Təmas xəttindəki son toqquşma və ya Ermənistanın puça çıxan ümidi

img

12-04-2023 [23:56]


Elxan ŞAHİNOĞLU

***

Təmas xəttindəki son toqquşma Ermənistanın Avropa İttifaqına olan ümidlərini puça çıxardıb. 

Baş nazir Nikol Paşinyan və onun nazirləri Avopa İttifaqının bir neçə yüz nəfərlik missiyasını iki illiyinə təmas xəttində ona görə yerləşdirdi ki, onlara arxalanaraq sərhədi öz bildikləri kimi formalaşdıracaqlarını və Azərbaycana qarşı təxribat etdikdə əks-zərbəylə üzləşməyəcəklərini zənn edirlər. Yəni, İrəvan hesab edirdi ki, Azərbaycan Avropa missiyasının bölgədə varlığını nəzərə alaraq, Ermənistanın təxribatına cavab verməyəcək. Yanıldılar. 

Avropa İttifaqının təmas xəttindəki missiyasının simvolik xarakter daşıdığı son toqquşma zamanı üzə çıxdı. Avropa İttifaqı prosesləri kənardan izləməyə üstünlük verməklə nə Ermənistanın təxribatlarında pay sahibi olmaq, nə də Azərbaycanla üz-üzə qalmaq istədi. Doğru qərardır. 

İrəvan Avropa İtifaqının missiyasının Brüssel üçün hazırladığı hesabatdan xəbərsizdir. Ermənistanda missiya ilə bağlı başqa bir mövzu da gündəmi zəbt edib. Ermənilər ondan şübhəlidirlər ki, missiyanın Brüsselə göndərdiyi hesabatlar daha sonra tanışlıq məqsədilə Azərbaycana təqdim edilir. 

Ermənistan müxalifəti bu qənaətə gəlib ki, Avropa İttifaqı missiyasının təmas xəttindən hazırladığı hesabatlar daha sonra Bakıya ötürülürsə, bu Azərbaycanın Ermənistanla bağlı məxfi məlumatlarla tanış olması anlamına gəlir. Elə bu məqamda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova təmas xəttindəki son toqquşma ilə bağlı İrəvana bu səpgili mesaj göndərib: “Avropa İttifaqı missiyasını bölgədə yerləşdirəndə sonu belə olmalıydı...”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR