Ərdoğan-Kılıçdaroğlu dueli: Akşənərin planı nədir?

img

07-03-2023 [19:30]


Turan Rzayev,

Politoloq 

***

“Altılı masa” CHP sədri Kamal Kılıçdaroğlunu vahid namizəd seçdi. Prinsip etibarilə onun vahid namizəd olacağı bəlli idi. 

CHP sədrinin vahid namizəd seçilməsi İYİ Partiyasının sədri Maral Akşənərin “Altılı masa”ya qayıtması ilə əlaqələndirilsə də, bu, düzgün yanaşma deyil. 
Akşənər olsun, ya da olmasın müxalifətin vahid namizədi yenə də Kılıçdaroğlu olacaqdı. Çünki “Altılı masa"nı təşkil edən partiyalar (CHP, Demokratik Partiya, Səadət Partiyası, DEVA Partiyası, İYİ Partiyası və Gələcək Partiyası) içərisində həm elektorart, həm də parlamentdə təmsilçi sayına görə ən güclü partiya CHP-dir. 

Bunu təsdiqləyən bir digər fakt isə “Altılı masa”nın ehtimal namizədləri arasında Ankara bələdiyyə sədri Mənsur Yavaş və İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu adının hallanması idi. Hər iki şəxs də CHP-çidir. Yəni, bütün hallarda “Altılı masa"nın namizədi CHP-dən olacaqdı. Kılıçdaroğlu isə özünda başqa heç bir CHP-nin namizəd olmasına izin verməzdi.

Akşenerin siyasi şousu və məqsədi 

Akşənərin öncə CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizədliyini dəstəkləməkdən imtina edib “Altılı masa”nı tərk etməsi, daha sonra 2 bələdiyyə sədrinin (Ankara bələdiyyə sədri Mənsur Yavaş və İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu) vitse-prezident olması şərti ilə yenidən “Altılı masa”ya qayıtması siyasi şoudur.

Akşənər kifayət qədər ağıllı və uzaqgörən siyasətçidir. O, yaxşı bilir ki, hazırda əsas hədəf Rəcəb Tayyib Ərdoğanın məğlub edilməsidir. Bunu isə İYİ Partiya təkbaşına bacara bilməz. 

Kamal Kılıçdaroğlunun “Altılı masa”nın vahid namizədi olması Akşənərin də maraqlarına uyğundur. Kılıçdaroğlu Ərdoğanla müqayisədə daha asan rəqibdir və gələcəkdə onun hakimiyyətdən uzaqlaşdırılması bu qədər çətin olmayacaq. 

İYİ Partiya rəhbərinin Mənsur Yavaş və Əkrəm İmamoğlunun vitse-prezident olması şərtilə yenidən “Altılı masa”ya qayıtması isə açıqca güc nümayişidir. Yəni sən tək deyilsən və mənə ehtiyacın var.

Seçkilərin ehtimal nəticəsi

CHP sədri Kamal Kılıçdaroğlunu “Altılı masa”nın vahid namizədi seçilməsi 14 mayda keçiriləcək prezident seçkilərinin nəticəsini dəyişməyəcək. “Cümhur İttifaqı”nın prezidentliyə namizədi hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən qələbə qazanacaq. 

Ərdoğanın Kılıçdaroğluna məğlub olacağı ehtimalı zəifdir:

Birincisi, “Altılı masa”nın vahid namizəd seçimi “Cümhur İttifaqı”na nəzərən çox gec və qalmaqallı oldu. Bu isə xalq nəzdində heç də müsbət reputasiya yaratmır. “Cümhur İttifaqı” isə namizədini çox öncədən açıqlayaraq bu məsələdə 1-0 önə keçməyi bacardı.

İkincisi, “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlu seçkilərdə qalib gəlsə belə, hökumətin qurulması çox sancılı bir proses olacaq. Böyük ehtimal ilə koalisiya hökuməti qurulacaq. Türkiyə ictimaiyyətinin isə koalisiya hökumətləri ilə bağlı heç də xoş xatirələri yoxdur. 

Üçüncüsü, Türkiyədə baş verən ardıcıl dəhşətli fəlakət ciddi tələfata və iqtisadi zərərlərə səbəb olub. Kılıçdaroğlu qalib gələcəyi təqdirdə hökumətin qurulması vəzifələrinin bölgüsü kimi məsələlər daha çox diqqət mərkəzində olacağından təbii fəlakətin fəsadlarının aradan qaldırılması prosesinə etinasız yanaşa bilər. 

Rəcəb Tayyib Ərdoğan isə artıq iqtidarı müddətində bir çox təbii fəlakətlərin şahidi olub və AKP hökuməti bu fəlakətlərin aradan qaldırılmasında kifayət qədər təcrübəyə sahibdir. 

Nəticə etibarilə 14 mayda keçiriləcək prezident seçkilərinin qalibi böyük ehtimal ilə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan olacaq. Seçkinin ikinci tura qalması və Ərdoğanın 55% üstü səs toplaması mümkündür.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR