində saxlamalı olacaqlar. Onlar 3-5 nəfərlik siyasi klub səviyyəsinə düşməmək üçün bir yandan öz partiya üzvlərinin sayı məsələsi ilə mütəmadi maraqlanacaq, digər tərəfdən isə siyasi platformalarının, ideoloji proqramlarının, sosial-siyasi tələblərinin, çağırış və şüarlarının cəlbediciliyini artırmaq istiqamətində səylərini genişləndirəcəklər. 

Qeyd etdiyim bu və digər məqamlar partiyaların rəqabətə davamlılığını, peşəkarlığını, mübarizə qabiliyyətini də stimullaşdıracaq. Partiyaların ciddi şəkildə institutlaşmasını müşahidə edəcəyik. Ümid edirəm bundan sonra ölkədə peşəkar siyasi fəaliyyətlə məşğul olmaq sözün yaxşı mənasında dəbə, trendə çevriləcək. Xüsusən də gənclərimiz üçün öz siyasi ambisiyalarını realizə etmək imkanları artacaq.

Mən “ölkədə 4-5 partiya qalsa, yetər” fikrini səsləndirənlərin bu mövqeyinə hörmətlə yanaşıram, ancaq bu fikirlə qətiyyən razı deyiləm. Partiyaların çoxluğundan qorxmaq və ya narahat olmaq lazım deyil. Çoxpartiyalılıq cəmiyyətimiz üçün nəinki lazımdır, hətta vazkeçilməzdir. Biz təkpartiyalı sistemin naqis cəhətlərini zatən keçmiş SSRİ-nin təcrübəsindən yaxşı bilirik. Sovet dövləti məhz birpartiyalı sistemin tiraniyasının ucbatından, siyasi plüralizmin və demokratiyanın mövcud olmaması üzündən dağıldı, tarixə qovuşdu. 

Bu gün Azərbaycanda hansısa partiyalar fəaliyyətini dayandırır, özünü buraxırsa, biz buna da normal yanaşmalıyıq. Bu da onların hüququdur. Ancaq bu o demək deyil ki, 59 partiyanın əksəriyyəti fəaliyyətinə xitam verəcək və yaxud da ki, digər partiyalara birləşəcək. Biz partiyaların sayının çoxluğuna mənfi hal kimi baxmamalıyıq. Bu gün dünyanın əksər ölkələrində çoxlu sayda siyasi partiya fəaliyyət göstərir. 

Bəzən sosial şəbəkələrdə hətta “çoxpartiyalılıq yaxşı şeydirsə, niyə ABŞ-da, Almaniyada, İngiltərədə yoxdur” tipli absurd yanaşmalara da rast gəlirik. Ancaq belələri bilmir ki, ABŞ-da mövcud olan siyasi partiyalar təkcə Respublikaçılardan və Demokratlardan ibarət deyil. Hazırda Birləşmiş Ştatlarda adlarını çəkdiyim aparıcı partiyalardan başqa ümummilli miqyasda və ya ştatlar çərçivəsində bir çox iri və ya regional partiyalar fəaliyyət göstərir. Onların arasında proqressiv demokratlar da, liberallar da, liberterianlar da, neokonservatorlar da, yeni demokratlar da var. Ümumən, ABŞ-da 40-a yaxın siyasi partiya fəaliyyətdədir. 

Eləcə də Almaniyada da bir çox partiyalar siyasi maraqlar uğrunda mübarizə aparır. Bu ölkədə hazırda 42 partiya mövcuddur və onların da 6-sı bundestaqda (alman parlamentində) təmsil olunur. Eyni sözü İngiltərə haqqında da demək mümkündür. Böyük Britaniya ikipartiyalı sistemə əsaslansa da, ancaq bütövlükdə isə Böyük Britaniya və Şimali İrlandiyada qeydiyyatdan keçmiş 400-dən çox iri və xırda partiyalar fəaliyyət göstərir. Qonşu Gürcüstanda rəsmi qeydiyyatdan keçmiş 263 siyasi partiya var, onlardan 80-i xüsusilə fəaldır. Qardaş Türkiyədə isə dövlət qeydiyyatı olan partiyaların sayı 100-dən çoxdur. Onlardan 26-sı mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə qatılacaq. 

Bu faktları misal gətirməkdə məqsədim odur ki, çoxpartiyalılığın cəmiyyət üçün, ölkə üçün zərərli amil olmadığını hər kəsin diqqətinə çatdırım. Partiyaların sayı hər nə qədər çox olsa da, ancaq təcrübə göstərir ki, onlar ümummilli məsələlərdə bir araya gəlməyi bacarırlar. 44 günlük Vətən müharibəsi dönəmində 50 siyasi partiyanın Ordumuza və Ali Baş Komandanımıza yekdilliklə dəstək nümayiş etdirməsi sözün əsl mənasında milli birliyimizin və həmrəyliyimizin təntənəsi idi.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR