Rəsmi Bakı: "İran tərəfinə etibarımız yoxdur" - Xələf Xələfov Təbrizdəki konsulluğumuzun təhlükəsizliyi barədə Tehrana mesaj verdi

img

29-01-2023 [22:45]


"Yanvarın 27-də təqribən saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum terror aktı törədilib".

Mia.az xəbər verir ki, bu sözləri jurnalistlərə Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, səfirliyimizə hücum qəbuledilməzdir: "Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır. Bu hadisə baş verəndən sonra biz ilk öncə İran İslam Respublikasının səfirini nazirliyə dəvət etmişik. Hadisə ilə bağlı əlimizdə olan ilkin məlumatlar əsasında Azərbaycan dövlətinin mövqeyini və tələblərini İranın ölkəmizdəki səfirliyinin nəzərinə çatdırmışıq. Əsas tələbimiz ondan ibarətdir ki, İran məsuliyyət daşıyan dövlət kimi beynəlxalq öhdəlikləri çərçivəsində terror aktını hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə tədqiq etməlidir. Hər hansı ölkədə diplomatik fəaliyyəti dayandırmaq məsuliyyətli qərardır. Amma səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İran tərəfinə ümidimiz, etibarımız yoxdur. Biz bunu İran tərəfinin də diqqətinə çatdırmışıq. Nə üçün bunu deyirik?! Çünki dəfələrlə İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var”.

Nazir müavini deyib ki, Azərbaycan İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırıb: "Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər. Əlbəttə Təbrizdə Baş konsulluğumuz var, bu qərar konsulluğun qərarına şamil olunmur”.

X.Xələfovun sözlərinə görə, Təbrizdəki Baş konsulluğumuzun mühafizəsi, orda çalışan insanların təhlükəsizliyinin təmin olunması bütövlükdə İran dövlətinin, İran hakimiyyətinin üzərinə düşür: "Ümid edirik ki, baş vermiş terror aktından müvafiq nəticə çıxaran İran dövləti bundan sonra belə hallara yol verməz. Səfirlik işçilərini qəbul edən hər bir dövlət öz öhdəliklərinə sadiq olmalıdır. Öz öhdəlikləri çərçivəsində müvafiq tədbirləri görməlidir.

Bizim bir çox vətəndaşlarımızın İranda olduğunu, səfər etdiklərini nəzərə alaraq, onların hər hansı məsələləri, sualları olarsa, diplomatik missiyadan yardımlara ehtiyacları olarsa, onlar bizim Təbrizdəki Baş konsulluğa müraciət edə bilərlər".

Zülfiyyə,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR